"Qalmağımı istəməsəydilər, yeni müqavilə təklif etməzdilər" – Denis Silva

"Qalmağımı istəməsəydilər, yeni müqavilə təklif etməzdilər" – Denis Silva
ÖLKƏ FUTBOLU 11 İyun 2018 / 16:59 3955
-  A +

“Keşlə”nin müdafiəçisi Denis Silva Kruz Qol.az-a müsahibə verib. Paytaxt klubu ilə müqaviləsi başa çatan braziliyalı futbolçu həm gələcək karyerasından, həm də yaxınlaşmaqda olan dünya çempionatından danışıb.

- Kifayət qədər gərgin və ağır mövsüm keçirdiniz. Hazırda isə istirahətdəsiniz. Yorğunluğu çıxara bilirsiniz?

- Həqiqətən çox ağır mövsüm oldu. Həm fiziki, həm də psixoloji baxımdan yorğunluq var. Kubokun finalından sonra istirahətə yollandıq. Bundan maksimum yararlanmalıyam ki, həm beynim, həm də bədənim dincəlsin.

- Gürcüstana getməyiniz də istirahətlə bağlı idi?

- Yox, Gürcüstana bəzi şəxsi problemləri həll etmək üçün getmişdik. Orada cəmi 2 gün qaldıq. İstirahət vaxtı adətən harasa getməyi yox, evdə qalmağı üstün tuturam. Çünki qızımın məktəbi var. Bakıda Britaniya kollecinə gedir. Ona görə də vaxtımı övladıma ayırmağa üstünlük verirəm.

- Mövsümün sonunda “Keşlə” ilə müqaviləniz başa çatdı. Karyeranızla bağlı qərar vermisiniz?

- Demək olar ki, hər şey bilinir. Klub mənə yeni müqavilə təklif edib. Hazırda da detalları müzakirə edirik.

- Hansı detalları: pul, müqavilə müddəti, yoxsa...?

- Hər şeyi birlikdə müzakirə edirik. Həm müqavilənin müddəti, həm də digər şəxsi məsələlər barədə danışırıq.

- Sizi növbəti mövsümdə də “Keşlə”də görə biləcəyik?

- Bəli. Artıq bütün məsələlər həllini tapmaq üzrədir. Çox güman ki, bu həftə hər şeyi yekunlaşdıracağıq.

- Yeni müqavilə barədə Yuri Maksimovla söhbətiniz olub?

- Yox, onun fikirlərini bilmirəm. Çünki final oyunundan sonra məzuniyyətə getdi, heç nə danışmadıq. Ancaq düşünürəm ki, o da komandada qalmağımı istəyir. Belə olmasaydı, yeni müqavilə təklif etməzdilər.

- Mövzunu bir qədər dəyişək. Qarşıda bizi dünya çempionatı kimi möhtəşəm bir turnir gözləyir. Aydın məsələdir ki, doğma ölkəniz olan Braziliya millisinə azarkeşlik edəcəksiniz. Yığmanızın mundialı qazanmaq şanslarını necə dəyərləndirirsiniz?

- Əlbəttə, Braziliya millisinə azarkleşlik edəcəyəm. Dünya kubokunu qazanmaq üçün əla şansları var. 2014-cü il dünya çempionatındakı Braziliya ilə indikini müqayisə etsək, deyərdim ki, hazırkı komanda mənə daha çox ümid verir.

- Braziliya millisi finala vəsiqə qazanarsa, həlledici oyunda rəqib kimi hansı komandanı görmək istərdiniz?

- Açığı, bu barədə dəqiq bir söz deyə bilmərəm. Dünya çempionatı hədiyyə qutusu kimi bir şeydir, içindən nə çıxacağı bilinmir. Hər şey gözləmək olar. Amma seçim imkanım olsaydı, Braziliyanın finalda Argentina ilə qarşılaşmağını istərdim.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı