“Azərbaycan futbolunda ikinci Rəşad olmayacaq” – Bədavi Hüseynov

“Azərbaycan futbolunda ikinci Rəşad olmayacaq” –  Bədavi Hüseynov
MÜSAHİBƏ 1 Fevral 2018 / 17:30 6299
-  A +

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov Qol.az saytına müsahibə verib. Uzun müddətdir zədədən əziyyət çəkən futbolçu həm hazırkı vəziyyətindən danışıb, həm də yaşıl meydanalara qayıdacağı tarixi açıqlayıb.

- Almaniyada 3 həftəlik reabilitasiya dövrü keçdim. Hələlik fərdi məşqlərlə kifayətlənirəm. Bir müddətdən sonra komanda ilə birgə hazırlıqlarda iştirak edəcəm. Hardasa aprel ayında oynaya biləcəm.

- Futbol oynamaq üçün darıxmısan?

- Çox darıxıram. 3 aydan çoxdur ki, oynamıram. Zədəli olmaq, komandanın oyunlarını, məşqlərini kənardan seyr etmək çox çətindir. Amma nə etmək olar? Zədə də futbolun bir hissəsidir. Buna görə də təmkinli olmağa çalışıram. Sıraya daha güclü dönmək istəyirəm.

- Deyəsən, karyeranda ilk dəfədir bu cür halla üzləşirsən?

- Bəli, heç vaxt belə ağır zədə almamışdım. Əvvəllər də zədələndiyim məqamlar olub. Amma uzağı 1-2 həftə oynamamışam. Bu dəfə isə uzun müddətə sıradan çıxdım. Belə zədədən sonra əvvəlki kimi oynamaq çətindir.

- “Qarabağ”ın qış fasiləsinə qədərki çıxışını necə dəyərləndirirsən?

- “Qarabağ” yaxşı təşkilatlanmış komandadır. Kimsə zədələnirsə, onu başqa futbolçu layiqincə əvəzləyir. Komandamız Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı və yaxşı oyun nümayiş etdirdi. “Atletiko”dan həm Bakıda, həm də Madriddə 1 xal almağı bacardıq. Düzdür, zəif keçirdiyimiz matçlar da oldu. Amma ümumilikdə Azərbaycanı Çempionlar Liqasında layiqincə təmsil etdiyimizi düşünürəm. Artıq bizə daha ciddi yanaşırlar. Ümid edirəm ki, komanda inkişafını davam etdirəcək.

- Komandan çempionatda birinci yerdə qərarlaşsa da, ölkə kubokunda mübarizəni dayandırıb. “Sumqayıt”ın “Qarabağ”ı mübarizədən kənarlaşdırması sənin üçün sürpriz olmadı?

- Düzü, belə olacağını gözləmirdim. Çünki bizim futbolçular həm texniki keyfiyyətlər, həm də təcrübə baxımından rəqibi üstələyirlər. Amma bir daha təsdiq olundu ki, Azərbaycan komandaları asan rəqib deyillər, “Qarabağ” üçün asan oyun olmur. “Sumqayıt”dan aldığımız məğlubiyyət bizə dərs olmalıdır. Arxayınlaşmaq, rahatlaşmaq olmaz. Hər matça sonuncu oyun kimi yanaşmaq və tam ciddi hazırlaşmaq lazımdır. Artıq bütün diqqətimizi çempionata yönəldəcəyik. Premyer Liqada birinci yerdəyik və bu pilləni sona qədər qoruyub saxlamalıyıq.

- Zədə aldıqdan sonra “Qarabağ”da sizin mövqeyinizdə gah Yakub Jezniçak, gah Elvin Yunuszadə oynayır. Onların çıxışı barədə nə deyə bilərsən?

- Kuba təcrübəli futbolçudur. 10 il ”Legiya”da oynayıb, bu komandanın kapitan sarğısını daşıyıb. Onun haqda çox danışmağa ehtiyac yoxdur. Jezniçak nəyə qadir olduğunu Çempionlar Liqasındakı çıxışı ilə göstərib. Onu gəldiyi gündən yaxşı transfer sayıram. Elvin də layiqli çıxışı ilə yadda qaldı. Arada baş məşqçi Qurban Qurbanov müdafiənin mərkəzində Maksim Medvedevi də oynatdı. Düşünürəm ki, ümumilikdə özlərini yaxşı tərəfdən göstərdilər.

- Milli ilə vidalaşan Rəşad Sadıqovun yayda futbolçu karyerasını bitirəcəyi gözlənilir. Bundan sonra bütün yük sənin üstünə düşəcək. Çətin olmayacaq?

- Rəşad bizim liderimiz, böyük kapitandır. O, meydanda mənə çox şey öyrədib. Rəşadın yanında oynaya-oynaya təcrübə toplamışam. Təbii ki, onun karyerasını bitirməsi Azərbaycan futbolu üçün böyük itki olacaq. Amma futbolda daim oynaya bilməzsən. Vaxt çatanda gedirsən və yerinə başqaları gəlir. Gənc müdafiəçilər üzərlərində çox işləməlidilər. Rəşadın karyerasını bitirməsindən sonra onlar üçün boş yer yaranacaqsa, həmin yeri tutmaq üçün özlərini sübut etməlidilər. İkinci Rəşad olmayacaq, bu, məlum məsələdir. Ancaq çalışacam ki, onun karyerasını bitirməsi “Qarabağ”a ciddi zərbə vurmasın. Ümid edirəm ki, onu layiqincə əvəzləyə biləcəyik.

- Azərbaycan millisi Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununda Moldova ilə qolsuz heç-heçə etdi. Oyundan razı qaldınmı?

- Matça baxdım. “Qarabağ”ın digər futbolçuları ilə birlikdə milliyə dəstək olduq. Nəzərə alaq ki, yığmaya dəvət alanların hamısı yorğundular, hazırda klublarının heyətində toplanış keçirlər. Bu mənada onlardan çox şey gözlənilmirdi. Görünürdü ki, hər şey alınmırdı. Amma ilk oyunda çox şey tələb etmək olmaz. İnanıram ki, növbəti matçlarda daha yaxşı olacaq.

- Moldova ilə görüşün start heyətində müdafiənin mərkəzində Maksim Medvedev və Ruslan Abışov tandem təşkil etdilər. Aydın məsələdir ki, sənin qayıdışından sonra Maksim öz mövqeyinə çəkiləcək. Ruslanla yanaşı oynamaq sənin üçün rahat olacaqmı?

- Buna baş məşqçi qərar verəcək. Mənə kiminlə yanaşı oynamağımın fərqi yoxdur. Ruslan da təcrübəli futbolçudur. Onunla millidə bir yerdə oynadığımız matçlar olub. Düşünürəm ki, heç bir problem olmayacaq.

- “Qarabağ”ın əsas qol silahı olan Dino Ndlovu Çin klubuna keçdi. Onun gedişi komandanıza çətinlik yaratmayacaq?

- Dino səviyyəli, qol vurmağı bacaran hücumçu idi. Oyunun taleyini həll edə bilirdi və bunu bacardığını bir neçə matçda nümayiş etdirib. Ümid edirəm ki, onu əvəzləyəcək futbolçu tapılacaq. Komandamızda bu mövqedə oynaya biləcək Mahir Mədətov və Ramil Şeydayev kimi yerli hücumçular var. Onlar özlərini göstərməlidilər. Açığı, Dinonun gedişini gözləmirdim. Amma futbolda belə hallar normaldır. Görünür, yaxşı təklif alıb və getməyi lazım bilib.

- Yığmamızın Millətlər Liqasındakı rəqibləri haqda hansı fikirdəsən? Komandamız Kosovo, Malta və Farer adalarını qabaqlayıb, qrup birincisi ola biləcəkmi?

- Qrupdakı komandalar bərabər səviyyədədir. Bu mənada, heç kimi fərqləndirmək olmaz. Kimin istəyi daha çox olacaqsa, kim xarakter nümayiş etdirəcəksə, o da qrupda birinci yeri tutacaq.

Elnur SALAHOV,
Antalya

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı