"Rəhbərlik dedi ki, arxandayıq" - Ayxan Abbasov

"Rəhbərlik dedi ki, arxandayıq" - Ayxan Abbasov
MÜSAHİBƏ 17 Aprel 2018 / 16:06 5620
-  A +

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Qol.az-a müsahibə verib. Bu gün AFFA İntizam komitəsi tərəfindən cəzalandırılan gənc mütəxəssis həm qərara münasibət bildirib, həm də son vaxtlar komanda ətrafında baş verən hadisələrə toxunub.

- AFFA İntizam Komitəsi tərəfindən bu gün 1 oyunluq cəzalandırıldınız. Əvvəlki 3 oyunluq şərti cəza da buna əlavə olundu. Bu isə o deməkdir ki, qarşıdakı 4 turda texniki zonada olmayacaqsınız. Əvvəlcə qərara münasibətinizi bilmək istərdik...

- Hə, qərardan xəbərim var. Məşqdən çıxanda uşaqlar dedilər. Amma bu haqda çox danışmaq istəmirəm. Çünki gözləyirdim. O ki qaldı cəzaya səbəb olan hərəkətə, hər şey çox ani oldu. Bilirdim ki, 3 oyunluq şərti cəzam var. Buna baxmayaraq, emosiyalarımı cilovlaya bilmədim. Düzdür, adam sonradan peşmançılıq hissi keçirir, onda da gec olur. Məşqçi belə şeylərə tab gətirməlidir. Bu durumdan çıxmağa çalışacağıq.

- Apellyasiya şikayəti verməyi düşünürsünüz?

- Yox, çünki şərti cəzam var idi, bu gün də qərardan sonra qüvvəyə mindi. İnanmıram ki, apellyasiya şikayəti versəm, nəsə dəyişilsin.

- Azarkeşlərlə aranızdakı məlum qalmaqaldan sonra bu barədə müxtəlif fikirlər səsləndi. Ümumiyyətlə, orada nə baş vermişdi?

- Əvvəlcə onu deyim ki, baş verənlər "istefa" sözünə görə olmadı. Çünki azarkeşlər 75-ci dəqiqədən sonra bu şüarı səsləndirməyə başladılar. Hadisə isə 80-ci dəqiqədən sonra yaşandı. Azarkeşlər "istefa" qışqıra bilərlər. Bu, normal haldır. Onların arasında elələri var ki, hətta məşqlərimizi də gəlib izləyirlər, komandaya dəstək nümayiş etdirirlər. İstefa söhbəti "Qarabağ"la oyundan sonra başlamışdı. "Neftçi" ilə görüşdə isə bəziləri nalayiq sözlər işlədib, bizə tərəf 1-2 əşya atdılar. Mən də dedim ki, niyə atırsınız. Oyunun 85-ci dəqiqəsi gedirdi. 10 nəfərlə qalsaq da, 2 real qol epizodu yaratmışdıq. Həmin vaxt komandaya dəstək olmaq lazım idi. Çünki bu klub Ayxanın, ya bir başqasının deyil, azarkeşlərindir. Mən daha çox buna etiraz etdim ki, vaxt var, qol vura bilərik. Azarkeşlərə də bunu dedim.

- Komandanız fasilədən sonra qələbə qazana bilməyib. Qarşıdakı 4 oyunda texniki zonada olmamağınız "Zirə"nin çıxışına nə dərəcədə təsir edəcək?

- Əlbəttə, çətin olacaq. Heç birimiz belə hadisələrin olmasını istəmərik, çünki yaxşı hal deyil. Bu gün futbolçularla söhbətimiz olub. Daha da əzmkar olub, sona qədər vuruşmaq lazımdır. Yaxşı komandamız var, futbolçularıma inanıram.

- "Neftçi"yə məğlubiyyətdən sonra bütün məsuliyyəti üzərinizə götürüb istefa verməkdən qorxmadığınızı bildirmişdiniz. Maraqlıdır, bununla bağlı rəhbərliklə görüşünüz oldu?

- Biz rəhbərliklə hər dəfə görüşürük. Düzdür, müəyyən xəbərlər yazırlar, amma hər gün onlarla əlaqədəyik. Bu hadisədən sonra da görüşdük. Sağ olsunlar, dedilər ki, arxandayıq. Həmişə bizə dəstək olurlar. Sona qədər mübarizə aparmağımızı istəyirlər. Biz də buna çalışırıq. Qismətdir, görək necə olur.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər