Vaqif Cavadov: «Mən «Tvente»dən pul alıb ora ehtiyatda oturmağa getməmişəm»

Vaqif Cavadov: «Mən «Tvente»dən pul alıb ora ehtiyatda oturmağa getməmişəm»
MÜSAHİBƏ 12 May 2010 / 16:26 3779
-  A +

Azərbaycan milli komandasının və «Tvente» klubunun hucumçusu Vaqif Cavadov Qol.Az saytının oxucularının suallarını cavablandırıb.
V.Cavadovun cavablarını təqdim edirik.

 
Rahib:
1.Vaqif, sən «Tvente»nin heyətindəki digər hücumçulardan çox zəifsən ki, əsas heyətə düşə bilmirsən?
2.«Tvente»də növbəti mövsümdə qalmaq şanslarını necə qiymətləndirir?

Vaqif Cavadov:
1. Yəqin ki, bu oxucu zədəli olduğumdan xəbərsizdir. Çünki mən məhz elə zədəmə görə bu mövsüm əsas heyətdə oynaya bilmədim.
Digər komandalarda olduğu kimi, «Tvente»də də hücumçular arasında böyük rəqabət var. Liderlər sırasında qərarlaşan hər bir komandada belə rəqabət olur və bu, təbii qarşılanmalıdır. Məhz elə özümü bu rəqabətə hazır bildiyim üçün bu komandanı seçmişəm. İnşallah, zədəm tam sağalsın, hər şey öz yoluna düşəcək.
2. Mənim bu komanda ilə üç illik müqaviləm var. Müqaviləm başa çatana qədər burada qalmağı düşünürəm.

Soltan Bayramov (İngiltərə):
1. Salam Vaqif, salam Qol.Az. Vaqif komandanı çempion olması münasibətilə təbrik edirəm. «Tvente»nin Çempionlar liqasındakı matçlarında səni meydanda görə biləcəyikmi?
2. Səni bir də «Qarabağ»ın heyətində görmək mümkün olacaqmı?
V.C.:
1. İnşallah, oynayaram. Digərləri kimi mən də bu komandanın futbolçusuyam. Fikrimcə, hər şey özümdən asılıdır. 
2. Futbol həyatı elədir ki, müxtəlif vaxtlarda müxtəlif komandalarda oynayırsan. Ona görə də gələcəkdə hansı klubda olacağımı deyə bilmərəm. Komandamla 3 illik müqaviləm var. Bu vaxt ərzində «Tvente»dəyəm. Hər şey ola bilər. «Qarabağ» mənim doğma komandamdır və nə vaxsta bu kluba qayıda bilərəm.

Elnur Şərifli:
1. «Tvente»dən başqa səni daha hansı xarici klub transfer etmək istəyirdi?
2. Eşitdiyimə görə, özünə hələ də tərcüməçi tapa bilməmisən. Niyə görə özünə holland və türk dilini bilən tərcüməçi tutmursan? Axı Hollandiyada xeyli türk yaşayır.
V.C.:
1. Hesab edirəm ki, artıq bu klubların adını çəkmək düzgün olmaz. Bu məsələlərdən heç vaxt reklam kimi istifadə etməmişəm. Lakin düzü, çoxlu təkliflər var idi. İnşallah, hər şey yoluna düşər.
2. Komandada iki türk var ki, onlar hər zaman yanımdadırlar. Nə lazım olarsa, kömək edirlər. Bu cəhətdən hələ heç bir problemlə üzləşməmişəm. Bu məsələni həmin oxucumuz yəqin ki, tam dəqiqliyilə bilmir. Sadəcə, ingilis dilimi daha da yaxşılaşdırmaq məqsədilə müəllim tuturam.

Altay Ocaqverdiyev (Vyana şəhəri): İlqar Qurbanov əvvəlki formasını bərpa etdikdən sonra onun milli komandada oynamasını mənim kimi, digər azərkeşlər də istəyir. Onun milliyə qayıtmasına hansı maneə var? Milli komandada İlqarla yanaşı oynayanda hansı hisslər keçirirsən? Əgər onunla Berti Foqts arasında narazılıq varsa, sən bunu baş məşqçiyə müraciət etməklə həll edə bilərsənmi?
V.C.: Hər zaman istəmişəm ki, İlqar milli komandada oynasın. İndi də yaxşı formadadır. O, milli komandaya kömək edəcək formada və gücdə olan bir futbolçudur. Sadəcə, baş məşqçi ilə müəyyən narazılıqları olub. İnanmıram ki, baş məşqçi ilə hansısa narazılığa görə İlqar kimi səviyyəli oyunçu millidən kənar qalsın. Fikrimcə, bu narazılıq qısa bir zamanda aradan qalxacaq və Foqts onu bağışlayaraq milliyə çağıracaq. İlqar bu addımla yenə də özünün milliyə layiq olduğunu sübut edəcək. İstərdim ki, biz iki qardaş millidə bir yerdə oynayaq. Mən baş məşqçinin işinə qarışa bilmərəm. Çünki bu məşqçinin öz seçimidir. Əgər İlqarın bir səhvi varsa və bunu aradan qaldırarsa, çox yaxşı olar.

Səməd Səfərov, İngiltərə: Hollandiyaya getməklə futbola baxışın necə dəyişdi?
V.C.: Belə bazaları, şəraiti, azərkeş dəstəyini görəndə həqiqətən də futbola həvəs ikiqat artır. Ümidvaram ki, gələcəkdə Bakıda da belə stadionlar, bazalar olacaq. Doğrudan da, futbolun gözəlliyi yaxşı stadion və azərkeşlərdədir. Hər bir futbolçunun öz meydançasında, çoxsaylı azərkeş önündə matça çıxması böyük bir duyğudur. Bu amil futbolun inkişafına böyük təkan verir. Futbolumuza olan qayğı göz qabağındadır və gələcəkdə bu sahədə irəliləyişlərin olması gözləniləndir.

Eldar Allahverdiyev: Vaqifi 10 dəqiqəlik də olsa, Çempionlar Liqasının oyunlarında görə biləcəyikmi?
V.C.: Mən orda ehtiyatda oturmağa getməmişəm. Çalışıram ki, oyunumu daha da yaxşılaşdırım və komandanın əvəzedilməz futbolçusu olum. Çempionlar liqasına gəlincə, hələ ki, vaxt var, yaxşı hazırlaşaraq oynamağa çalışacağam. Yəqin oynamağımda heç bir problem olmaz.

Telman Məlikzadə: Vaqif, yeni komandanda qazandığın ilk nailiyyət münasibətilə səni təbrik edirəm. Sualım belədir: yəqin ki, Hollandiyada aşağı yaş qruplarına xüsusi diqqət yetirilir. Səncə, kiçikyaşlı futbolçularımızın bu ölkədə hazırlanması imkanı varmı?
V.C.: Təbrikə görə təşəkkür edirəm.
Bəli, klubumuzun nümayəndələri demək olar ki, hər bir ölkəyə səfər edərək, istedadlı uşaqları komandaya cəlb edərək, onları yetişdirirlər. Artıq Azərbaycana da maraq var. Mənə elə gəlir ki, gələcəkdə Azərbaycan futbolçuları xarici ölkələrdə də oynayacaq. Bunun üçün heç bir problem yoxdur. Hər bir futbolçu bunun üçün çalışmalıdır. Futbolumuzun inkişafı göz qabağındadır və istedadlı uşaqlar daha yüksək pillələri fəth etmək üçün var qüvələrilə çalışmalıdır.

Fərid Məmməd:
1. Vaqif, səncə, bir futbolçu kimi ən güclü və ən zəif cəhətlərin hansılardır?
2.«Qarabağ»ın əsas, yoxsa «Tvente»nin əvəzedici heyətində oynamaq yaxşıdır?

V.C.:
1.Heç vaxt öz oyunumdan danışmamışam. Buna görə də güclü cəhətilərimi deyə bilmərəm. Ən zəif xüsusiyətim odur ki, başla bir o qədər də güclü oynamıram. Məşq edərək daha da yaxşı olmağa çalışıram.
2. Hər iki klub ayrı-ayrı komandalardır. Mən «Tvente»nin əvəzedici heyətinə getməmişəm. Sadəcə, zədəmə görə, bu mövsüm əsas heyətdə oyna bilmədim. Bununla yanaşı, komandamın əvəzedici heyətində oynamağı qəbahət hesab etmirəm. Kimsə nəsə deyə bilər, bu məni qətiyyən maraqlandırmır.

Oxucu: Azərbaycanda «Qarabağ»dan başqa hansı komandanı xoşlayırsan?
V.C.: «Qarabağ»dan başqa digər komandalara - «Bakı»ya, «Neftçi»yə, «Xəzər Lənkəran»a, «İnter»ə, ümumiyyətlə bütün klublara hörmətim var. Hər bir komanda ilə yaxşı münasibətlərim var. Bu komandalar Avropa kuboklarında oynayanda onların hər birinə azərkeşlik edirəm.

Nicat Kərimli: Hollandiyada azərkeşlərin məşqlərə gəlməsi hansı səviyyədədir, ümumilikdə, sənin yaşadığın şəhərdə ab-hava necədir?
V.C.: Hər bir məşqimiz komandanın bazasında olur və oraya giriş qadağan deyil. Yəni məşq prosesini hər bir azərkeşin izləmə imkanı var. Həmçinin məşqdən sonra azərkeşlərin istənilən futbolçu ilə şəkil çəkdirməsinə, ondan avtoqraf almasına şərait yaradılır. Bu, çox yaxşı haldır. Ona görə ki, həm azərkeşləri görürsən, həm də daha həvəslə məşq edirsən. Hollandiya həm də futbolu sevən bir ölkədir. Şəhərə gəlincə, ora çox da böyük deyil. Amma gözəl şəhərdir və insanları sadə, eləcə də olduqca gülərüzdür.

Oxucu: Əgər «Qarabağ» avroliqanın qrup mərhələsinə düşsəydi, komandanı dəyişmək fikrinə düşərdinmi?
V.C.: Belə bir vəziyyət olsaydı, komandamı tərk etməzdim. Təbii ki, klubun istəyi olsaydı. Bununla bərabər, «Qarabağ»dan getməyim də komanda rəhbərliyinin razılığı ilə oldu. Əgər rəhbərlik istəməsəydi, komandamı tərk etməzdim.

Fərid Baxşəliyev:
1.Karyeranın sonunu «Qarabağ»da keçirmək istərdinmi?
2.«Tvente» komandasında bir hücumçu kimi hansı azərbaycanlı pleymeykerin səni topla təmin etməsini istəyərdin?
V.C.:
1. Təbii ki, bunu istəyirəm. Əlbəttə, əgər, komanda rəhbərliyi bunu istəsə.
2. Bu mövqedə oynayan çox yaxşı futbolçularımız var. Onların hər bir Hollandiya çempionatında oynaya bilər. Fikrimcə, Hollandiya çempionatında bu mövqedə oynamağa daha uyğun olan futbolçu Rəşad Sadiqov olardı.

Oxucu: Salam Vaqif! Hollandiya çempionatında oynadığına görə səni təbrik edirəm. Səncə, bizim milli futbolçuların qol vurmamasının əsas səbəbi nədir? Niyə görə milli çempionatımızda bombardirlər əcnəbilər olur? Bunun üçün yaxşı dispetçer lazımdır, yoxsa əla hücumçu?
V.C.: Suala görə çox sağ olun. Düzdür, çox zaman bombardirlər əcnəbilər olur. Bunun bir səbəbi yerli hücumçuların çox zaman oynamasıdır. Legioner limiti amili də buruda müəyyən rol oynayır. Bu cəhətdən «Qarabağ» komandasında vəziyyət yaxşıdır. Orada yerli oyunçulara üstünlük verilir. Təbii ki, oynamayan hücumçu bombardir ola bilməz. Əlbəttə az-az hallarda olar ki, hücumçu özü vəziyyət yaradıb qol vursun. Hücumçunun qol vurması üçün ona pas verilməsi zəruridir. Əgər pas verilməzsə, hücumçunun qol vurmaq şansı çox azdır. Yəni hücumçuların qol vurmasında dispetçerlərin üzərinə də böyük iş düşür.  

Mütəfəkkir:
1.Berti Foqtsun məşq prosesini hansı məşqçinin məşqlərilə müqayisə edərdin?
2. Hollandiyada adi insanların və futbolçuların azərbaycanla bağlı ən çox soruşduqları nədir?
V.C.:
1. Məşqçilərin işinə heç zaman qarışmıram. Onların işini heç vaxt müqayisə etməmişəm. Futbolçunun işi məşqdir. Biz nə qədər çox məşq etsək, o qədər yaxşı olar. Hər bir məşqçinin öz məşq prosesi və oyun anlayışı var. Çalışdığım məşqçilərin hər birinin taktikası fərqli olub. Hər bir peşəkar futbolçunun işi də məşqçinin göstərişlərinə əməl etməkdir. Berti Foqtsla «Tvente»nin baş məşqçisinin oyun anlayışına gəlincə bunların taktikası tam fərqlidir.
2. Düzü, bu barədə azərkeşlər mənə bir o qədər də sual vermirlər. Onlar mənim sadəcə Azərbaycandan - «Qarabağ»dan gəldiyimi bilirlər. Bir çox azərkeşlər Bakıda olub və buranın gözəl şəhər olduğunu bildirirlər. Hətta onlar iki ölkənin komandalarının yenidən qarşılaşacağını və bu fürsətdən istifadə edib Bakıya gəlmək istədiklərin bildirirlər.

Niyazi: Keçmiş komanda yoldaşın olan Maksim Medvedyev demişdi ki, Vaqif Azərbaycan dilini yaxşı öyrənsin. Səncə, doğma dilimizdə sən, yoxsa milliyyətcə rus olan Maksim yaxşı danışır?
V.C.: Maksim bunu zarafatca demişdi. Azərbaycan dilində elə də pis danışmıram.
Qurban: Vaqif, atan Füzuli Cavadov müsahiblərinin birində bildirmişdi ki, futbolçular gərginlikdən çıxmaq üçün bara, diskotekaya getməlidir. Bu mənada sən əyləncəli məkanlara tez-tez gedirsənmi?
V.C.: Hər bir oyunçu bütün fikirlərini təkcə futbolla bağlamalı deyil. Futbolçu hər zaman canlı, enerjili olmalıdır. Düzdür, bizim hər birimizin beynində futbol olmalıdır. Amma hər bir futbolçu dincəlməyi də bilməlidir. Buna görə də oyundan qabax yox, sonra gərginliyi aradan qaldırmaq üçün dincəlməyə ehtiyac var. Fikrimcə, oyundan sonra verilən bir günlük istirahəti qapını bağlayaraq, evdə oturmaqla keçirmək düzgün deyil. Futbolçu bara da getməlidir, diskotekaya da. Ona görə də mən məsələ ilə bağlı atamın dediklərinə haqq qazandırıram. «Tvente»nin heyətində matçdan sonra bütün futbolçulara bir günlük istirahətin verilməsi də bununla bağlıdır.

Ziya: «Tvente»yə adaptasiya oluna bilirsənmi, yoxsa hələ də «Qarabağ» üçün darıxırsan?
V.C.: Bu 4 ay ərzində Hollandiyaya, komandaya sürətlə adaptasiya olunduğumu düşünürəm. Deyə bilərəm ki, yeni mühitə tam şəkildə uyğunlaşmışam. Yenidən oraya yollananda daha adaptasiya problemimin olacağını düşünmürəm. Sadəcə, bir qədər darıxıram. Bu da dostların, sevdiyim şəxslərin Azərbaycanda olması ilə bağlıdır. Əlbəttə ki, keçmiş komandam üçün də darıxıram.

Nicat Hüseynov: Vaqif, sənə uğurlar arzulayıram. Sualım belədir ki, sənin adın yazılmış «Tvente» formasını haradan əldə edə bilərəm?
V.C.: Hollandiyada klubumuzun fan-şopu var ki, mənim formamı oradan əldə edə bilərlər. Eləcə də internet vasitəsilə sifariş etmək də mümkündür.

Çingiz İbrahimov: Fəxrimiz Vaqif səni təbrik edirəm. Deyirəm ki, geri qayıtma və çıxa bildiyin zirvəyə arxaya baxmadan qalx. Sualım belədir ki, komanda yoldaşlarınla müqayisədə onlardan yaxşı mənada nə ilə fərqlənirsən? Və gələcək mövsüm özünü ilk 11-də oynamağa hazır görürsənmi?
V.C.: Çox minnətdaram. Özümlə bu oyunçular arasında heç bir fərq görmürəm. Fərq bəlkə də oyun üslubunda ola bilər. İlk 11-ə düşməyimə gəlincə, bu, ancaq özümdən asılıdır. Seçdiyim klubun hansı ölkəni təmsil etdiyini və hansı yerdə olduğunu bilərək ora getdim. Məqsədim heç də pul alaraq ehtiyatda oturmaq deyil. Belə bir futbolçu deyiləm. Mən oraya sadəcə futbol oynamaq və bu sahədə bacarığımı daha da genişləndirmək üçün getmişəm.

Elməddin Quliyev:
1. Toylarda daha çox hansı mahnını oynamağı sevirsən?
2. Sən hazırda Avropada yaşayırsan. Gələcəkdə azərbaycanlı qızla, yoxsa avropalı ilə evlənmək istəyərdin?
V.C.:
1. Sevdiyim mahnı «Bakılı balasıyam» mahnısıdır. Və hər toylarda bu mahnını oynamağa çalışıram.
2. Təbii ki, Azərbaycan qızı ilə evlənmək istəyərəm.

Əkrəm: Vaqif, mən sənin fanatınam. Və «Qarabağ» forması ilə sərgilədiyin oyun heç zaman yaddaşımdan silinməyəcək. İnanıram ki, sən «Tvente»nin heyətində debüt edib, böyük uğurlara imza atacaqsan. Sualım budur ki, əgər «Tvente» səni icarəyə verərsə, hansı yolu seçərsən, yəni «Qarabağ»a  qayıtmağı, yoxsa icarə əsasında hansısa komandada oynamağı? Bəs, Azərbaycan komandalarından təklif gələrsə hansı klubu seçərsən?
V.C.: Xoş sözlərə görə çox sağ olun. Qeyd edim ki, klub futbolçunun razılığı olmadan onu icarəyə verə bilməz. Bu sadəcə futbolçunun istəyi və komanda rəhbərliyinin razılığı ilə ola bilər. Bu haqda heç nə fikirləşmirəm. Ona görə ki, hazırda mən tərəfdən icarə ilə balğlı hansısa addımın atılması mümkünsüzdür. Yeni gəlmişəm və qarşıdan fəth ediləcək bir çox zirvələr var.

Ruslan Tağıyev: Vaqif, elə bir matç olubmu ki, qol vurmadığına görə möhkəm qəzəblənmisən?
V.C.: Belə hallar olub. Elə oyunlar olub ki, qol vura bilmədiyim üçün çox üzülmüşəm. Çünki qol vursaydım, bəlkə də komandam qələbə qazana bilərdi. Lakin oyundan sonra hansısa səhvim olubsa, bunu analiz etmişəm. Və bundan nəticə çıxarmağa çalışmışam. Daha çox istədiyimi edə bilmədiyim üçün üzülmüşəm. Futbolda hər şey mümkündür.

Oxucu: Avropa çempionatının seçmə mərhələsi ərəfəsində çox gözəl komanda quran Berti Foqtsdan və Azərbaycan milli komandasından hansı nəticəni gözləyirsən?
V.C.: Milli komandamızda yaxşı əhval-ruhiyyə, gözəl kollektiv var. Hamımız bir fikir ətrafında cəmlənmişik. İnanıram ki, növbəti seçmə matçlarda yaxşı nəticələr qazancağıq. Baxmayaraq ki, çox çətin qrupumuz var və güclü rəqiblərlə qarşılaşacağıq. Lakin buna rəğmən hər bir komandaya gücümüzü göstərəcəyik. Əgər milli komandada məşqləri belə bir ruhda, bu vəziyyətdə davam etdirsək, fikrimcə, uğurlu nəticələr olacaq.

Oxucu:  Salam Qol.az, salam Vaqif. Gəl səmimi danışaq da, sənin «Tvente»nin əsas heyətinə düşmək üçün hələ çox çalışmağının lazımdır. Bəlkə ona kimi bir maraqlı lətifə danışasan…
V.C.: (gülür) Düzdür, çoxlu məşq prosesi keçməyim lazımdır. Hər zaman demişəm ki, tam yetişmiş, eləcə də oyunumu genişləndirmiş bir futbolçu olmağım üçün hələ böyük zaman lazımdır.

Ariz Hüseynov: Vaqif sənə uğurlar arzulayıram. Biləsən ki, sənə inanırıq. Bunu demirəm ki daha da rahatlanasan. Səndən daha yaxşı xəbərlər gözləyirik. Sualım budur ki, Hollandiyadakı futbol anlayışı  Azərbaycandan çoxmu fərqlidir? Məşqlərin keçirilməsi, qidalanma və bu kimi məsələlərdə nə kimi fərqlər var?
V.C.: Matçla bağlı vəziyyət fərqlidir. Yəni Azərbaycan və Rusiyadakı kimi deyil. Orada sırf oyuna gəlirsən. Məşq prosesləri gündə bir və ya iki dəfə olur. Yəni buradakı kimidir. Sadəcə, məşq prosesləri tam başqadır. Çünki hər bir məşqçinin öz öyun fəlsəfəsi və məşq proesesi var.

Emin Rəsulov: Vaqif, mənə maraqlıdır ki, sən məşq proseslərində hansı dildə danışırsan? İngilis dilində danışa bilirsən, yoxsa danışmağa başqa dil tapmısan?
V.C.: Hesab edirəm ki, futbolda, meydançada dil bir o qədər də önəmli rol oynamır. Meydandan kənarda isə ingilis dilini bir az bildiyim üçün bu dildə danışıram. İngilis dilimi daha da mükəmməl öyrənmək üçün müəllim də tutmuşam. Məşqçi ilə danışmaq lazım olanda isə klubda çalışan türk dostlarım mənə köməklik göstərirlər.

Vüsal Ağazadə: Milli komandaya yoldaşlıq matçlarında köməklik göstərə biləcəkmi?
V.C.: İnşallah.

Natiq Əliyev: Vaqif, Avropada və ya hansısa türk klublarında oynamaq istərdinmi?
V.C.: Məşqçi kimi, futbolçuların da karyerasında hər zaman yeni bir şeylər olur. Mən də futbolçu kimi karyeramda yeniliklərin olacağına inanıram. İstərdim ki, daha güclü klublarda çıxış edim. Ancaq hələ ki, digər komandalarda və ya türk klublarında oynamağı düşünmürəm. Hazırda əsas məqsədim komandamın əsas heyətində oyunlara çıxmaq və möhkəmlənməkdir.

Şükran Paşayev: «Tvente»dən bir qədər zəif komandalarda aparıcı futbolçu olmaq daha yaxşı olmazmı?
V.C.: Birincisi seçdiyim klubun hansı yerdə olduğunu gözəl bilirdim və hara getdiyimi də başa düşürdüm. Çıxış etdiyim klublar hər zaman çempionluğa iddialı komandalar olub. İnşallah, belə davam edəcək.  Fikrimcə, düzgün yol seçmişəm.

Elşən Allahverdiyev: Mən bir Azərbaycan vətəndaşı kimi fəxr edirəm ki, bizim sənin kimi futbolçumuz var. Digər futbolçular və yetişməkdə olan gənclərimiz sənə baxıb dərs çıxarsın. Vaqif, Holandiyada olsan da səni sevənlərin ürəyi hər zaman yanındadır. Səni tez-tez mətbuat və televiziyadan izləyir və qürur duyuruq. Vaqif, o qədər gözəl futbolçusan ki, sənə heç bir sualım yoxdur. Hər zaman belə yüksəkdə qal və uğurlar arzulayıram. Mesajımı Vaqifə çatdırdığınız üçün Qol.Az sizə minnətdaram. Sağ olun ki, Vaqifsevərlərə bu imkanı yaratdınız.
V.C.: Çox sağ ol qardaş, Allah razı olsun. Mən də sənə uğurlar və müvəffəqiyyətlər arzulayıram. İnşallah, bu sözlərdən sonra daha əzmlə çalışar və sizi sevincli anlar bəxş edərəm.

Bəhruz Vəliyev: Salam! Eşitdiyimə görə, «Qarabağ»la «Tvente» komandası arasında uşaq futbolu ilə bağlı müqavilə var. Vaqif, əgər sənin bundan xəbərin varsa, bu barədə bir qədər danışardın.
V.C.:  Düzdür, komandalar arasında belə bir müqavilə var. «Tvente»nin futbol məktəbinn nümayəndələri bura səfər də etmişdilər. Hər iki komandanın bu sahədə əlaqələri davam edir. Növbəti illərdə bu əlaqələr daha da möhkəmlənəcək və belə səfərlər tez-tez baş tutacaq.

Qulu:  Bilirəm ki, heç bir azərbaycanlı futbolçu transfer qiymətini açıqlamır. Yəqin ki, sən də bunu deməyəcəksən. Necə düşünürsən, səni Azərbaycanın ən bahalı futbolçusu saymaq olarmı?
V.C.: Vallah, əgər bunu bilsəydim, böyük məmnuniyyətlə bunu açıqlayardım. Ona görə ki, bu pulu kimsə əlimdən almayacaq. Kiminsə pulu mənə gəlmir, mənim də pulum kiməsə getmir. Sadəcə bundan xəbərsizəm. Ən bahalı oyunçu olmağıma gəlincə, onu «Qarabağ» komandasının rəhbərliyi yaxşı bilər.

Səməd: Vaqif, «Tvente»nin sənə verdiyi mənzilin qiyməti neçəyədir? Çünki mən də Avropada elə bir mənzil almaq istəyirəm.
V.C.: (gülür) Sözün açığı bilmirəm. Və bu məsələlərlə heç maraqlanmıram. Mənzilin qiymətin 1 milyon və ya 200 min olmasının mənim üçün heç bir anlamı yoxdur. Sadəcə, ailəmlə bir yerdə yaşamaq üçün münasib mənzilin olması və imkanlarımla mənzilin imkanlarının bir-birnə bərabər olması yetərlidir.

Oxucu: Hollandiya mətbəxinə uyğunlaşa bilirsənmi, yoxsa sənin üçün xüsusi olaraq Azərbaycan yeməkləri hazırlanır?
V.C.: Bildiyiniz kimi, ailəm yanımdadır və yalnız Azərbaycan mətbəxindən yeməkləri yeyirəm. Demək olar ki, bazada yemək yemirəm. Evə gəlirəm və bilirəm ki, anam yemək bişirərək, məni gözləyir. Bu barədə heç bir problem yoxdur. Ancaq ailəmlə birlikdə anamın bişirdiyi yeməklərlə qidalanıram.

VAQİF CAVADOVUN AZARKEŞLƏRƏ SON SÖZÜ
 
- Məni bura dəvət etdiyiniz üçün çox minnətdaram. Məni sevənlərə və mənə suallar ünvanlayanlara, eləcə də fanatlarıma «çox sağ ol» deyirəm. İnşallah, zədəmi tam sağaltdıqdan sonra növbəti mövsümdən öz oyunumla bütün azərkeşlərimizi sevindirməyə çalışacağam. Hamıya təşəkkür edirəm. Bir də istəyirəm ki, «Qarabağ»a daha da çox azarkeşlik etsinlər. Stadionlara gələrək, hər zaman «Qarabağ»ın yanında olsunlar.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi