"Bəlkə də milliyə layiq olmadığım üçün çağırmayıblar" – Emil Balayev

"Bəlkə də milliyə layiq olmadığım üçün çağırmayıblar" – Emil Balayev
MÜSAHİBƏ 4 Fevral 2018 / 13:44 3923
-  A +

"Səbail"in qapıçısı Emil Balayev Qol.az saytına müsahibə verib. Gənc qolkiper əvvəlcə Antalyadakı təlim-məşq toplanışını dəyərləndirib.

- Hazırlıq prosesi yüksək səviyyədə keçdi. Qarşıda bizi çempionatın 3-cü və 4-cü dövrələri gözləyir. Komanda mövsümün ikinci yarısına hazır olmaq üçün Antalyada daha çox fiziki və taktiki-texniki hazırlıq keçdi. Hətta son yoxlama oyunumuzda da göründü ki, komandada fiziki gərginlik var. Təlim-məşq toplanışının sonunda müəyyən qədər yorğunluq olması normaldır. Bu, ağır fiziki yüklənmənin nəticəsidir. İnanıram ki, Bakıda fiziki yorğunluğa aradan qaldıracağıq.

- Komandanızı çempionata tam hazır sayırsan?

- Məncə, hə.

- “Keşlə”, “Kəpəz” və “Neftçi” heyətini legioner futbolçularla gücləndirib. Səncə, “Səbail”in qış transferləri əsas rəqiblərinizlə mübarizə üçün yetərli olacaq?

- Bu, məşqçilərin, rəhbərliyin işidir. Onların qərarlarına hörmətlə yanaşırıq. Bizim də yeni oyunçularımız var. Düşünürəm ki, onlar da özlərinə görə komandaya xeyir verəcəklər. Çempionatın 2-ci yarısında gərgin mübarizə şəraitində keçən oyunlar olacaq.

- Yeni transferlərinizdən Yevgeni Koçuk Slovakiyanın “Seniça” klubu ilə yoxlama oyununda 2 qol vurdu. Deyəsən, komandaya tez uyğunlaşdı...

- Onun haqqında təkcə mən yox, bütün komanda müsbət fikirdədir. Bildiyiniz kimi, “Jilina”dan icarə əsasında gəlib. Hiss olunur ki, yaxşı futbolçudur.

- Mövzunu dəyişək. Milli komandaya dəvət gözləyirdinmi?

- Milli komandanın şərəfini qorumaq hər futbolçu üçün önəmlidir. Hər bir oyunçu yığmaya çağırılan futbolçuların siyahısında öz adını görmək istəyir və dəvət gözləyir. Amma çağırılmamışamsa, bu, məşqçilərin qərarıdır. Əlimdən gələni etməliyəm ki, növbəti dəfə dəvət göndərsinlər. Bəlkə də layiq olmadığım üçün çağırmayıblar.

- Tək Azərbaycan yox, dünya təcrübəsi də göstərir ki, milliyə daha çox iddialı klubların üzvləri dəvət alırlar. Bu mənada , “Səbail”dən yığmaya düşmək sənin üçün çətin olmayacaq?

- Ola bilər ki, başqa ölkələrdə TOP-klublardan milliyə futbolçular çağırılır. Mən fikirləşirəm ki, əsas klub deyil, futbolçunun meydanda göstərdiyi oyundur. Futbolçu klubun adı ilə yox, öz oyunu ilə yığmaya dəvət qazana bilər.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı