"Bu sözləri deyənlər oturub oyunumuza baxsınlar"

"Bu sözləri deyənlər oturub oyunumuza baxsınlar"
ÖLKƏ FUTBOLU 19 Aprel 2018 / 14:30 3289
-  A +

“Sumqayıt”ın yarımmüdafiəçisi Nicat Qurbanov Qol.az-a müsahibə verib. Ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Keşlə” ilə 1:1 hesablı heç-heçə oynayaraq, yarışdan kənarda qalan “kimyaçılar”ın futbolçusu uğursuzluğun səbəblərini açıqlayıb.

- Topaz Premyer Liqadakı uğurlu oyunlar seriyasından sonra ölkə kubokunda gözlənilmədən mübarizəni dayandırdınız. Finala çıxmağınıza nə mane oldu?

- Çətin oyun oldu. Çünki “Keşlə” bütün fikrini kuboka yönəltmişdi. Hər iki komanda matça ciddi hazırlaşmışdı. Sadəcə səfər oyununun son dəqiqələrində buraxdığımız qol cavab görüşündə bizə problem yaşatdı. Dünən deməzdim ki, pis oynadıq. Amma qələbə üçün yetərli olmadı.

- Dünən hər iki komanda meydanda aqressiv görünürdü. Hətta ikinci hissənin ortalarında “Keşlə”nin baş məşqçisi Yuri Maksimovla komanda yoldaşın Bəxtiyar Həsənalızadə arasında dava düşdü...

- Bu, oyunun gərginliyindən irəli gəlirdi. Normal haldır. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Oyun sona yaxınlaşdıqca əsəblər tarıma çəkilirdi. Rəqib baş məşqçini də yaxşı başa düşürəm. Əliyar Ağayev onu meydandan kənarlaşdırmaqla düz qərar verdi. Qarşılıqlı hücumlar şəraitində keçən matçın gərginliyi öz sözünü deməliydi.

- Oyundan əvvəl “Sumqayıt”ın bilərəkdən “Keşlə”yə uduzacağı və finala onları buraxacağı ilə bağlı xəbərlər dolaşırdı. Bu barədə nə deyə biləsən?

- Bu sözləri deyənlər oturub bizim “Keşlə” ilə çempionat oyunumuza baxsınlar. Görsünlər ki, necə çətinliklə qələbə qazandıq. Belə bir şey ola bilməz, mümkün deyil. “Sumqayıt” ilk dəfə yarımfinala çıxırdı. Tarix yazmaq istəyirdik, amma alınmadı. Bütün fikrimizi çempionata yönəltmişik. Orada belə səhvlər etmək olmaz.

- Hazırda 3-cü pillədə olsanız da, yəqin razılaşarsan ki, bu yeri qoruyub saxlamaq asan olmayacaq. Kubokdan kənarda qalan “Neftçi” və avrokuboklara düşməyi hədəfləyən “Zirə” də ilk 3-lüyə iddialıdır...

- Çıxıb öz oyunumuzu oynamalıyıq. Son 5 turu yüksək səviyyədə keçirməliyik ki, avrokuboklara vəsiqə qazanaq. Bunu istəyiriksə, canımızı qoymalıyıq. Çempionatın son oyunları çox maraqlı olacaq. Nəinki mövqeyimizi qorumaq, ikinci yeri tutmaq uğrunda mübarizə aparacağıq. Xal fərqimiz azdır. Aşağı yerləri fikirləşsək, öz mövqeyimizdən də ola bilərik. Həmişə yuxarını düşünmək lazımdır.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı