"Ronaldo məşqçi işinə daha çox qarışır, nəinki Messi" - Rəşad Sadıqov

"Ronaldo məşqçi işinə daha çox qarışır, nəinki Messi" - Rəşad Sadıqov
MÜSAHİBƏ 17 İyun 2018 / 18:56 7693
-  A +

Azərbaycanın U-21 millisinin baş məşqçisi, “Qarabağ”ın hazırkı, milli komandamızın sabiq kapitanı Rəşad Sadıqov Rusiyada keçirilən DÇ-2018-lə bağlı Qol.az saytının suallarını cavablandırıb

- Dünya çempionatının ilk matçları səndə necə təəssürat yaradıb?
 
- İlk oyunlardan onu deyə bilərəm ki, dünya çempionatı düşündüyüm kimi başlamayıb. Oyunlar onların keyfiyyəti, sürəti, intensivliyi baxımından hələ ki, gözlədiyim kimi keçmir. Ola bilsin, birinci oyunlardır deyə komandalarda həyəcan var.

- Çempionatda xüsusi izlədiyin komanda və futbolçu varmı? Varsa hansılardır?

- Xüsusi izlədiyim komanda deyəndə ki... Bəzi komandaların oyunlarını yaxından izləyirəm. Argentina və Messinin uğurlu çıxış etməsini istəyirəm. Fanatik dərəcədə olmasa da, yaxşı çıxış etməsini istədiyim bəzi komandalar var.

- Ronaldo – Messi rəqabəti bu çempionatda da müzakirə olunur. Ronaldo barədə sual: onun ispanlarla ilk oyunda het-trik etməsi sənin üçün nə dərəcədə gözlənilməz oldu? Vurduğu qolları bəyəndinmi?

- Ronaldo – Messi rəqabəti haqda çox danışmaq olar. Bu, bir az geniş mövzudur. Ronaldonun son dövrlərdə oyun üslubunun dəyişməsi, uğurlu çıxışı çox adamın gözündən qaça bilər. Bu futbolçunu diqqətlə izləyirəm. Yaşının artmasına baxmayaraq, oyun üslubunu dəyişdiyi üçün uğur əldə edir. Əvvəlki kimi driblinq və pressinq etmir. İndi daha çox son zərbələrə fikir verir, cərimə meydançasında olmağa, cərimə zərbələri yerinə yetirməyə çalışır. Görünür, artıq əvvəlki dinamik Ronaldo deyil. Bunun hesabına müdrik oyun oynayır və hər zaman lazım olan məqamda lazımı yerdə olur. İspaniyaya 3 qol vurmasında təəccüblü heç nə yoxdur. 90 dəqiqə ərzində çox ağıllı və keyfiyyətli oynadı. Bu da uğur qazanmasına gətirib çıxardı. Messi – Ronaldo rəqabəti haqda danışsaq, argentinalı rəqibinə uduzmağa başlayıb. Çox vaxt Messi irəlidə olub. Hətta “Qızıl top”u Ronaldo qazandığı vaxtlarda belə Leo əla formada olub. Sadəcə, son dönəmlərdə Messi daha da həssaslaşıb. Uğursuz çıxışdan sonra millidən imtina etməsi, son vaxtlar verdiyi açıqlamalar da göstərir ki, tənqidlər ona daha pis təsir edir və bu da çıxışına təsir edir. Ronaldo isə inamlı şəkildə tənqidlərin üzərinə gedir, özünə güvənir. Messi nə qədər desə də ki, Ronaldonun son illər uğur qazanmasına fikir vermirəm, nəticə verməyəndə özünə daha çox qapanır və meydançadakı hərəkətlərində inamsızlıq hiss olunur. Ancaq bu rəqabət yenə də maraqlıdır, dünya futbolu bundan qazanır. Bizlər də azarkeş qismində izlədikdə oyunlardan qazanırıq.

- Messi dünən İslandiya ilə görüşə penaltini vura bilmədi, komandası xal itirdi. Bundan sonra tənqid olunmağa başlayıb.

- Messi milli komandada böyük təzyiq altında oynayır. Bu, açıq-aşkar sezilir. Xüsusilə ötən mundialın finalında məğlub olduqdan sonra milli karyerasını başa vurması və yenidən geri qayıtması da bunu göstərir. Dünya kubokunu Argentinaya qazandırmağı çox istəyir. Bu istək də ona həmişə mane olur. Məsələn, əvvəlki açıqlamalarında da bildirib ki, həmişə ispan oyunçularla dünya kubokunu qaldırmağın necə hislər olduğu barədə danışır. Bu söhbətləri çox etməsi də onu göstərir ki, Messi təzyiq altındadır. O fikirləri beynindən atıb oyuna, komandaya xeyir verməyə köklənsə, düşünürəm ki, kuboku qazana bilərlər. Amma mütləq kuboku qazanmalıyıq fikri ilə meydana çıxanda görürsən ki, bu, sonda onlara mane olur. Pixoloji təzyiq altına düşürlər. Bu zaman məşqçinin üzərinə düşən işdir ki, təzyiqi azaltsın. Bunun nə dərəcədə alınıb-alınmayacağını zaman göstərəcək.

- Messinin komanda daxilində taktiki məsələlərə, məşqçi işinə qarışması haqda iddialar var. Bu tənqidləri haqlı sayırsanmı?

- Mən buna inanmıram. Həmişə belə futbolçular ətrafında bu cür söhbətlər olur. Bəlkə də Ronaldo məşqçi işinə daha çox qarışır, nəinki Messi. Biz son Avropa çempionatının finalında da bunun şahidi olduq ki, Ronaldo zədə aldıqdan sonra belə, komanda yoldaşlarına taktiki göstərişlər verdi. Ronaldoda bu keyfiyyətlər daha qabarıq şəkildə görünür. Amma nədənsə, həmişə Messinin adı hallanır. Belə şeyləri Messidən heç meydançada da görmürük. Heç vaxt komanda yoldaşları zəif oynayanda, səhv edəndə onun nəsə göstəriş verdiyinin şahidi olmamışam. Ola bilər ki, məşqçi özü onunla məsləhətləşir. Yaxud mətbuatda oxuyuruq ki, Messinin hansısa futbolçu ilə konflikti var, ona görə həmin futbolçu yığmaya çağırılmır. Baş məşqçi Messi ilə məsləhətləşib qərar verir. Bu, başqa məsələdir. O ki qaldı Messinin kimisə milliyə çağırmayın deməsinə, mən buna da inanmıram.

- Azərbaycan millisi niyə DÇ-2018-də yoxdur və nə vaxt bizim azarkeşlər millimizi belə futbol bayramında görəcəklər?

- Çox istərdik, dünya çempionatında olaq. Bilirsiniz ki, seçmə mərhələnin əvvəlində belə bir şans yaranmışdı. Hətta 3 oyundan sonra 7 xal yığdıqdan sonra ümidlənmişdik. Amma sonradan təəssüflər olsun ki, ardını gətirə bilmədik. Buna zaman lazımdır. Qarşımızdakı rəqiblər futbolda 80-100 illik tarixi olan ölkələrdir. Bəli, İslandiya və bu kimi bəzi nümunələr var ki, böyük tarixləri olmasa da, dünya çempionatında iştirak edirlər. Biz də tezliklə millimizi Avropa və dünya çempionatı kimi turnirlərdə görmək istərdik. Hamımız bunu istəyirik. İnşallah, inanıram ki, yaxın gələcəkdə bizim azarkeşlər də dünya və Avropa çempionatlarında öz millimizə azarkeşlik edəcək. Dünya çempionatında oynaya bilməməyimizin səbəbi isə odur ki, bu gün biz qarşımızdakı rəqiblərdən daha zəifik. Onlar güclü olduqları üçün ordadırlar. Biz isə yox.

Daha çox


Son xəbərlər