Füzuli Cavadovun oğlu (ENSHEDEDƏN REPORTAJ)

ÖLKƏ FUTBOLU 30 Aprel 2010 / 17:45 5447
-  A +

Bu həftənin bazar günü Azərbaycan milli komandasının hucümçusu Vaqif Cavadovun "Tvente"si tarixində ilk dəfə Niderland krallığının çempionu ola bilər. Bunun üçün sadəcə "Breda"ni məğlub etmək kifayətdir. İndiyəcən Avropanın tanınmış klub çempionatlarında heç bir futbolçumuz bu cür uğur qazanmayıb. Vəli Qasımovun "Betis"in heyətində İspaniya çempionatının bürünc mükafatına yiyələnməsini saqqız edən həmkarlarım bəlkə də həmin turnirdə onun cəmi 28 dəqiqə forma geyməsini bilmir. Elə Vaqif də bu gün meydana çıxsa belə, çempionluğa ciddi qatqısı olmayacaq, əlbəttə sabahkı oyunun taleyini həll etməsə...
Futbolçumuz özü də etiraf edir ki, "heç bir medala layiq deyiləm".  Düzdü, Vaqifin üzrlü səbəbi var - "Tvente"də debütünə heç cür imkan verməyən zədə. Holland klubu ilə müqavilə bağlayandan bu yana keçən dörd ayda çox çətin günlər yaşayıb. Şükürlər olsun ki, indi tam sağalmaq üzrədir. Vərdiş etdiyimiz formasını yığacağı gündən "Tvente" azarkeşlərinin ürəyinin fəthinə başlayacağına inamımız böyükdür. "Tukkers"lər qızıl medalı qaçırsa belə, 20 yaşlı milli futbolçunu gələn mövsüm Avropanın ən mötəbər klub turniri - Çempionlar Liqasında izləyə biləcəyik. Sadəcə, çempionluq qazanacağı təqdirdə "Tvente" birbaşa qrup turnirində mübarizəyə başlayacaq!


ŞƏHƏRİN ADI ENSHEDE, "GÖZƏL"İN ADI «TVENTE»!

«Tülpanlar ölkəsi»nin Şərqində, Almaniya ilə sərhəddə yerləşən Enshede əhalisinin sayına görə (150 min) krallıqda 11-ci yerdədir. Dünyaca ünlü holland rəssamlar Rebrandt və Van Qoqun belə təsvir edə bilməyəcəyi gözəl təbiətə malik şəhərini ən görkəmli binalarının birinin üzərində «Tvente» yazısı görünür. Bu, Avropada kifayət qədər tanınan universitetin binasıdır. «Tvente universiteti kiçik Ensihedenin böyük qürurlarından hesab olunur. Şəhərin ən böyük qürüru isə heç şübhəsiz «Tvente» futbol klubudur. Komandanın ev oyunlarının keçirdiyi «De Grolsh Veste» stadionu universitetin yaxınlığında yerləşir və cəmi 24 min tamaşaçı tutsa da, «qırmızı»ların çempionlar liqasında oynamaq perspektivi klub  rəhbərliyini tribunalarını böyüdərək 40 minə çatdırmaq haqda plan qurmağa vadar etdi. Bu plan ən uzağı gələn ilə həyata keçirilməlidir.
Enshede Overeysel əyalətinin ən böyük şəhəridir. Ümumiyyətlə, Niderlandda 12 əyalət var. Bunların arasında ən tanınmışları Şimali və Cənubi Hollandiyadır. Tarixən ölkənin ən inkişaf etmiş əyaləti olduğu üçün bəzi ölkələrdə Niderlandı Hollandiya adlandırırdılar. Əslində isə bu yanlışdır. Niderland insan azadlığının ən yüksək səviyyəyə çatdığı ölkələrdəndir. Ona görə muzeylər şəhəri Amsterdam daha çox şırıltı qadın alveri gedən «Qırmızı fənərlər» küçəsi, açıq-aşkar yüngül narkotik satan kofesoPlarla məşğuldur.
Amma «Niderlandı, həmçinin Amsterdamı dünyada ən çox sevdirən nədir» sualına «futbol» cavabı verilsə, fikrimcə, heç kim təəccüblənməz. «Holland futbolu», «Total futbol», «Ayaks» məktəbi», Yohan Kruiff, Rinus Mihels, Marko Van Basten, surinamlı istedadlar və sonsuzluğa qədər uzanan biləcək şirin futbol assortisti…
«Ayaks»ın nəyə görə dünyanın ən yaxşı futbol məktəbi olmasını anlamaq üçün sadəcə bir dəfə «Amsterdam arena»da - «ağ-qırmızılılar»ın matçında iştirak etmək yetərlidir.
Əlbəttə, 11 il əvvəl Bakıda keçirilən gənclər arasında keçirilən Avropa çempionatının seçmə mərhələsində dahi Yohan Neeskensdən mənimlə şəkil çəkdirməyi xahiş edəndə bir zaman onun əfsanələr arasında yer aldığı muzeyə gedib, futbolçu dövrlərindəki şəkilləri fonunda bir daha şəkil çəkdirəcəyini ağlıma belə gətirməzdim.  Amma 11 il əvvəldən fərqli olaraq indi gözümüz Amsterdama tikilməyib. Və artıq azərbaycanlı azarkeşlər üçün «Ayaks» daha ən sevimli holland klubu deyil!
Vaqiflə "Tvente"nin "De Grolsh Veste"de yerləşən rəsmi fan-şopunda görüşməyə razılaşdıq. Nəhayət, budur, boynunda Burberry şərfli, ümumiyyətlə, eleqant geyimli cavan oğlan, atası, veteran futbolçu Füzuli Cavadovla birgə görünür. Azarkeşlər millimizin göz bəbəyinə oyununa görə ən xoş sözlər söyləyə bilərsə, onu yaxından tanıyanlar meydandan kənardakı hərəkətlərinə və ümumiyyətlə, xasiyyətinə görə bu tərifi davam edə bilər. Bütün bu fikirləri cəmləşdirsək, zövqlə geyinməsini də bura əlavə etsək, Vaqifə yeni bir ləqəb də yaraşdıra bilərik - "Yaraşıqlı oğlan". Amma bu ləqəbin Vaqif üçün Portuqaliyaya qol vurduqdan sonra "Qızıl oğlan" ləqəbinə layiq gördüyüm Zaur Tağızadə kimi əks effekt verməyəcəyinə inanaraq...
Cavadovlarla "Herenven"lə ev matçını izləməyə gedirik. Klubun 7 nömrəli futbolçumuz üçün ayırdığı avtomobilin yanından keçəndə böyük Cavadov oğlunun bəzi zəifliklərindən danışır. "Bir çox həmyaşıdı kimi maşın və telefon xəstəsidir, indi də təzə bir avtomobil sifariş edib, mayda gətirəsidilər". Milli futbolçunun yaxşı əhval-ruhiyyədə olması Vaqifin ilk azərbaycanlı qonağı kimi məni sevindirməyə bilmir. Zədəsini demək olar ki, tam sağaldıb. "Burada zədənin sağalmasına çox ciddi yanaşırlar, dizə elementar maye yığılanda belə, gözləyirlər ki, özü çəkilsin. Amma məsələn, Almaniyada belə hal olanda mayeni iynəylə çəkirlər, vəssəlam". Bunu Vaqif deyir. 

VAQİF CAVADOVUN ÜRƏYİNDƏKİ KOMANDA

Tələsməyini başa düşmək olar. Hamı onun "Tvente"nin əsas heyətində debüt edəcəyi günü səbirsizliklə gözləyir. Belə tələskənlikdən bir dəfə ciddi əziyyət çəkib. Ötən il Uelslə oyundan əvvəl zədəli olmasına baxmayaraq, iynəylə oyuna çıxıb və zədəsini daha da pisləşdirib. Milli forma Vaqif üçün sözün əsl mənasında hər şeydən önəmlidir. "Bilə-bilə ki, zədəni ağırlaşdıra bilərsən, niyə iynəylə oyuna çıxdın" sualıma "Vacib oyun idi, bu cür oyunu buraxa bilməzdim" - deyir.
Qeyd edim ki, Vaqifin "vacib oyun" dediyi Uels mücadiləsi millimizin dünya çempionatına vəsiqə uğrunda mübarizəyə qoşulmasına və ya hansısa başqa bir nailiyyətə imza atmasına kömək etməyəcəkdi. Sadəcə, millinin hər oyunu Vaqif üçün vacibdir! Uzağa getməyərək bayaq adını çəkdiyim Vəli Qasımovun milliyə müxtəlif bəhanələrlə gəlməməsini, gəldiyi oyunlarda isə zədəli olduğunu bəhanə edərək özünü qorumağa çalışmasını indinin özündə də çoxları xatırlayır. Təsadüfi deyil ki, Vəli millidə cəmi 14 oyun keçirdi və bir qol da vurmadı. O, Rusiya mətbuatına verdiyi müsahibələrdə Azərbaycan millisində candərdi oynadığını açıq şəkildə ifadə edirdi. "Azərbaycan millisində oynamağa heç vaxt can atmamışam. Milliyə gedəndə onsuz da bilirəm ki, uduzacağıq. Məni Azərbaycanla heç nə bağlamır. Düzdü Gəncədə doğulmuşam, atam azərbaycanlıdı. Amma anam ki, rusdu. Azərbaycanla Rusiya millisinin səviyyəsini müzakirə etmək gülünc olardı. Təəssüf ki, vaxtilə Rusiyadan getməklə böyük səhv etdim, yoxsa Rusiya millisində çıxış edərdim". Bunlar Qasımovun bir vaxt"Sport Ekspress"ə verdiyi müsahibədəki fikirləridir.
Qasımovdan fərqli olaraq, Cavadov millidən danışanda dərhal hiss olunur ki, bambaşqa hisslər keçirir. Vaqif Cavadov Azərbaycan millisini sözün əsl mənasında sevir və bu komandadan söz düşəndə emosiyalarının nə qədər dəyişdiyini duymamaq mümkünsüz olur. Uels oyunundakı zədə ilə bağlı Vəli Qasımovun millidə özünü necə qoruduğunu xatırladanda Vaqifin atası dərhal "Vəli yaxşı oğlandı" deyir. Sadəcə tarixi dəyişmək çətindi və hazırda AFFA-da seleksiyaçı işləyən Vəli Qasımovun ən azı bundan sonra futbolumuza fayda verməyini arzu edək.

"SƏMƏDOV AZƏRBAYCAN MİLLİSİNİ SEÇMƏLİDİR"

Vaqifə millimizə gətirilməsi haqda illərdi müzakirələr gedən Aleksandr Səmədovun da bahalı müqaviləsi ola-ola Azərbaycan millisində oynayıb zədələnmək ehtimalını xatırladanda "Hər bir futbolçunun arzusu milli forma geyməkdir. Səmədov Rusiya millisində oynamağa layiq səviyyədədir. Rusiyada hətta hansısa klubun əvəzedici heyətində oynamaq üçün gərək yerli futbolçulardan iki baş yox, üç baş üstün olasan". Söhbətə Vaqifin atası da qoşulur: «O vaxt Moskvada hər kəs istəyirdi mane olsun. Hətta veteran futbolçu və “Dinamo” futbol məktəbinin direktoru Viktor Sarev o vaxt Vaqifin Rusiya vətəndaşlığı yoxdu xaricə təlim-məşq toplanışına aparılmasına etiraz edərək SSKA-ya keçməsinə dözə bilmirdi. İstəyirdi ki, Vaqif ”Dinamo”ya qayıtsın, amma gec idi. Belə də Sarev Vaqif haqda mətbuata ağzına gələni danışmışdı, guya "lipa"dı, 16 yaşında avtomobil sürür və s. Mən bu haqda "Neftçi"də bir yerdə çıxış etdiyimiz Mixaylevskiyə danışdım. Sonra o Sarevi başa saldı". Moskvada Sarevdan başqa da bir çoxu Vaqifin futbolçu kimi yetişməməsi üçün badalaq vurmağa çalışıb, amma əsas odur ki, onların istəyi gözlərində qalıb!
Vaqif Aleksandr Səmədov haqda söhbətə davam edir: "Spartak"ın bütün aşağı yaş qruplarında o, hətta kapitan olub. Bu gün isə "Dinamo"nun aparıcı futbolçusudur. Amma onu Rusiya millisinə götürməyəcəklər, götürsələr də bir-iki oyun oynayandan sonra cağırmayacaqlar. Azərbaycanda isə o xalqın sevimlisinə çevrilər. Saşanı Azərbaycan millisində görməkdən çox şad olaram. Düzdü, o vaxt bir dəfə millinin düşərgəsinə gəlib, amma nəsə alınmayıb. Ondan bəri Azərbaycan futbolunda çox şey dəyişib və yaxınlarda hamı bizim səsimizi duyacaq. Məncə, Saşa sadəcə bir dəfə də Bakıya gəlib millidəki yeni ab-havanı görsə, ən doğru qərar verəcək". Füzuli müəllim isə Vaqifin Rusiyanin yeniyetmələr yığmasında çıxış etdiyi dövrlərdə belə əsas millidə oynaması üçün şans verilməyəcəyini və verilsə belə, milli karyerasının məhv ediləcəyini bildikləri üçün Azərbaycanı seçdiklərini deyir.

"BİRNÖMRƏLİ OYUNÇU"

Vaqif "hər kəsə sadə olmağı arzu edirəm" deyir. Azərbaycandakı futbolçuların böyük əksəriyyətindən fərqli olaraq, televiziyada "məni tanıyanlar hamıya qarşı sadə və ürəyitəmiz bir oğlan olduğumu bilir" deyəcək qədər səmimidir. Bəlkə də buna görə Ensededə klub və stadion işçilərinin hamısı ona çox mehriban münasibət göstərir. Amma təbii ki, əsas səbəb sadəcə bu deyil, Vaqifin futbolçu kimi yüksək istedadı və potensialı olduğunu bilmələridi. Stadiona Vaqifdən əvvəl gəldiyim üçün mühafizə xidmətinin əməkdaşlarından birindən fan-şopun yerini soruşanda hardan gəlməyimlə maraqlandı. Azərbaycandan olduğumu biləndə emosional şəkildə dizini göstərək Vaqifin zədəsi haqda danışmağa başladı və klubun bəxtinin gətirmədiyini bildirdi. "Zədələnməsə, indi birnömrəli oyunçumuz idi".
Əslən Avstriyadan olan bir azarkeşə isə Vaqifin Bakıda Almaniyayla matçda Filipp LamA və digər müdafiəçilərə qarşı necə texnikalı oyun nümayiş etdirdiyini söyləyəndə "Bilirəm youtube-də hamısına baxmışam, texnikasına bələdəm" cavabını verdi. 

"SƏN HEÇ VAXT TƏK GETMƏYƏCƏKSƏN"

Nəhayət, "Tvente" - "Herenven"lə növbəti oyuna çıxır. Bunu diqqətdən qaçıran bəndənizə Cavadovlar bir ağızdan "qalx ayağa, bu komandanın himnidi" deyir. "Tvente"nin sözün əsl mənasında çox gözəl himni var.  Təsadüfi deyil ki, bu, dünyada ən məşhur futbol himnlərindən sayılır. Riçard Rocers və Oskar Hammerstayn tərəfindən 1945-ci ildə "Karusel" musiqisi üçün yazılan parçanı daha sonra Frenk Sinatra və Elvis Presli kimi əfsanələrin ifası tanıdıb. Amma «You'll Never Walk Alone» mahnısını bütün dünyanın ən məşhur futbol himni edən Liverpulun «Gerry&The Pacemakers» qrupu olub. Ötən əsrin altmışıncı illərin əvvəllərində qrupun bir məşhur mahnısı "Liverpul" klubunun azarkeşlərin himninə çevrilir. «You'll Never Walk Alone» sözləri klubun emblemində və "Enfild Roud" stadionuna aparan Şenkli qapılarına həkk olunur. Bu gun «You'll Never Walk Alone» dünyanın bir çox klubunun, o cümlədən, "Tvente"nin himnidir.
«You'll Never Walk Alone» sözləri Azərbaycan dilinə "Sən heç vaxt tək getməyəcəksən" kimi tərcümə olunur. Vaqif üçün bu sözlər simvolik məna daşıyır. Çünki biz azərbaycanlılar həmyerlimizin "Tvente" formasında meydana çıxacağı günü səbirsizliklə gözləyirik. Bundan sonra məşhur pivə firmasının adını daşıyan stadionda Azərbaycan bayraqlarının dalğalanacağı şübhə doğurmur.

YADDAN ÇIXMAZ, "QARABAĞ"!

Vaqifin futbolçular arasında ən yaxın dostu "Qarabağ"lı Maksim Medvedyevdir. "Qarabağ"la Vaqifi çox şey bağlayır. Oyununu izləyərkən öz-özünə deyinir, Qurban Qurbanovun adını çəkir, daha sonra məni sorğu-suala tutur. "Qarabağ" bugünkü oyunda bilirsən neylədi?.." 
Hiss olunur ki, "Qarabağ" Vaqifin yaddaşında dəyişməz iz buraxıb. Füzuli Cavadov Vaqifin Moskvadan qayıtmasına və "Qarabağ"ı seçməsinə çoxlarının böyük səhv kimi qəbul etdiyini, amma hər şeyin tam əksinə alınmasina çox sevindiklərini bildirir. "Elə "Tvente"ni seçəndə də bir az şübhə var idi, amma gəlib stadionu və azarkeşləri görəndən sonra bu şübhələr yox oldu". "De Grolsh Veste" stadionundakı "Manhetten" adlanan kafeni göstərir "Burda hər oyundan əvvəl və sonra toy-bayram olur, mahnı oxuyur, rəqs edirlər».
"Tvente", Vaqifin təbirincə desək, həmişəki kimi ilk yarıda azarkeşlərin ürəyini üzüb ikinci yarıda sonradan meydana çıxan iki futbolçunun - Tiotenin və De Yonqun qollarıyla "Herenven"i 2:0 məğlub edir. Buna baxmayaraq, Fuzuli Cavadov çempionluq mübarizəsinin davam etdiyini bildirir: "Ayaks" çox güclüdü və son tura kimi bilmək olmaz nə baş verəcək.
Sevincli Vaqif isə evlərinə yollanır. "Bu gün Şükürün ad günüdü. Mənim dostumdu, türk əsilli hollanddır, "Tvente"də işləyir. İlk günlər mənə çox kömək etdi. Ailəm bura gəlməmiş və zədəli olduğum dövrdə hər gün yemək bişirib gətirirdi".

"UŞAQLIĞIN SON GECƏSİ"

Evdə Vaqifi anası Gulya xanım və qardaşı Fuad gözləyir. Bir vaxtlar MOİK-də çıxış edən qardaşı Zaur isə Moskvada yaşayır. Cavadovlar ailəsi "Tvente"nin verdiyi evdə Azərbaycan televiziya kanallarını izləmək imkanına malikdir. Azərbaycan kanallarından birində "Uşaqlığın son gecəsi" filmi gedir. Ölməz "Qaya" qrupu "Durnalar" mahnısını ifa edir. Vaqifə valideynlərinin cavanlıq nostaljisinə qapıla biləcəyini israr edirəm. Füzuli müəllim "Qaya"nın bütün uşaqları ilə dost idik, hamısı bizim evdə olub" deyir. Vaqifin valideynləri Bakının gözəl vaxtlarını yaşayıb.
"Qaya"nın yaradıcısı Teymur Mirzəyevin atası ilə eyni rayondan - Gədəbəydən olmağımız Fuzuli müəllim üçün yenilikdi. "Uşaqlığın son gecəsi"ndə "Qaya"nın unudulmaz solistinin dost-doğma qardaşını da görürük - Rüfət rolunu aktyor Tofiq Mirzəyev ifa edir. Böyük Cavadov yetmişinci illərin sonu “Neftçi” ilə rayonumuza səfərlərindən danışır: "Yerli komanda ilə oyunumuza görə rəhbərlik hərəmizə 100 rubl mükafat verdi".

UŞAQ FUTBOLU OLMASA, YENİ VAQİFLƏR YETİŞMƏZ!

Prezident İlham Əliyevin imzaladığı "2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair dövlət proqramı" çərçivəsində ötən il İsgəndər Cavadovun Regional Futbol Federasiyasının prezidenti kimi Gədəbəyə gəlməsini və azarkeşlərə verilən sözlərə baxmayaraq, ermənilərə torpaq verməyib alan tək rayonumuzda futbol komandasının hələ də yaranmadığını bildirirəm. Cavadovlar bir ağızdan "Futbolda irəliləyiş istəyiriksə mütləq bütün rayonlarda, bütün kəndlərdə komandalar yaranmalıdı, xüsusən uşaq komandaları, yoxsa çox çətin olacaq" deyirlər. Açığını demək gərəkirsə, regionlarda futbol heç kimə lazım deyil. Xüsusən uşaq komandalarını, onları məşq etdirmək bir yana, yarışlara aparmaq üçün maddi vəsait tələb olunur. Dövlətin ayırdığı vəsaitin hamısını da buna xərcləyəndə yeyintiyə heç nə qalmır. Amma Gədəbəydə hər il dövlətimizə milyonlarla manat xeyir verən qızıl mədənin olmasi yerli azarkeşlərin ürəyində ümid işartısıni söndürmür. "Bizə kənardan sponsor lazım deyil, rayonumuzun öz təbii sərvətləri hesabına burda futbolun olmasını istəyirik" deyirlər. Belə münasibətlə ölkəmizdə yeni Vaqiflərin yetişməsi çox çətindi...

ARVELADZE, OPER, CAVADOV

Cavadovların Enşedənin mərkəzində olan evinin qonşuluğunda isə "Tvente"nin bir neçə futbolçusu məskunlaşıb. Onlardan ən məşhuru "Çelsi"dən icarəyə götürülən Slovakiya millisinin hücumçusu Miroslav Stoçdu. Stoçun icarə müddəti mövsümün sonunda bitir, klubun canlı əfsanəsi Bleyz Nkufo isə Amerikanın "Sietl" klubu ilə müqavilə bağlayıb. Yeri gəlmişkən, "Tvente"nin baş məşqçisi Stiv Maklaren müsahibələrindən birində Cavadovun Nkufonu əvəzləyəcək potensiala malik olduğunu etiraf etmişdi. "Tvente"nin oyunlarını yaxından izləyənlər bu sözlərin əsassız olmadığını təsdiq edə bilər. Bugünkü "Tvente"də istedadı Vaqiflə müqayisə olunacaq tək hücuma meylli oyunçu kosta-rikali Brayn Ruisdi. "Tvente"nin hücumunun gələcəyinin də məhz Ruis-Cavadov duetindən asılı olduğunu güman edə bilərik. Milli futbolçumuza tam adaptasiya lazımdı. Vaqifin əsas problemi holland dilini bilməməyidi. "Nə qədər axtarırlar, Azərbaycan və ya rus dilində bilən müəllim tapmırlar" deyir. Amma futbol dilini asanlıqla anladığını da əlavə edir. Son on ildə Hollandiya çempionatının ulduzları olmuş gürcü Arveladze qardaşları, eston Operin burdakı perfomansı Vaqif üçün əlavə stimul verməlidi. Axı Gürcüstan və Estoniya da Azərbaycan kimi dünyanın ən güclü futbol ölkələrindən sayılmır.

"AZƏRBAYCANIN ƏN YAXŞI FUTBOLÇUSU RƏŞAD SADIQOVDUR!"

Bizim hətta 15-16 yaşlı futbolçulara xas olan “ulduz xəstəliyi»nə Vaqifin heç vaxt tutulmayacağını təxmin edirəm. Amma buna əmin olmaq üçün Vaqifi bir daha yoxlayıram...
- Razılaş ki, sən hələ futbolda heç nəyə nail olmamısan. Buraya gəlib çıxmağın da sırf Allahın verdiyi istedadın səbəbinədi.
- Elədir.
- Azərbaycanın ən yaxşı futbolçusu Rəşad Sadıqovdur!
- Tamamilə razıyam!
- "Qarabağ"ın oyunçularının hansı «Eredivisie»də oynaya bilər?
- Hamısı.
- Amma tutaq ki, Elvin Məmmədov fiziki cəhətdən çox zəifdi, Vüqar Nadirov isə qeyri-stabil oyun nümayiş etdirir...
- Vüqar heç nədən qol vurmaq qabiliyyətinə malik hücumçudur ki, bu nadir keyfiyyətdi. Vüqarın atası Azərbaycan torpağı uğrunda şəhid olub, Vüqarın özünün də futbolumuzun qəhramanına çevriləcəyinə inanıram. O ki qaldı Elvinə, fiziki cəhətdən artırmaq problem deyil. Əsas odur ki, Elvində ağıl və texnika var, bu keyfiyyətlərə sonradan yiyələnmək daha çətindi.

"LİBERTANQO" SƏDALARI ALTINDA HOLLAND NƏŞƏSİ

Bu cavablardan sonra Vaqifin ən böyük nəşəsinin futbol olduğunu və "Tvente"nin "birinci skripka"sına çevrilmək üçün var gücü ilə calışacağına əminlik daha da möhkəmlənir. Vaqif bura narkoturizmi ən çox cəlb edən və yuxarıda dediyimiz kimi  açıq çatışda olan otlarla deyil, "De Grolsh Veste"nin qazonundakı otla həzz alır. Elə Enshedenin küçələrində də beyni dincəltmək üçün kifayət qədər vasitə var. Məsələn, küçə musiqiçiləri. Dünya küçə musiqiçilərinin ən çox sevdikləri parçalardan biri dahi argentinalı bəstəkar Astor Piazzolanın "Libertango"sudur. Küçə musiqiçilərinin ifasında "Libertango" sehrli səslənir və istər-istəməz sual yaranır: "Görəsən, bizim xalq artistləri bu musiqiçilər kimi çala bilər?" Suala "yox" cavabı verməkdən bir istisna saxlayır - akkordeonçu Ənvər Sadıqov. Klassik mahnıları caz üslublu aranjimanlar etməsiylə məşhurlaşan "Libertango"nun müəllifi Piazzolanın yolunu tutan Sadıqovu Azərbaycandakı musiqiçi həmkarları "məktəb" adlandırır. Amma Sadıqovdan başqa da virtuoz instrumentalistlərimiz var ki, onların çoxu haqda geniş kütlədə məlumat yoxdu. Məsələn, Azərbaycanda proffessional skripkaçı tapmaq çətin məsələ olsa da, bakılı skripkaçı Dmitri Sitkovitskinin bütün dünyada əsl virtuoz sənətkar kimi ad çıxarmasından təsəlli tapmaq olar. Azərbaycanlı futbolsevərlər isə Vaqif Cavadovun "Tvente" ansamblı"nda "birinci skripka" olacağı günü səbrsizliklə gözləyir. Deyəsən, yazı çox "musiqili" alındı...

FÜZULİ CAVADOVUN OĞLU

“Problem deyil". Vaqifin sevimli ifadələrindən biridi. Ümumiyyətlə, Vaqif müsbət enerjili insandı. Jurnalistlərə salam göndərməyi unutmur. «Futbol+»dən Nihat və Qol.Az-dan Mirhacibin (Mirhacibin artıq hərbi xidmətdə oluğunu bilmir) tez-tez əlaqə saxladığını deyir. Day.az və azerisport.com portallarından da razılıqla danışır.
Vaqifi çoxları İsgəndər Cavadovun qardaşı oğlu kimi tanıyır. Amma mən belə deyəndə stajlı azarkeş olan atam həmişə əsəbləşir "İsgəndər Cavadovun qardaşı oğlu yox, Fuzuli Cavadovun oğlu! Fuzuli Cavadovun fintləri və oyunu mənə daha xoş təsir bağışlayırdı". Füzuli müəllim özü isə kiçik qardaşının populyarlığına qısqanclıqla yanaşmır: "Azərbaycanda çoxları məni tanımır, amma İsgəndəri demək olar hamı tanıyır. Məni oynadığımız dövrün azarkeşləri daha yaxşı tanıyır. O cümlədən, rostovlu azarkeşlər".
Futbolçu üçün ən parlaq yaşda karyerasını bitirməyə məcbur olan böyük Cavadovdan fərqli, bu gün karyeralarında heç bir yaddaqalan an olmayan 30-35 yaşlı veteranlar milli formanı könüllü vermək istəmir. Məsələn, Samir Abbasovun Azərbaycan millisində indiyəcən nəyə görə çıxış etdiyini anlamaq çətindi. Adam gənc yaşlarında buraxdığı səhvlərdən başqa heç nəylə yadda qalmadı. Görəsən, indən sonra onu millidə saxlamağın mənası nədi? Bəlkə də perspektivə saxlayırlar, ola bilsin 10 il sonra milli komandaya xeyir verəcək səviyyədə futbolçuya çevrilsin. Baxmayaraq ki, onda yaşı qırxı ötəcək. İnanmıram ki, Füzuli müəllimin iyirmi ildən çoxdur atdığı bu addım millinin perspektivsiz veteranları üçün nümunə olar.
Sonda Füzuli müəllimdən Cavadovların genindəki futbolçu kodları ilə maraqlanıram. "Atam Cavad kişi qapıçı olub "Temp"də çıxış edib. İsgəndərin oğluna onun adını qoymuşuq. Cavad istedadlı uşaq idi (Vaqif bu sözləri təsdiqləyir)..."
Qeyd edim ki, bir neçə il əvvəl İsgəndər Cavadovla tam başqa mövzu haqda söhbətləşəndə "Bacım oğlu İlqarla, qardaşımoğlu Vaqif indi CSKA-nın və Fənərbahçanın uşaq komandalarında oynayır. Onlara ümidim böyükdü!" demişdi. Nəslin bugünkü davamçıları tək ən məşhur Cavadovun yox, bütün Azərbaycan xalqının ümidlərini doğruldacağına və bu nəsilin hələ Azərbaycan futboluna neçə-neçə yeni istedadlar bəxş edəcəyinə inanmaq arzusu ilə Cavadovlar ailəsiylə sağollaşıram... 
Çempionlar liqasında görüşənədək!

 

Xüsusi olaraq Qol.Az saytı üçün

Anar ŞABANOĞLU, Enshededən

[email protected]

 




















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər