"Xəzər"in bölgəni təmsil etməsi mümkündür" - Emin Abbasov

"Xəzər"in bölgəni təmsil etməsi mümkündür" - Emin Abbasov
ÖLKƏ FUTBOLU 23 Aprel 2018 / 18:01 6104
-  A +

Birinci divizionda mübarizə aparan "Xəzər"in icraçı-direktoru Emin Abbasov komandanın Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə bölgələrdən birini təmsil edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Klub rəsmisi Qol.az-a açıqlamasında belə bir variantın mümkünlüyünü istisna etməyib. Ancaq Abbasovun fikrincə, bu, elə də asan başa gələn iş deyil:

"Düzü, şəxsən mən də onun tərəfdarıyam ki, Premyer Liqamızda bölgə klublarının sayı indikindən daha çox olsun. Amma "Xəzər"in və ya digər paytaxt klubunun hər hansı bölgəni təmsil etməsi göründüyü qədər sadə proses deyil. Bunun üçün həmin bölgədə infrastruktur və azarkeş potensialı olmalı, yerli icra orqanları da klubun inkişafına təkan verməlidirlər. Eyni zamanda komanda elə çıxış etməlidir ki, həmin rayondakı azarkeşlər futbola yaxınlaşsınlar, pis nəticələrdən dolayı uzaqlaşmasınlar".

İcraçı-direktor bu məsələdə AFFA-nın klublara istiqamət verməli olduğunu düşünür: "Bizim hədəfimiz elə ilk ilindəcə Premyer Liqada öz üslubu olan, ortabab komanda yaratmaqdır. Təbii ki, klubumuz paytaxtı yox, hər hansı bir regionu təmsil etsə, daha yaxşı olar. Bu barədə klub rəhbərliyi olaraq, öz aramızda da fikir mübadiləsi aparmışıq. Mənə elə gəlir ki, bunu etmək mümkündür. Ancaq dediyim kimi, bu, elə də rahat həll olunası məsələ deyil. Söhbət tək "Xəzər"dən getmir, Premyer Liqaya çıxmaq istəyən digər klublara da AFFA bu yöndə istiqamət verə bilər. Düşünürəm ki, yaxın 1 ay ərzində bütün suallara aydınlıq gələcək".

"Xəzər"in yeni mövsümdən Lənkəran və ya Qubanı təmsil edəcəyi ilə bağlı xəbərlər dolaşır. Ancaq E. Abbasov hələ ki, konkret olaraq ad çəkməyi düzgün hesab etmir: "Yəni bölgəni təmsil etmək kimi bir niyyətimiz var. Müxtəlif variantlar üzərində götür-qoy edirik. Amma indidən dəqiq bölgə adı deməyim düz olmaz".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı