Sissoko: «Kişi kimi söz verirəm, «Xəzər Lənkəran»la oyunda…»

Sissoko: «Kişi kimi söz verirəm, «Xəzər Lənkəran»la oyunda…»
ÖLKƏ FUTBOLU 14 May 2010 / 20:24 2976
-  A +

«Biz «Xəzər Lənkəran»la sabahkı oyuna ciddi hazırlaşmışıq. Düzdür, çempionluq şansımız azdır, amma yarışlarda birinci yeri tutmaq istəyirik». Bu sözləri Qol.Az-ın müxbirilə söhbətində «Bakı»nın seneqallı qapıçısı Halidu Sissoko deyib. «Çempion olmaq istəyiriksə, mütləq sabahkı oyunda qələbə qazanmalıyıq. Biz yalnız bundan sonra digər oyunların nəticəsini gözləyəcəyik. Bizi ilk növbədə öz oyunumuz maraqlandırır. «Xəzər Lənkəran»ı udsaq, ən pis halda üçüncü yeri tutacağıq ki, bunun özü də medaldır. Düzdür, qızıl qədər dəyəri olmasa da, hər halda medal qazanmaq xoşdur» - deyə o vurğulayıb.
«Bakı»nın «Xəzər Lənkəran»ın çempion olması üçün bu komandaya bilərəkdən xal verəcəyi haqda dolaşan söhbətlərə toxunan Sissoko bu haqda xəbərlərin onlara da çatdığını bildirib: «Amma hamımız peşəkar futbolçularıq, ona görə də deyilənləri yaxına buraxmırıq. Biz meydana çıxıb öz oyunumuzu oynayıb qələbə qazanmağa çalışacağıq».
«Xəzər Lənkəran»lı azarkeşlərlə problemi olan Sissoko sabah baş verə biləcək mümkün insidentə də toxunub: «Baş məşqçi mənə şans verəcəyi halda, kişi kimi söz verirəm ki, onlarla heç bir problemim olmayacaq və təxribata getməyəcəyəm. Qeyd etmək istəyirəm ki, buna qədər olan insidentlərdə təkcə mənim deyil, lənkəranlı azarkeşlərin də təqsiri olub. Amma bu dəfə eyni hallar təkrarlanmayacaq».
Xatırladaq ki, Unibank Premyer Liqasının sonuncu turunun «Xəzər Lənkəran» - «Bakı» oyunu sabah saat 17.15-də başlayacaq.

Daha çox


Son xəbərlər