"Necə büdcə ayıracaqlarsa, elə də komanda yığacam" - Yunis Hüseynov

"Necə büdcə ayıracaqlarsa, elə də komanda yığacam" - Yunis Hüseynov
MÜSAHİBƏ 24 Aprel 2018 / 11:55 6417
-  A +

"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Qol.az-a müsahibə verib. Komandasının fasilədən sonrakı çıxışını dəyərləndirən mütəxəssis yeni mövsümlə bağlı planlardan da danışıb.

- Qışda istədiyiniz futbolçuları transfer etsəniz də, komanda fasilədən sonra heç də gözlənilən oyunu sərgiləmir. Səbəbi nədə görürsünüz?

- İstədiyimiz futbolçuları aldıq demək düz çıxmır. Çünki qışda oyunçu transfer etmək çox çətin məsələdir. Bilirsiniz ki, onların klubları ilə müqavilələri olur. Belədə isə tam olaraq, nəzərdə tutduğumuz futbolçuları gətirə bilmirik.

- Onda belə çıxır ki, bu qış aldığınız futbolçular sırf boşluqları doldurmaq üçün məcburiyyətdən edilən transferlərdir?

- Yox, belə də deməzdim. Xahiş edirəm, sözlərimi başqa istiqamətə yöməltməyin. Biz həmin vaxt üçün edə biləcəyimizin ən yaxşısını etdik. Digər tərəfdən, düşünürəm ki, "Kəpəz" fasilədən sonra heç də pis çıxış etmir. 2-3 oyunu çıxmaq şərti ilə, demək olar ki, uduzmamışıq. Oyun var, nəticə yoxdur. Aydın məsələdir ki, tarixdə nəticə qalır. Ancaq mən komandamın oyunundan razıyam. Sadəcə, bəxtsizlik bizə imkan vermir.

- Bəs rəhbərlik necə, onlar da sonuncu pillədə olan komandanın çıxışından razıdırmı?

- Bilirsiniz, mən bura gələndə rəhbərlik qarşıma hansısa hədəf qoymamışdı ki, avrokuboklara düşəcəksən, yaxud da yuxarı pillələrdə qərarlaşacaqsan. Mənə deyilmişdi ki, yaxşı oyun göstərən komanda formalaşdır. Məncə, bu gün nəticə ürəkaçan olmasa da, "Kəpəz" normal futbol sərgiləyir. Deyərdim ki, biz bunu bacardıq. Komanda qış fasiləsindən əvvəl olduğu kimi böyükhesabla uduzmur. Əsas planlar yeni mövsümlə bağlıdır. Əgər Premyer Liqada klubların sayını artırsalar, mən də öz vəzifəmdə qalsam, gələn çempionatda daha iddialı komanda görəcəksiniz.

- İddialı komanda yaratmaq üçün yaxşı maliyyə lazımdır. Deməli, yeni mövsümdən "Kəpəz"in büdcəsi artırılacaq?

- Bu işlə rəhbərlik məşğul olur. Mən büdcə ilə maraqlanmıram. Necə büdcə ayıracaqlarsa, elə də komanda yığacam.

- Yeni mövsümdən Premyer Liqada klubların sayının artırılması müzakirə olunsa da, bu, olmaya da bilər. Belə olan halda "Kəpəz"in aqibəti necə olacaq? Birinci divizionda mübarizə aparacaq?

- Komandaların sayının artırılıb-artırılmayacağını siz jurnalistlər daha yaxşı bilərsiniz. O ki qaldı birinci divizionda oynayıb-oynamayacağına, bu artıq rəhbərliyin biləcəyi işdir.

- Siz komandanın yaxşı oyun sərgilədiyini söyləsəniz də, azarkeşlər eyni fikirdə deyillər. İstər stadionda, istərsə də sosial şəbəkələrdə artıq istefa şüarları yayılmaqdadır. Hətta Şahin Diniyevin vaxtında komandanın daha yaxşı çıxış etdiyini söyləyənlər də az deyil...

- Mən sosial şəbəkələrdən istifadə etmədiyim üçün azarkeşlərin orda nə yazdıqlarını, nəyi müzakirə etdiklərini bilmirəm. Stadionda isə istefa şüarları eşitməmişəm. İstənilən halda azarkeşlərin fikrinə hörmət edirəm. Mən hamının xoşuna gələ bilmərəm. İstəyənlər də sağ olsunlar, istəməyənlər də.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər