Milli komandamızın üzvü Namiq Ələskərov Belarusla yoldaşlıq oyunundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Ümumi götürsək, pis oynamadıq. Matça yaxşı başlamışdıq. Sadəcə, ələ düşən qol imkanlarından yararlana bilmədik. Rəqib isə fürsəti yaxşı dəyərləndirdi və 1 qolla qalib gəldi.
- Səncə, komandanın çıxışı Qurban Qurbanovu razı saldımı?
- Ən yaxşı oyunumuz olduğunu deyə bilmərəm. Amma ümumi götürəndə, meydanda pis deyildik. Yeni baş məşqçinin rəhbərliyi altında çıxış edirik. Düşünürəm ki, tədricən daha yaxşı olacağıq.
- Millimizin oyunu azarkeşləri də razı salmadı. Hətta bəzi epizodlarda komandanı fitə basırdılar...
- Onları da başa düşmək lazımdır. Biz bu görüşdə yalnız qələbə haqda fikirləşirdik, lakin alınmadı. Bir az zamana ehtiyacımız var.
- Zaman məsələsinə toxundun, amma nəzərə alaq ki, sentyabrda Millətlər Liqası başlayır. Həmin vaxta kimi hazır ola biləcəksiniz?
- Bütün yoldaşlıq görüşlərinin məqsədi həmin turnirə hazırlaşmaqdır. Düşünürəm ki, Millətlər Liqasınadək daha yaxşı vəziyyətdə olacağıq.
- Həmin turnirdə millimizin şanslarını necə dəyərləndirirsən?
- Qrupdakı rəqiblərimiz güclüdür. Hər bir komandadan istənilən nəticə gözləmək olar. Qalib gəlmək çətin olacaq. Amma biz də çalışırıq ki, Millətlər Liqasına kimi hazır olaq.
- Millidə debüt edən futbolçulardan kimləri fərqləndirə bilərsən?
- Bunu etməyin düzgün olmaz. Məncə, hamı yaxşı oynadı.
- Birinci və ikinci hissədə fərqli cinahlarda oynadın. Səncə, hansında çıxışın daha yaxşı alındı?
- Hər iki cinahda da oyunum tam istədiyim kimi alınmadı. Komandamıza daha çox fayda vermək istəyirdim.
- Qurban Qurbanovun rəhbərliyi ilə millidə ilk oyununa çıxdın. Əvvəlki dövrlə müqayisədə hansı fərqləri qeyd edərdin?
- Hazırda millidə ab-hava çox yaxşıdır. Baş məşqçimiz üçün əsas məsələ oyunçuların nizam-intizamıdır. Qurban Qurbanov məşqlərdə də hamıdan əzmkarlıq tələb edir.