Onlara futbol yox, yeni "qurban"lar lazımdır...

Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
YAZARLAR 28 Yanvar 2018 / 13:47 21457
-  A +

Millinin heyəti açıqlandı. Qurban Qurbanovun ilk sınağıdır. Futbolçuların seçimi ilə bağlı müzakirələr səngimir. Mütəxəssis, jurnalist, azarkeşlərin subyektiv fikirləri təbiidir, başadüşüləndir. Obyektiv səbəblər isə tam fərqlidir...

Azərbaycan futboluna böyük pulların axını başlayanda indiki milli üzlərinin bir çoxunun 10-12 yaşları var idi. U-21-n futbolçuları isə futbol bir tərəfə, yeriməyi təzə öyrənirdilər. Bəxtləri də gətirmişdi. Özləri də bilmədən "yağ-bal" içində üzəcəkdilər. Daha öncəki futbol nəsli kimi "peraşki" dövrü keçməyəcəkdilər. Qalırdı gələcək istedadların əlindən tutub futbolu öyrətmək. Öyrədildimi?!

Futbolun kabab iyinə axın başladı nə başladı. Qohum, dost, yerli, işsiz-gücsüz, öz sahələrində bacarıqsızlar ordusu üçün kabinetlər, fərdi maşınlar, "paket"lər ayrıldı. Futbolda 11 nəfərin oynadığını futbola gələndən sonra öyrənənlər  "dəllək"liyə başladılar. Pul qırpmaq üçün yeni "layihə"lər, yeni "ideya"lar işə düşdü. Top çiləyə-çiləyə uşaq futbolçular yetişmirdi, istedadlar məhv edilirdi...

Bu gün millilərdə çıxış edən Mahir Mədətov, Coşqun Diniyev, Fəhmin Muradbəyli, Abbas Hüseynov və digərləri onların əməyi deyil. Təkcə on ildi AFFA-da bəslənilən Lippertin illik vəsaiti ilə onlarla istedadlı futbolçu yetişərdi. Federasiyada isə monopoliya yaradıldı.

Uşaq-gənclər futbolu gələcək peşəkar futbolun təməlidir. Futboldan bixəbərlər uşaq futboluna rəhbərlik edirlər. 100 milyonlarla vəsait havaya uçurulur. İndi deyirlər ki, uşaq futboluna biz cavabdehlik daşımırıq. Bəs hanı qeydiyata alınan 100 min futbolçu?! Kimlər cavabdehdi kağız üzərində yaradılmış qalaq-qalaq "futbolçu"lara?!.
Ziyanın yarısından geri qayıtmaq əvəzinə bacarıqsılıqlarını örtbastır etmək üçün xaricə üz tutdular. Klublara idman direktorlarını sırıyıb dövlətin milyonlarını Avropa banklarına yönəltdilər. Kütləvi şəkildə onlarla futbolçu milliləşdirildi...

Vəziyyət nə həddə çatıb ki, dəvət göndərilən futbolçu düşmən ölkədə “Artsax” adlı kluba keçir. Bu, tək futbolumuza deyil, xalqımıza, dövlətçilimiyizə qarşı cinayətdir, düşmənçilikdir. Yarıtmaz futbol strategiyası nəticəsində klublar dağıldı, dağıdıldı...

İndi isə millinin heyəti, futbolçuları müzakirə olunur. Əgər futbolumuzun parlaq sabahını görmək istəyiriksə qeyd etdiklərim və etmədiklərim yüzlərlə obyektiv səbəblər müzakirəyə çıxarılmalıdır. Hər birimizin başına gəlib. Azərbaycan futbolunda işini bilənlər hər zaman hədəfdə olublar. Futbola cavabdehlər, Toşak, Gede, Starkov, Dənizli, Adams, Lippert, Sxadadze, Nikolov, Avşar, nə bilim Pakistandan gətirlmiş idman direktoru, məşqçiləri isə yada salan yoxdu. Bizdən apardıqları milyonları xərcləyib kənardan seyr edirlər...

Azərbaycan futbolunda 3-5 işini bacaran, nəticə verən yerli mütəxəssis var. Onlar da yox edilsin? Onsuz da illərdi "sapı özümüzdən olan baltalar"ın sayəsində ona doğru planlı şəkildə gedilir. Bununla futbol düzələcəkmi?!.

Qurban Qurbanov, Rəşad Sadıqov və digər məşqçilərin millilərə gəlməsi bir şansdır. Onların ətrafında bütün sağlam qüvvələr birləşməli, narazılıqlar, şəxsi maraqlar kənara qoyulmalıdır. Hədəf, hədəflər Azərbaycan futbolunun gələcəyi naminə doğru seçilməlidir.

Bu gün millilərə keyfiyyətli futbolçular tapılmırsa bunun günahı bu gündə deyil. Amil Yunanov və digərləri də milliyə çağırıla bilər. Bununla Azərbaycan futbolunun yarası sağalmayacaq. Futbolumuza yeni inkişaf modeli gətirilməli, yeni sistem formalaşdırılmalı, yarıtmaz, təsadüfi insanlar futboldan yox edilməlidir. Ağacın budağına çalaq etməklə kök düzəlmir...

On ildi Azərbaycan futbolunu məhv edənlər illərin "qurd"u Berti Foqts, "Real", "Barselona" görmüş Prosineçkiləri yola salıblar. Onlara futbol yox, yeni "qurban"lar lazımdır...

Qurbanların verilməməsi üçünsə....

Düşünün, düşünün ki, sabah "calaq" kimi görünməyəsiz!

Tahir SÜLEYMANOV


Son xəbərlər