"Qarabağ"a "yox" demək çətindir" – Sezar Meza Kolli

"Qarabağ"a "yox" demək çətindir" – Sezar Meza Kolli
ÖLKƏ FUTBOLU 24 May 2018 / 14:44 10070
-  A +

“Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli Qol.az-a müsahibə verib. Ölkə kubokunun finalında “Qəbələ” ilə keçiriləcək oyun haqda fikirlərini açıqlayan Paraqvay əsilli italiyalı futbolçu “Keşlə”dəki gələcəyinə də toxunub.

- Çempionatın son turunun “Səbail”lə oyununu zədə səbəbindən buraxdınız. Hazırda özünüzü necə hiss edirsiniz?

- Artıq zədəm tam sağalıb. Özümü əla hiss edirəm. Final oyununa 100 faiz hazıram.

- Söz düşmüşkən, “Qəbələ” ilə Qəbələdə keçiriləcək kubokun final oyunu haqda nə deyə bilərsiniz?

- Düşünürəm ki, şanslar bərabərdir. İstənilən nəticəyə açıq oyun olacaq. Hər iki komanda ilk dəqiqələrdən qol vurmağa çalışacaq.

- “Keşlə”yə qış fasiləsində gəlsəniz də, öz oyununuzla komandaya çox xeyir verdiniz. Özünüzdən bu cür performans gözləyirdiniz?

- Özümə inanırdım. Çünki oyun səviyyəmi qorumaq üçün daim çalışıram. “Keşlə”yə gələndə də yaxşı vəziyyətdə idim. Özümü hər oyuna elə hazırlayırdım ki, meydana çıxıb əlimdən gələnin ən yaxşısını edə bilim.

- Müqaviləniz başa çatır? Gələcək karyeranızla bağlı qərar vermisiniz? “Keşlə”də qalmaq istəyirsiniz?

- İndi yalnız kubokun finalı haqda düşünürəm. “Qəbələ” ilə oyundan sonra oturub hadisələrin gedişini izləyəcəm. Amma şadam ki, mənim haqqımda çox yaxşı sözlər danışırlar.


- “Qarabağ”ın sizinlə maraqlandığı barədə xəbərlər dolaşır. ..

- “Qarabağ” Premyer Liqanın son çempionudur. Belə bir komandaya “yox” demək çətindir. Amma indiki məqamda məni yalnız kubokun finalı maraqlandırır.

- Bir ara Riçard Almeyda kimi sizin də milliləşdiriləcəyiniz gündəmə gəlmişdi. Maraqlıdır, AFFA-dan belə bir təklif alsanız, cavabınız necə olar?

- Azərbaycan millisinin formasını geyinsəm, buna görə ancaq qürur hissi keçirərəm. Amma düşünürəm ki, sizin özünüzdə kifayət qədər yaxşı futbolçular var.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı