Aslan Kərimov “Qarabağ”la 3-cu çempionluğunu qazanmaq istəyir

Aslan Kərimov “Qarabağ”la 3-cu çempionluğunu qazanmaq istəyir
XƏBƏR 13 May 2010 / 13:47 1588
-  A +

“Qarabağ”ın 14 il sonra yenidən çempionluq tituluna qovuşması üçün əla imkanı var. Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi Unibank Premyer Liqasının son turunda “Neftçi”ni məğlub edib, “Bakı”nın Lənkəranda “Xəzər Lənkəran”ı büdrəcəyinə ümid edəcək. Məhz bu arada “Qarabağ”ın əfsanəvi kapitanı Aslan Kərimov klubun saytına verdiyi açıqlamada bu komandayla 3-cü dəfə ölkə çempionu adını qazanamq istədiyini bildirib. “Təbii ki, hər bir uğur futbolçu üçün əzizdi. İl ərzində çəkdiyin zəhmətin qarşılığında sonda bəhrəsini görmək insana mənəvi rahatlıq verir. 3 həftə öncə heç kim bizə şans vermirdi. Amma o zaman Tahir bəylə (“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəli nəzərdə tutur –red.) görüşdə demişdim ki, geridə qalan 4 matçda maksimum nəticə üçün meydana çıxacağıq. Belədə nəticə də öz-özünə gələcək. İlk çempionluğumu 1993-cü ildə “Qarabağ”la qazanmışam. 17 il sonra növbəti çempionluğun bir addımlığında olmaq fərqli bir duyğudur. Düzdü, hər şey öz əlimizdə deyil. Amma liderin “Bakı”yla oynaması ümid qığılcımı yaradır. Çünki, “Bakı” hər zaman sona qədər döyüşən komandadır. Paytaxt klubunun potensialı imkan verir ki, Lənkərandan xal gətirsin. Çox maraqlıdır ki, son 2 mövsüm çempionluğun taleyini biz həll etmişik. Daha doğrusu dəyişmişik. İndi özümüz gözləmə mövqeyindəyik. Amma eyni zamanda öz oyunumuza motivasiya olmalıyıq. “Neftçi”nin legionerləri yola salması heç yerinə düşmədi. Arif Əsədovun (“Neftçi”nin baş məşqçisi) indi şans verəcəyi uşaqlar 2 qat əzmlə mübarizə aparacaq. Amma təbii ki, oyuna qələbə üçün çıxacağıq. Avrokuboklara vəsiqə qazanmışıq. Amma çempionluq futbol üçün əsas zirvə sayılır”.


Son xəbərlər