Böyükağa Hacıyevin 60 yaşına

Böyükağa Hacıyevin 60 yaşına
XƏBƏR 20 Aprel 2018 / 23:10 2476
-  A +

"Mən sizə açıq deyim. Böyünnəri..."

Mərhum Böyükağa Hacıyev mətbuat konfranslarına, müsahibələrinə çox vaxt şirin Naxçıvan ləhcəsində belə başlayardı. Açıq danışmadığı nələr yox idi? Ölkə futbolundakı eybəcərliklərdən tutmuş konkret şəxslərədək hər şeyi və hər kəsi yıxıb-sürüməkdən çəkinmirdi. Jurnalistlər üçün sözün həqiqi mənasında çörək ağacı idi.

Bu gün 60 yaşı tamamlanır. Və həm də ölümündən 36 gün keçir.

Azərbaycan futbolunda isə hər həftə bir proses baş verir. "Qarabağ" bu gün-sabah yenə çempionluğunu elan edəcək, "Qəbələ" və "Keşlə" isə ölkə kubokunun finalında üz-üzə gələcək. Çempionluğu azərbaycanlı, kuboku isə ukraynalı baş məşqçi qazanacaq.

Böyükağa Hacıyevin Qurban Qurbanova münasibəti məlum idi. Hərçənd, "Neftçi"nin baş məşqçisi olduğu vaxt da "Qarabağ"a atmacalarından qalmırdı. Yalnız baş məşqçi karyerasının sonuncu ilində "Qarabağ"ın çempionluğuna əngəl ola bilməmişdi. Əvəzində Hacıyevin komandası məhz əcnəbi Yuri Syominin rəhbərlik etdiyi "Qəbələ"ni yenərək, kuboku qazanmışdı. 

Bəs görəsən, Hacıyev finala yerli yox, əcnəbilərin rəhbərlik etdikləri komandaların yüksəldiyini gördükdə nələr deyərdi? O əcnəbilərin ki, 8 komandalı çempionatda onlar cəmi iki nəfərdir və hər ikisi - Roman Qriqorçukla Yuri Maksimov "Qəbələ" ilə "Keşlə"ni finala çıxarıb.
   
Bu yaxınlarda veteran futbolçulardan biri ilə söhbətləşirdim. AFFA rəhbərliyindən tutmuş komandalara, futbolçularadək hamını asıb-kəsirdi. Oyun satan, xain, rüşvətxor çıxarmadığı adam qoymurdu. Ötən gün ona bir mütəxəssis kimi tribuna verməyi qərara aldıq. İstədik ki, yerli baş məşqçilər qala-qala əcnəbilərin yerliləri yenərək, ölkə kubokunun finalına yüksəlmələrini şərh etsin. Adam 15 dəqiqəyədək, pis çıxmasın, yenə hər şeydən danışdı. Oyunları taktiki-texniki təhlil etdi. Amma 28 May - Respublika günündə kuboku rəsmən əcnəbi həmkarlarından birinə təslim edəcək yerli baş məşqçilərin ünvanına söz deməyə cürət etmədi. Söylədiklərindən elə çıxdı ki, özünü pis eləmək istəmir. Bir sözlə, nala-mıxa vurmağa başladı.

Bax belə... Mütəxəssis dediklərimizin hamısı ağzına su alıb oturub. Sanki qorxur, çəkinirlər. Yaxud da hardansa bunlara vəzifə sözü veriblər, nə vaxtsa hansısa posta təyin olunacaqlarını gözləyirlər. Danışmırlar, danışanda isə mətbuat üçün yox, özləri üçün deyinirlər.

Hardasan, Böyükağa Hacıyev?
 
Yubileyin mübarək!

Allah rəhmət eləsin...
 
Elşən MƏMMƏDOV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı