"Məni AFFA-ya Qurban Qurbanov məsləhət görüb"

"Məni AFFA-ya Qurban Qurbanov məsləhət görüb"
MÜSAHİBƏ 20 Mart 2018 / 12:40 5399
-  A +

Dünən 16 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi təyin olunan Azər Məmmədov Qol.az-a müsahibə verib. Gənc mütəxəssis həm təyinatından, həm də yeni işindən danışıb.

- Əvvəlcə həm Novruz bayramı, həm də yeni təyinatınız münasibətilə sizi təbrik edirəm. Maraqlıdır, U-16-nın sükanı arxasına keçməyiniz necə baş tutdu?

- Bilirsiniz ki, mən U-18 millisində Zaur Həşimovun köməkçisi idim. Millidə çalışanlar hamısı Qurban Qurbanovun nəzarətində olan məşqçilərdir. Əvvəlcə onu deyim ki, fərqi yoxdur, hər hansı yığmanın baş məşqçisi olmaq olduqca məsuliyyətli və qürurverici bir işdir. Ümumiyyətlə, millidə çalışmaq şərəfdir. Təyinatıma gəlincə, Qurban Qurbanov məsləhət görüb ki, bu postu mənə versinlər. Mən də sevinclə qəbul etdim. Qurban müəllimin gözünün qabağında olduğum üçün mənə etimad göstərib. Məni AFFA-ya o məsləhət görüb. Mən də öz növbəmdə inamı doğrultmağa çalışacam. Ölkə futbolu üçün çalışmaq hər birimizin borcudur. Milli komanda elə bir yerdir ki, səhlənkarlıq etmək olmaz.

- Belə bir təklif alacağınızı gözləyirdinizmi?

- Açığı, gözlənilməz oldu. Amma hər şey insanın özündən asılıdır. Yəqin, futbolu bizdən də yaxşı bilən insanlar görüblər ki, yığmaya kömək edə bilərəm. İnsan hər zaman özünə inanmalıdır. Mən özüm də belə insanlardanam. Deyim ki, U-16-ya baş məşqçi təyin olunacağıma tam əmin idim, xeyr, belə deyil. Millinin bünövrəsi U-16-dan qoyulur. Çox məsuliyyətli vəzifədir.

- Özünüz də qeyd etdiniz ki, çox məsuliyyətli yükün altına girmisiniz. İşinizin öhdəsindən gəlmək üçün özünüzdə o potensialı, gücü hiss edirsiniz?

- Əlbəttə. O gücü özümdə hiss etməsəydim, belə bir yükün altına girməzdim. Bilirsiniz ki, U-16 hələ mövcud deyil. Hazırda 2003-cü illər U-15 liqasında oynayırlar. Bir oyunu belə buraxmaq olmaz. Hamısını nəzarətdə, diqqətdə saxlamalıyıq. Hər şeydən öncə isə sağlam seleksiya olmalıdır. Problemsiz iş yoxdur. İnanıram ki, öhdəsindən gələ biləcəyik.

- Təyinatınızdan sonra Qurban Qurbanovla görüşüb söhbət etmisiniz?

- Xeyr, hələ görüşməmişəm. Çünki bu aralar başı çox qarışıqdır. Hər şey Qurban müəllimin nəzarətindədir. Ona görə də işləri çoxdur.

- Yığmanı nə vaxt bir araya yığmağı düşünürsünüz? Yəqin ki, əvvəlcə seleksiya xarakterli toplanış olacaq...

- Martın axırına kimi qrafik sıxdır. İlk toplanış aprelin əvvəlinə nəzərdə tutulub və seleksiya xarakterli olacaq.

- Köməkçiləriniz kimlər olacaq?

- Bu məsələ hələ açıq olaraq qalır. Amma mart ayının axırına kimi onların da adına aydınlıq gələcək.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı