“Qəbələ”nin futbolçusu ilin ən yaxşısı seçildi – U-15 liqası

“Qəbələ”nin futbolçusu ilin ən yaxşısı seçildi – U-15 liqası
XƏBƏR 25 May 2018 / 15:16 1916
-  A +

Mayın 20-də «U-15 Liqası»nda 2017/18-ci illər mövsümünə yekun vurulub.

Qol.az xəbər verir ki, çempionat başa çatdıqdan sonra «Het-trik news» qəzeti birinciliyin ən yaxşı futbolçusunu müəyyənləşdirmək məqsədilə Liqada iştirak edən 15 komandanın məşqçiləri arasında apardığı sorğunun nəticələrini açıqlayıb.

Qaydalara əsasən hər məşqçi çalışdırdığı komandadan olmamaq şərtilə 5 futbolçunun adını çəkə bilərdi. Siyahıya uyğun olaraq adları çəkilən futbolçular 1-5 xal qazanırdılar. Sorğunun nəticəsinə əsasən, «Qəbələ»nin hücumçusu Kamal Kazımov 24 balla mövsümün ən yaxşı futbolçusu seçilib. 2-ci yerə 20 xal toplayan Əbil Əbilov («Keşlə»), 3-cü yerə isə 18 xalla Cəlal Hüseynov («Zirə») layiq görülüblər. İlk «beşliy»i Cəlaldan 1 xal az toplayan Mehrac Baxhəliyev («Qəbələ») və Əli Tağıyev («Keşlə») qapayıb.

Ümumilikdə, sorğuda 32 futbolçunun adı çəkilib. Onlardan 8-i «Qəbələ»nin, 6-ı «Keşlə»nin, 5-i «Vətən»in şərəfini qoruyur. Həmçinin, «Zirə» və «Neftçi»nin 3, «Kəpəz» və «Viləş»in 2, «Qarabağ», «Səbail» və İsgəndər Cavadov BFA-nın 1 futbolçusunun adı siyahıda yer alıb.

Mövsümün ən yaxşı futbolçusu olan Kazımov Kamal Kamil oğlu 2003-cü il yanvarın 6-da Bakıda anadan olub. 2015-ci ildə Nəbi Xanciqazovun rəhbərliyi altında futbolda ilk addımlarını atıb. Daha sonra bir müddət Azər Cabbarovun yanında futbolun sirlərinə yiyələnib. 2016-cı ilin yanvarında «Qəbələ»yə keçib. Bir müddət Rüfət Mədətovun rəhbərlik etdiyi komandada oynayan Kamal hazırda Rakif Əliyevin çalışdırdığı «Qəbələ»nin U-16 komandasının üzvüdür. O, eyni zamanda U-16 millimizin də futbolçusudur.

«Het-trik news» qəzeti Kamal Kazımova mükafatı yanvar ayının 31-də «Vətən» Futbol Məkbətinin keçirdiyi «Respublika Günü» turnirinin finalından sonra təqdim edəcək.


Son xəbərlər