"Sumqayıt"a Avroliqa yaraşır" - Rail Məlikov

"Sumqayıt"a Avroliqa yaraşır" -  Rail Məlikov
MÜSAHİBƏ 4 Aprel 2018 / 15:10 6214
-  A +

"Sumqayıt"ın müdafiəçisi Rail Məlikov Qol.az saytına müsahibə verib. Millimizin sabiq üzvü komandasının uğurlu çıxışlarının səbəbindən, qarşıya qoyulan hədəflərdən və Premyer Liqamızın 22-ci turunda "Neftçi" ilə keçiriləcək oyundan danışıb.

- Qış fasiləsindən sonra Premyer Liqamızda keçirilən 7 oyunda ən yaxşı nəticəni qazanan "Sumqayıt" oldu. Ümumilikdə isə komandanız 9 oyundur uduzmur. "Sumqayıt"ı uğura aparan nədir?

- Komanda irəli gedirsə, deməli, komandanın daxilində uğurlu iş görülür. Burda hamımızın əziyyəti var. Kollektivimizdə birlik mövcuddur. Komandamız mehribandır. Bəli, qış fasiləsindən sonra yaxşı start götürmüşük. Qarşımıza məqsəd qoymuşuq ki, maksimum xal toplayaq. Hər bir komandada bu cür inkişaf dövrü də olur, eniş dövrü də. Biz qələbələrə görə arxayınlaşmırıq. Bilirik ki, həmişə belə ola bilməz. Uduza da bilərik. Anaq pozitiv fikirləşirik. Yolumuzu davam etdiririk.

- Əsas sevindirici məqam odur ki, "Sumqayıt" yalnız yerli futbolçularla çıxış edir. Deməli, yerli futbolçularla da nəsə etmək olar.

- Əlbəttə, biz də buna çox sevinirik. Komandamızda hamısı Azərbaycan balalarıdır. Bizim rəhbərliyimiz, məşqçilər korpusumuz və komandamız sübut edir ki, Azərbaycan çempionatında yerli futbolçularla da nəsə əldə etmək olar. Yerli oyunçulara inanmaq lazımdır. Hər bir rəqibimizin bir neçə legioneri var. O futbolçuların qiyməti bizimkilərlə müqayisə olunmaz. Ancaq görünür ki, yaxşı iş, birlik sayəsində nəsə əldə etmək olur. Çalışırıq ki, bu cür oyunlarımızı davam etdirək və azərbaycanlı futbolçuların nüfuzunu saxlayaq. Bizim futbolçular heç də legionerlərdən seçilmir.

- İki cəbhədə mübarizə aparan "Sumqayıt"ın əsas çətinliyi ondan ibarətdir ki, heyəti kasaddır. Kubok və çempionat oyunlarında futbolçularınız fiziki cəhətdən çatdıra biləcək?

- Yaxşı məqama toxundunuz. Ehtiyat skamyamızda oyunu gücləndirə biləcək futbolçularımız çox deyil. Bunu nəzərə alıb, Türkiyə toplanışında çox çalışmışıq. Bizi hansı çətinliklərin gözləyəcəyini bilirdik. Uşaqlar da çətinliyi dərk edir. Çalışacağıq ki, maksimum gücümüzü ortaya qoyaq. Yalnız bu halda bacararıq.

- "Sumqayıt"ın üstünlüyü isə bütün futbolçularının yaxşı formada olmasıdır.

- Bəli. Mən iki ildir "Sumqayıt"dayam. Bura gələndən görürəm ki, komandada düzgün iş gedir. Məşqlərimiz ağır olsa da, bunun faydasını görürük. Heyəti zəngin olan rəqiblərimizdən geri qalmamaq üçün məşqçilərimiz fiziki hazırlığa çox üstünlük verir. Birinci il əsasən güc futboluna üstünlük verirdik. İndi isə artıq fərqli futbol oynayırıq. Güc futbolu ilə yanaşı, taktiki gedişlərimiz də artıb. Bu mövsüm hər iki istiqamətdə işləmişik. Görünən odur ki, bizdə yaxşı alınıb. İndi daha məzmunlu oyun göstəririk.

- Yaxşı nəticələr sizdə ikincilik həvəsi yaradıb?

- Əlbəttə, qış fasiləsi yarananda "Zirə" bizdən 10 xal öndə idi. İndi "Zirə"ni bir xal qabaqlayırıq. Əslində ötən tur "Qəbələ" ilə oyunda əlimizə yaxşı fürsət düşmüşdü. Qələbə qazanıb. xal fərqini minumuma endirə bilərdik. Qalib gəlmək şansımız da var idi. Səfərə qələbə üçün getsək də, bir xal da yaxşıdır. İndi aramızda 5 xallıq fərq var. Elə də böyük fərq deyil. Maksimum yaxşı nəticə üçün çalışırıq. Ancaq qarşımıza belə bir məqsəd qoyulmayıb ki,  hansısa yeri tutaq və ya kuboku qazanaq.

- "Qəbələ" ilə oyunda azarkeşləriniz üzərində Avroliqanın loqosu və "niyə də yox?!" şüarı olan pankart açmışdı. Azarkeşlərdə artıq Avroliqa həvəsi artmaqdadır. Komanda daxilində bu həvəs nə dərəcədədir?

- Əvvəlcə azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Çox yaxşı fanatlarımız var. Ev oyunlarımızda bizə böyük dəstək verirlər. Artıq son oyunlarda səfərdə də bizi tək qoymurlar. Sumqayıt şəhərinə, komandamıza Avroliqa yaraşır. Sumqayıt Azərbaycanın üçüncü böyük şəhəridir. Bu şəhərin adı Avropada çəkilməlidir. Artıq vaxtdır. Azarkeşlərin də haqqıdır ki, sevimli komandalarını Avroliqa oyununda dəstəkləsinlər.

- Sən özün də uzun müddətdir Avroliqada oynamırsan.

- Ümumiyyətlə, "Sumqayıt"da Avroliqanın dadını hiss edən futbolçu çox azdır. Həmişə gənc futbolçulara deyirik ki, Avroliqanı dadmaq lazımdır. Bu cür turnirlərin futbolçuya verə biləcəyi faydaları onlara başa salırıq. Futbolçularımız bunu dərk etsə, daha yaxşı çıxış edəcəyik. Hələ ki, gənc futbolçular bunu tam dərk etmir. Biz də istəyərik ki, Avroliqadan səsimiz gəlsin.

- Topaz Premyer Liqanın növbəti turunda son vaxtlar yaxşı formada olan "Neftçi" ilə qarşılaşacaqsınız. Bu görüş haqda nə düşünürsən?

- Qış fasiləsindən sonra yaxşı güc yığan 2-3 komandadan biri "Neftçi"dir. Bu, bizim üçün ən əhəmiyyətli oyundur. Çempionatımızda ən yaxşı formada olan iki komanda qarşılaşacaq. Çox maraqlı oyun olacaq. Kim güclüdürsə, qalib gəlsin.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər