"Bürünc"ü öz əlimizlə "Neftçi"yə hədiyyə etdik" - Anar Nəzirov

"Bürünc"ü öz əlimizlə "Neftçi"yə hədiyyə etdik" -  Anar Nəzirov
ÖLKƏ FUTBOLU 21 May 2018 / 15:22 3957
-  A +

"Zirə"nin kapitanı Anar Nəzirov Qol.az-a müsahibə verib.

- Dünən səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edərək mövsümü 4-cü pillədə başa vurdunuz və Avroliqa şanslarını saxladınız. Əvvəlcə matçla bağlı fikirlərinizi bilmək maraqlı olardı...


- Hələ oyundan əvvəl də deyilmişdi ki, hər iki komanda üçün finala bərabər görüş olacaq. Bilirdik ki, meydana çıxıb, sonadək vuruşmaq və qalib gəlmək lazımdır. Bizə 1 xal da bəs edirdi. Ancaq "Neftçi"nin Gəncədəki nəticəsi ilə əlaqədar olaraq, 3-cü yer uğrunda mübarizədə qələbə daha vacib idi. Uşaqlar sağ olsunlar, son dəqiqəyə kimi mübarizə apardılar. Bilirsiniz ki, "Sumqayıt" öz meydanında yaxşı təsir bağışlayır. Ən çətin komandalardan biridir. Hətta deyərdim ki, bu çempionatın ən yaxşı oyun sərgiləyən komandası elə "Sumqayıt" oldu. Onlara qarşı oynamaq elə də rahat deyil. "Zirə" dünənki matçda öz əzmkarlığını göstərdi və qalib gəldi.

- Maraqlıdır, Ayxan Abbasov komandanı belə bir vacib və çətin oyuna necə motivasiya etmişdi?

- Oyundan qabaq həmişəki kimi taktiki tapşırıqlarını vermişdi. Son oyun olduğu üçün səhv edə bilməzdik. Futbolçular bunu başa düşürdülər. Ancaq ilk hissədə əsasən müdafiədən oynayırdıq, heç-heçə üçün meydana çıxmışdıq. Ayxan müəllim nə etdisə, fasilədə etdi. Bizə dedi ki, 0:2, 0:3 uduzaq, amma çıxın futbol oynayın. İtirəcəyimiz heç nə yoxdur. Baş məşqçinin bu sözləri sanki futbolçuları oyatdı. Özünüz də gördünüz ki, "Zirə" fasilədən sonra necə oynadı.

- Oyun ərzində bir neçə dəfə komandanızı 100 faizlik qoldan xilas etdiniz. Bu qələbəni sizin hesabınıza yazmaq olarmı?

- Yox, bu, düzgün olmaz. Çünki mən üzərimə düşəni etdim. Qələbəni isə komanda qazandı. Burda başda Ayxan müəllim olmaqla, hamının əməyi var. Biz elə bir komandayıq ki, kollektiv şəkildə mübarizə aparıb, nəsə əldə edə bilərik. Bizdə fərdi keyfiyyətləri ilə fərqlənən elə bir futbolçu yoxdur ki, oyunun taleyini təkbaşına həll edə bilsin. Hərə öz vəzifəsini yerinə yetirdi deyə qalib gəldik.

- Klubun fəxri-prezidenti Orxan Məmmədov da stadionda idi. Onun tribunada olması oyununuza təsir etdimi?

- Rəhbərlik baxımından bəzi komandalardan şanslıyıq. Çünki həmişə yanımızda oldular, bizə dəstək verdilər. Bunu Ayxan müəllim də dəfələrlə öz müsahibələrində deyib. Klub prezidentinin dəstəyini hər zaman hiss etmişik. Biz də yaxşı nəticə ilə onu sevindirmək istəyirdik. Öz aramızda bu haqda danışmışdıq. Sevinirəm ki, yaxşı sonluq oldu.

- Dünənki qələbə ilə Avroliqa şansınızı saxladınız. Amma bunun üçün ölkə kubokunda "Qəbələ"yə azarkeşlik etməli olacaqsınız...

- Bəli, "Qəbələ"yə azarkeşlik edəcəyik. Futbolda hər şey olur. Kuboku hər iki komanda qazana bilər. Ancaq inanıram ki, finalda "Qəbələ" qalib gələcək. Çünki futbol baxımından böyük işlər görüblər. Ona görə də kuboku qazanmaq istəyirlər. Heç vaxt kuboku götürə bilməyiblər. Ümid edirəm ki, bu dəfə uğursuzluğa son qoyacaqlar. Azarkeşlik etdyimiz komanda "Qəbələ" olacaq.

- Mövsümü 4-cü sırada bitirsəniz də, bürünc medallar da qazana bilərdiniz...

- Nəinki bürünc, gümüş medal qazanmaq üçün də əla şansımız var idi. Hətta beynimizdən daha böyük fikirlər də keçirdi. Elə ona görə də bu duruma düşdük. Məqsədimiz ilk 3-lükdə yer almaq idi. Qazanılan nəticələr də bunu göstərirdi. Amma futbolun bu üzü də var imiş. Dünən əzmkar qələbə qazanıb, 4-cü yeri tutduq. Mövsümün ikinci hissəsində hər şey - həyəcan, stress, uğursuzluq oldu. Hətta yanımızda olan bəzi insanlar pis vaxtımızda bizi tək qoydular. Xoşagəlməz şeylər yaşandı. Biz kiçik bir ailəyik. Zirə nə boyda yerdi ki? Balaca bir qəsəbədir. Həmişə yanımızda olanlar komanda qara zolağa düşən kimi "istefa" şüarları səsləndirib, komandanı daha da ruhdan saldılar. Bizə ən çox təsir edən bu oldu. Azarkeşlərimiz bizə sona kimi inanmadılar. Deyərdim ki, biz orda uduzduq. Sanki nəsə itirdik.

- Bu gün Avroliqaya vəsiqə üçün hansısa bir klubdan asılı olduğunuza görə hardasa özünüzü günahlandırırsınızmı?

- Əlbəttə. 3-cü pillədə olanda "Neftçi" ilə aramızda 14 xallıq fərq var idi. Həmin vaxt desəydilər ki, "Neftçi" mövsümün sonunda bürünc medal qazanacaq, heç özləri də buna inanmazdılar. "Bürünc"ü öz əlimizlə "Neftçi"yə hədiyyə etdik. Amma artıq keçdi. 11 oyunluq uğursuz seriyadan sonra özümüzə gəlib, ardıcıl qələbələr qazandıq. 4-cü yeri tutduğumuz üçün sevinirik. Bu sevincin yerini də heç nə vermir.

- Ağır zədədən sonra yavaş-yavaş özünüzə gəlirsiniz. Artıq azarkeşlər də əvvəlki Anarı görməyə başlayıblar. Qarşıdakı toplanışda yenidən milliyə dəvət alacağınıza inanırsınız? Ümumiyyətlə, Qurban Qurbanovdan dəvət gözləyirsiniz?

- Zədədən sonra ilk dəfə meydana çıxanda özümü qəribə hiss edirdim. Amma şükürlər olsun, sonradan hər şey qaydasına düşdü. Hər bir futbolçu millidə oynamaq istəyər. Mən əlimdən gələni edirəm. Dəvət etsələr, gedib oynayacam.

- "Zirə" ilə müqaviləniz nə vaxt başa çatır?

- Mayın axırında müqaviləm başa çatacaq.

- Yəqin ki, yeni anlaşma imzalanacaq...

- Hələ bu haqda nə isə deyə bilmərəm. Çünki heç nə bilinmir. Qarşıdakı günlərdə bütün suallara aydınlıq gələcək.

- Başqa təklifləriniz var?

- Xeyr, heç bir təklifim yoxdur.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı