“Həmin oyun Kollina qarşısında son imtahanım idi” – Əliyar Ağayev

“Həmin oyun Kollina qarşısında son imtahanım idi” –  Əliyar Ağayev
MÜSAHİBƏ 30 May 2018 / 13:27 7267
-  A +

FİFA-nın birinci kateqoriyalı hakimlər qrupuna yüksələn Əliyar Ağayev Qol.az-a müsahibə verib. Təəssüratlarını bölüşən referi gələcək hədəflərindən də danışıb.

- Əvvəlcə sizi birinci kateqoriyaya yüksəlməyiniz münasibətilə təbrik edirik. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- UEFA-nın hakim və hakim-inspektorlar üçün xüsusi platforması var. Xəbəri internet üzərindən həmin platformadan oxudum. Çox sevindim. Axır ki, neçə ildir gözlədiyimiz hadisə baş verdi.

- Bəs, bu hadisə niyə bu qədər yubandı?

- Aldığım qiymətlərə uyğun olaraq, ötən il ora keçəcəyimi daha çox gözləyirdim. Qiymətlərim hamısı yaxşı idi. Sadəcə, UEFA Hakimlər Komitəsinin sədri demişdi ki, bir il də baxaq. Yəqin qismət belə imiş. Hər bir işdə xeyir var.

- Birinci kateqoriyaya keçməyiniz o deməkdir ki, artıq beynəlxalq arenada daha səviyyəli oyunlara təyinat alacaqsınız...

- Bəli, bununla daha səviyyəli oyunlarda idarəçilik edə biləcəyəm. Avropa Liqası və yığma səviyyəsində daha səviyyəli komandaların oyunlarına təyinat almaq olar. UEFA məni həmçinin Çempionlar Liqasının görüşlərinə də göndərə bilər. Dünya və Avropa çempionatının final mərhələləri üçün isə elit kateqoriyada olmaq lazımdır. Ancaq hələ orada olmaq da oyunlara təyinat almaq anlamına gəlmir. Çünki yalnız il ərzində yüksək səviyyədə idarəçilik edənlər dünya və Avropa çempionatlarına çağırılırlar.

- Bəs, özünüzü daha səviyyəli komandaların oyunlarını idarə etmək üçün hazır sayırsınızmı? Nəzərə alaq ki, həmin matçlarda təzyiq, gərginlik daha çox olur...

- Düşünürəm ki, həmin oyunlar üçün hazıram. Biri var ki, bu səviyyəyə birdən çatırsan, biri də var tədricən. İlbəil oyunların çətinlik dərəcəsi artır. Buna baxmayaraq, hesab edirəm ki, briqada şəkildə istənilən oyuna hazırıq.

- Yeni mövsümdən sizi dərhal avrokubokların iddialı oyunlarında görə biləcəyik, yoxsa UEFA bir müddət də gözləyəcək?

- Məncə, dərhal odun içinə atmazlar. Çünki bu kateqoriyada yeniyəm. Amma tədricən səviyyəli oyunlara cəlb edəcəklər.

- Bildiyimizə görə, FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın diqqətdə saxladığı hakimlərdənsiniz...

- UEFA Gənclər Liqasının yarımfinalının “Mançester Siti” – “Barselona” oyununda hakim-inspektorum məhz Pyerluici Kollina olub. Məncə, elə həmin matçda baxıb gördü ki, artıq məni birinci kateqoriyaya keçirtmək olar. Ona kimi yaxşı mənada qiymətlər yığılmışdı. Bu da son imtahan idi. Hesab edirəm ki, briqada şəklində imtahandan üzüağ çıxdıq, kateqoriyamızı dəyişdilər.

Ümumiyyətlə, Kollina ilə fərdi söhbətiniz olubmu?

- Yox, olmayıb. İndi strategiya dəyişib. Əvvəl İstedadlar qrupu var idi. İstedadlı hakimləri ora yığırdılar, onlara daha çox diqqət ayırırdılar. İndi isə sırf qiymətlərə baxırlar və komitə olaraq buna nəzarət edirlər. Bu gün Əliyara və yaxud bir başqasına fərqli münasibət ola bilməz. Kimin qiyməti yaxşıdırsa, istedadı var, nəzarətdə saxlayırlar.

- Yəqin ki, növbəti hədəfiniz elit kateqoriya olacaq...

- Əlbəttə. Əslində mən hakimliyə gələndə düşünməzdim ki, birinci kateqoriyaya kimi çıxacağam. Burda bir çox amillər – ölkənin futbol səviyyəsi, digər məsələlər var. 1-ci kateqoriyanı əlçatmaz hesab edirdim. Şükürlər olsun ki, bu kateqoriyaya yüksəldim. Amma açığı, hələ “elit”i fikirləşmirəm. Çünki ilk növbədə burda möhkəmlənməliyəm. Bundan sonra elit kateqoriya haqda düşünmək olar.


- Sizcə, azərbaycanlı hakimin elit kateqoriyaya yüksəlməsi üçün nə qədər vaxt lazımdır?

- Bizim kimi ölkələrin hakimləri üçün uzun müddət lazımdır. Amma böyük beşlik, çempionatı daha səviyyəli olan ölkələrin nümayəndələri 6 aya, 1 ilə kateqoriyanı dəyişə bilərlər. 7-8 ölkəni çıxmaq şərtilə digərləri üçün daha çətindir.

- Artıq bir neçə ildir ki, Avropada da oyunlar idarə edirsiniz. Hansı daha rahatdır: Azərbaycanda, yoxsa Avropada ədaləti qorumaq?

- Birmənalı şəkildə Avropada idarəçilik etmək daha rahatdır. Bunu hansı hakimdən soruşsanız, mənim dediklərimi təsdiqləuəcək. Burda mediadan tutmuş klubların münasibətinə kimi bir çox amil var. Tez-tez komandalarla görüşürük. Burada komandalar tərəfindən bəzi təzyiqlər, mediadan tənqidlər olur ki, bunlar da təsirsiz ötüşmür. Amma xaricdə elədir ki, oyunu idarə etdin, orda deyilənlər, yazılanlar gəlib sənə çatmır. O barədə Avropada oyun idarə etmək rahatdır.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər