“Yenidən millidə oynamaq üçün “Qəbələ”ni seçdim” – Rauf Əliyev

“Yenidən millidə oynamaq üçün “Qəbələ”ni seçdim” –  Rauf Əliyev
MÜSAHİBƏ 30 Mart 2018 / 15:45 6890
-  A +

"Qəbələ"nin yeni transferi Rauf Əliyev Qol.az-a müsahibə verib.

"Qırmızı-qaralar"ı seçməsinin səbəblərindən danışan təcrübəli hücumçu milli komandamızın keçirdiyi yoldaşlıq oyunlarına da toxunub.

- Bir neçə gün öncə "Qəbələ" ilə müqavilə bağladın. Maraqlıdır, başqa təkliflərin də var idi?

- Bəli, var idi. Amma həmin klubların adlarını çəkə bilmərəm. Götür-qoy etdikdən sonra yekunda "Qəbələ"də oynamağı seçdim.

- Niyə məhz "Qəbələ"?

- Bilirsiniz ki, Azərbaycanda daim iddialı klublarda oynamışam. "Qəbələ"ni seçməyim də bununla bağlıdır. Güclü komanda olduğu üçün bu qərarı verdim. İstəyim yenidən millinin formasını geyinməkdir. Həm yeni komandama kömək etmək, həm də yığmaya düşmək üçün "Qəbələ"nin təklifini qəbul etdim.

- Topaz Premyer Liqanın 18-ci turunun "Qəbələ" - "Neftçi" matçını Nizami Hacıyevlə birlikdə canlı izlədiniz. Belə çıxır ki, həmin oyunda stadionda olmağın heç də təsadüf deyildi...

- Düzdür, danışıq olmuşdu. Amma hələ dəqiq bir şey yox idi. Həmin ərəfədə Nizami ilə Qəbələyə istirahətə yollanmışdıq. Oyun olduğu üçün gedib baxmaq istədik. Yəni, stadionda olmağım bununla bağlı idi.

- Artıq komandaya qoşulmusan, yoxsa fərdi məşqlərlə kifayətlənirsən?

- Bilirsiniz ki, mövsümün sonuna kimi oynaya bilmərəm. Buna baxmayaraq, komanda ilə birlikdəyəm. Müqavilə bağladığım gündən məşqlərdə iştirak edirəm.

- Milli komandamızın son 2 yoldaşlıq oyununu izlədin?

- Bəli, hər ikisinə baxdım.

- Məşqçi kimi sənə yaxşı tanış olan Qurban Qurbanovun başçılıq etdiyi komanda necə təsir bağışladı?

- Hiss olunur ki, Qurban Qurbanov öz sistemini komandaya yeritmək istəyir. Yeni komanda formalaşdırır. Ona vaxt vermək lazımdır. Hər iki oyunda yaxşı çıxış etdilər. Düşünürəm ki, müəyyən vaxtdan sonra hər şey qaydasına düşəcək.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər