"Maksimov futbolçunu qışqırmaqla yox, sakit tərzdə başa salır"

"Maksimov futbolçunu qışqırmaqla yox, sakit tərzdə başa salır"
MÜSAHİBƏ 8 Fevral 2018 / 14:46 3453
-  A +

"Keşlə"nin müdafiəçisi Slavik Alxasov Qol.az saytına müsahibə verib. Antalya toplanışını dəyərləndirən futbolçu komandanın yeni baş məşqçisi Yuri Maksimovla bağlı da fikirlərini açıqlayıb.


- Antalyada 2 həftəlik təlim-məşq toplanışı "Keşlə" üçün nə dərəcədə səmərəli oldu?

- Hazırlığımız yaxşı keçdi. İlk 2 həftə Bakıda fiziki məşqlərlə kifayətləndik. Sonra Türkiyəyə getdik. Orada səhər fiziki, axşam isə topla məşqlərimiz olurdu. Ümumiyyətlə, bu toplanışda yaxşı forma yığdıq.

- Komandanı çempionata tam hazır saymaq olar?

- Bilirsiniz ki, qış fasiləsində "Keşlə"ni xeyli futbolçu tərk etdi. Yeni oyunçular gəldi. Demək olar ki, komanda yeniləndi. Antalyada bir neçə yoxlama oyunu keçirdik. Təzə gələnlər komandaya tez uyğunlaşmağa çalışırlar. Onların da köməkliyi ilə ikinci hissədə yaxşı nəticələr qazanmaq istəyirik.

- Yeni transferlərdən söz düşmüşkən, səncə, komandaya xeyir verə biləcəklərmi?

- Onlar peşəkar futbolçulardır. İnanıram ki, "Keşlə"yə xeyirləri dəyəcək. Artıq demək olar ki, komandaya uyğunlaşıblar. Bizə nə dərəcədə kömək edəcəklərini zaman göstərəcək.

- Yuri Maksimov bu mövsüm "Keşlə"də 3-cü baş məşqçidir. Ukraynalı mütəxəssis özündən əvvəlki çalışdırıcılar - Zaur Svanadze və Ramiz Məmmədovdan hansı keyfiyyətlərinə görə fərqlənir?

- Hər bir məşqçinin öz oyun üslubu, məşq mexanizmi var. Həm Ramiz müəllimə, həm də Svanadzeyə uğurlar arzu edirəm. Onlardan çox şey öyrənmişik. Maksimova gəldikdə isə öz işini sevən, ciddi, bir o qədər də zarafatcıl insandır. Mənim işim futbol oynamaqdır. Məşqçi nə tapşırıq verirsə, meydanda onu yerinə yetirməyə çalışıram.

- Deyilənə görə, Maksimov tələbkar olduğu qədər də sərt məşqçidir...

- Düzdür, tələbkar məşqçidir. Amma sərtliyini hələ ki, görməmişəm. Oyunçunu qışqırmaqla, sərt danışmaqla yox, sakit şəkildə başa salır. Özü də bizə deyir ki, ola bilər, nəyisə izah edəndə kiminsə xoşuna gəlməsin, məndən inciməyin.

- Fasilədən sonra ilk oyununuz "Səbail"ə qarşı olacaq. Həmin qarşılaşma ilə bağlı nə deyə bilərsən?

- Oyuna çox ciddi hazırlaşırıq. Bizə maksimum nəticə lzaımdır. Yeni kollektivik. Komandada özünəinam yaranması üçün mütləq 3 xal qazanmalıyıq. "Səbail" də meydana elə-belə çıxmayacaq. Onlar da bizim kimi qələbə qazanmaq istəyirlər. Çətin oyun olacaq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər