"Turan Tovuz" Premyer Liqaya buraxılsa, çempionata rəng qatar"

"Turan Tovuz" Premyer Liqaya buraxılsa, çempionata rəng qatar"
MÜSAHİBƏ 1 May 2018 / 16:18 6033
-  A +

Birinci divizonda mübarizə aparan "Turan Tovuz" klubunun baş məşqçisi Əsgər Abdullayev Qol.az-a müsahibə verib. Bu mövsüm üçün aşağı dəstədə komandasının qarşısına qoyulan hədəflərdən danışan mütəxəssis gündəmdə olan digər məsələləri də dəyərləndirib.

- Artıq birinci divizionda çempionatın başa çatmasına 2 tur qalıb. "Turan Tovuz" 35 xalla 6-cı pillədə qərarlaşıb. Komanda mövsümü ən yaxşı halda 4-cü sırada bitirə bilər. Ümumiyyətlə, qarşıya qoyulan hədəflər nə idi və buna çatdığınızı söyləmək olarmı?

- Açığı, mənim qarşıma heç bir hədəf qoyulmamışdı. Bilirsiniz ki, ötən mövsüm çempion olandan sonra komandanı bir çox futbolçu tərk etdi. Bizim də məqsədimiz o idi ki, gənc futbolçulardan ibarət yeni kollektiv formalaşdıraq. Ona görə də komandaya cavan oyunçular dəvət etdik. Düşünürəm ki, əsas məqsədimizə nail olduq.

- Mövsüm sona yaxınlaşdıqca birinci diviziondan Premyer Liqaya komandaların çıxıb-çıxmayacağı müzakirə olunur. Lisenziyalaşdırma ilə bağlı AFFA-ya müraciət etmisinizmi və nə gözləyirsiniz?

- Bu işlərlə klub rəhbərliyi məşğul olur. Amma bildiyim qədərilə ilə lazımı sənədlər AFFA-ya göndərilib. O ki qaldı nə gözlədiyimə, birinci divizionda çıxış edən hər bir klub Premyer Liqada oynamaq istəyər. Desəm ki, mən bunu istəmirəm, yalan olar. Amma hələlik dəqiq məlumat, qərar olmadığından ətraflı nəsə demək çətindir.

- Bu gün "Turan Tovuz" Premyer Liqada oynamağa hazırdır?

- SSRİ vaxtında əsas futbolçular Gəncə və Sumqayıtdan çıxırdısa, müstəqillik dövründə Tovuz məktəbi yaxşı oyunçular yetişdirib. Düşünürəm ki, "Turan Tovuz" Premyer Liqaya buraxılsa, çempionata rəng qatar. Aşağı yaş qrupları, baza, infrastruktur baxımından komanda yüksək liqaya hazırdır. Amma məsələnin maliyyə tərəfləri mənim səlahiyyətimdə olmadığı üçün bundan xəbərsizəm. Ötən mövsüm çempion olanda da lisenziyalaşdırmanın bütün tələblərini yerinə yetirdik. Amma bank təminatı olmadığı üçün komanda Premyer Liqaya buraxılmadı. Bu il necə olacaq, bunu bilmirəm. Zaman göstərəcək.

- Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov müsahibəsində bildirib ki, yüksək liqada klubların sayının artırılması ehtimalı çox azdır. Bu isə o deməkdir ki, yenə “Bakı çempionatı” izləyəcəyik. AFFA-nın aşağı dəstə iştirakçılarına bu cür yanaşması komandaların çıxışına, motivasiyasına necə təsir edir?

- Mən Elxan müəllimin müsahibəsini oxumamışam, həmin fikirlərlə tanış deyiləm. Divizionda komandalar mövsümə həvəslə, iddialı başlayırlar. Hər bir klub Premyer Liqa uğrunda mübarizə aparır. Sonda qərar açıqlananda, təbii ki, həmin komandalara təsirsiz ötüşmür.

- Əgər birinci diviziondan Premyer Liqaya komanda buraxılmayacaqsa, aşağı dəstə kimə lazımdır?

- Açığı, çox düzgün sualdır və düzgün də cavab tələb edir. Düşünürəm ki, bu problem tez bir zamanda həll olunmalıdır.

- Son illər birinci divizionla bağlı xoşagəlməz xəbərlər yayılır. Adları açıqlanmasa da, bəzi klubların danışılmış oyunlarda iştirak etdiyi söylənilir. Uzun müddətdir divizionda çalışırsınız. Belə hadisələrin şahidi olmusunuzmu?

- Xeyr, bu cür hadisələrin şahidi olmamışam. O yayılan söz-söhbətlər, şayiələr "Turan Tovuz"a aid ola bilməz.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər