"Azərbaycan çempionatı bizimkindən güclüdür"

"Azərbaycan çempionatı bizimkindən güclüdür"
MÜSAHİBƏ 8 Fevral 2018 / 17:57 6877
-  A +

"Səbail"in yeni transferi Nikoloz Apakidze Qol.az-a müsahibə verib. Topaz Premyer Liqasının debütantına keçidindən danışan gürcü futbolçu Azərbaycan futbolunu izlədiyini bildirib.

- Əvvəlcə "Səbail"ə necə keçməyinizdən başlayaq...

- Gürcüstanda Adil Mahmudov adlı azərbaycanlı məşqçi işləyir. Məni "Səbail"ə o məsləhət görüb.

- Adil Mahmudov sizi hardan tanıyır?

- O, Gürcüstanın 3-cü liqasında mübarizə aparan "Qardabani" klubunda işləyir. Mənim çıxış etdiyim "Rustavi"nin bazası isə həmin komandanın düşərgəsindən elə də uzaq deyil. Adil Mahmudov bizim oyuna gəlmişdi. Çıxışımı görəndən sonra mənə Azərbaycandan belə bir variant olduğunu söylədi.

- Sizə "Səbail" variantı təklif olunanda nə cavab verdiniz? Təklifi qəbul etmək üçün çox fikirləşdiniz?

- Əvvəlcə internetdən komanda barəsində məlumat topladım. Daha sonra isə "Səbail"də çıxış edən Tamazi Tsetsxladze məsləhətləşdim. O da müsbət fikirlər səsləndirdi. Ümumilikdə, bu kluba keçmək üçün çox düşünmədim. Çünki sizin Premyer Liqanız Gürcüstan çempionatından güclüdür.

- Buna qədər futbolumuz haqda nəsə bilirdiniz?

- Əlbəttə, çox şey bilirdim. Hətta dostum Nika Kvekveskiri burada çıxış edəndə çempionat oyunlarını izləyirdim. "Səbail" haqda isə elə də çox məlumatım yox idi. Çünki yeni yaranmış komandadır. Sadəcə, Premyer Liqada bu adda klub olduğunu bilirdim.

- "Səbail"lə dünən rəsmi müqavilə bağlamısınız. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Komandanın yeni bazası və futbol haqda düşünmək üçün yaxşı şəraiti var. Məşqçilər korpusu da yaxşıdır. Ən əsası isə komanda gənc və təcrübəli futbolçulardan təşkil olunub.

- İndiyə kimi Gürcüstanda “Zuqdidi”, "Rustavi" və Litvada “Trakai” klublarının şərəfini qorumusunuz. Azərbaycan karyeranızda yeni səhifə olacaq...

- Bəli, bu, karyeramda yeni mərhələdir. Azərbaycanda Çempionlar Liqası təcrübəsi olan "Qarabağ", Avroliqada qrup mərhələsində çıxış etmiş "Qəbələ" və “Neftçi” kimi klublara qarşı oynayacam. Futbolçu bu cür komandalarla oyunlarda inkişaf edir.

- "Səbail" çempionatda fasilədən sonra ilk oyununu fevralın 11-də "Keşlə"yə qarşı keçirəcək. Həmin oyunda meydana çıxmağınız gözlənilir?

- Mən bu haqda heç nə deyə bilmərəm. Belə şeylərə baş məşqçi qərar verir. "Səbail"də bütün mövqelərdə rəqabət var. Ona görə də əvvəldən nəsə demək çətindir.

- Bəs, siz özünüz necə, oynamağa hazırsınız?

- Əlbəttə, hazıram. Baş məşqçi şans versə, meydana çıxıb mübarizə aparacam.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər