“Almeyda ab-havasını dəyişməli, “Qarabağ”a yeni nəfəs lazım idi”

“Almeyda ab-havasını dəyişməli, “Qarabağ”a yeni nəfəs lazım idi”
MÜSAHİBƏ 10 İyul 2018 / 15:25 6643
-  A +

Futbol mütəxəssisi Arif Əsədov Qol.az-a müsahibəsində klublarımızın yeni mövsüm avrokubok mübarizəsindən və Rusiyada keçirilən dünya çempionatından danışıb.

- Klublarımızdan ilk olaraq “Qarabağ” avrokuboklarda mübarizəyə başlayır.  Təmsilçimiz sabah Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşacaq. “Qarabağ”ı ilk mərhələnin favoriti hesab etmək olar?

- Təbii ki, “Qarabağ” favorit sayılmalıdır. Ancaq indi asan rəqib yoxdur. “Olimpiya” Sloveniyanı təmsil edir. Bu ölkənin təmsilçiləri adətən 1-ci mərhələni keçirlər. Düzdür, asan olmayacaq, ancaq “Qarabağ”ın mərhələni keçəcəyini düşünürəm. “Qarabağ”ın heyətində müəyyən dəyişikliklər olub. Burada çətinlik ola bilər. Ancaq biz bunun şahidi olmuşuq ki, “Qarabağ” mərhələ keçdikcə öz oyununu tapır.

- “Qarabağ” hələ ki, hücumçu transfer etməyib. Bu amil komandanın oyununa təsir edə bilər?

- Baş məşqçi Qurban Qurbanov komandanı formalaşdırmağı yaxşı bilir. Yəqin hesab edir ki, bir hücumçu ilə bu mərhələni keçmək olar. Məncə, mərhələni keçdikdən sonra hücumçu transfer etməyi düşünürlər. Yəqin ki, Qurbanov bu gün bu komandaya güvənir.

- Almeyda, Ndlovu, Pedro kimi futbolçuların yoxluğu Çempionlar Liqasında “Qarabağ”a çətinlik yarada bilər?

- Gedənlərin yerini başqa futbolçular dolduracaqlar. Əvəzedilməz futbolçu yoxdur. Bilirik ki, Almeyda uzun illər “Qarabağ”a xidmət edib. Ancaq artıq onun da ab-havasını dəyişmək vaxtı çatmışdı. “Qarabağ” üçün də yeni bir nəfəs lazım idi. Bəli, ilk oyunda qeyd etdiyiniz futbolçuların olmaması öz mənfi təsirini göstərə bilər. Çünki o komanda çox yaxşı formalaşmışdı. Ancaq yeni oyunçular komandaya uyğunlaşandan sonra “Qarabağ”ın adət etdiyimiz oyununu görəcəyik.
Artıq “Qarabağ”ın məşqçilər korpusu bilir ki, komandaya necə futbolçu dəvət etmək lazımdır. Yəqin ki, bu istiqamətdə transferlər olunub.

- Çempionlar Liqasının format dəyişikliyi “Qarabağ”ın ötənilki uğuru təkrarlamağına mane ola bilər?

- “Qarabağ” bizi uğura öyrəşdirib. Ancaq qeyd etdiyiniz dəyişikliyə görə “Qarabağ” çətinlik çəkə bilər. Bununla belə, komandanın ən azı 2-3 mərhələ keçəcəyini gözləyirəm.

- “Neftçi” Avroliqanın ilk təsnifat mərhələsində Macarıstan təmsilçisi “Uypeşt”lə qarşılaşacaq. Bu oyundan və ümumiyyətlə, “Neftçi”dən bu mövsüm nə gözləyirsiniz?

- “Neftçi”də baş məşqçi dəyişikliyi oldu. Komandanın yoxlama oyunlarının nəticəsi göstərir ki, istəkli kollektiv var. Yeni futbolçular alınıb. Komandanın iddiası artıb. Məncə, “Neftçi” bu mərhələni keçməyə qadirdir. Hiss olunur ki, komandada ruh yüksəkliyi var.

- “Qəbələ”də də baş məqşçi və heyət dəyişikliyi oldu.  Komanda Avroliqada  ilk oyununu Lüksemburqun “Proqres” klubuna qarşı keçirəcək. Bu təmsilçimizin də ilk mərhələni keçməyə borclu olduğunu düşünürsünüz?

- Bəli, “Qəbələ”nin rəqibi elədir ki, təmsilçimiz bu mərhələni keməyə qadirdir və borcludur. “Qəbələ” əvvəlki illərdə də Avroliqada yaxşı oynayıb. Ona görə də “Proqres”in “Qəbələ”yə uyğun rəqib olduğunu fikirləşirəm. Təbii ki, “Qəbələ”də də müəyyən çətinliklər olacaq. Yeni baş məşqçi, yeni heyət var. Əsas odur ki, ilk mərhələdə nəticə qazansınlar. Burada gözəl oyundan çox nəticəni düşünmək lazımdır.

- “Keşlə” avrokubok təmisilçilərimiz arasında transfer işlərində ən passiv olanıdır. Yuri Maksimovun komandasının Avroliqa mübarizəsi haqda nə düşünürsünüz?

- “Keşlə” az transfer etsə də, bu komandanın oturuşmuş heyəti var. Biz bunu Premyer Liqanın ötən mövsümündə gördük. “Keşlə” bu üstünlüyü ilə “Neftçi” və “Qəbələ”dən fərqlənə bilər. Buna görə rahat oynaya bilərlər. “Keşlə” də rəqibini keçməyə borcludur. Rəqibə ciddi yanaşmağı da yaddan çıxarmamalıdırlar.

- Bir qədər də dünya çempionatı haqda danışaq. Mundialın hazırkı mənzərəsi sizi də təəccübləndirir?

- Görünür, dünya çempionatında da ənənə dəyişib. Biz çempionluğa namizəd yeni adlar görürük. Maraqlı bir çempionat izləyirik. Yarımfinala çıxan 4 komanda haqda onu deyə bilərəm ki, onlar daha yaxşı oynayıb ki, bura qədər gəlib çıxıb.

- Sizcə, əvvəl favorit hesab olunan komandaların mübarizəni dayandırmaları nə ilə bağlıdır?

- Artıq bəzi hegemon komandalarda nəsil dəyişikliyi baş verir. Bunun təsiri var. İndi daha çox komanda oyunu ilə irəli getmək olur. Daha istəkli kollektivi olan millilər yaxşı təsir bağışlayır, nəinki 2-3 ulduz futbolçuya bel bağlayan komanda. İndi ulduz futbolçular oyunun taleyini həll etmir.

- Yəqin ki, sizin də favoritiniz mundialla vidalaşıb.

- Bəli, favoritim Braziliya idi.

- Bu gün yarımfinalda Fransa – Belçika, sabah isə Xorvatiya – İngiltərə oyunu keçiriləcək. Bu komandalardan hansının çempionluq şansını yüksək qiymətləndirirsiniz?

- Düşünürəm ki, Fransa çempion olacaq. Həm gənc və geniş heyəti var, həm də yetişən ulduzlara sahibdir. Bu çempionluq fransızların bir neçə yarışda uğurlu çıxış etməsinə səbəb ola bilər. Çünki heyət əsasən gənclərdən ibarətdir.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər