“Azərbaycan millisinə sürpriz edə bilərik” – Edmundsonn

“Azərbaycan millisinə sürpriz edə bilərik” – Edmundsonn
MÜSAHİBƏ 25 Yanvar 2018 / 12:15 5622
-  A +

Millətlər Liqasının D divizionunun millimizlə 3-cü qrupunda yer alan Farer adaları yığmasının hücumçusu Yohan Suymun Edmundsson Qol.az saytına müsahibə verib. Danimarkanın 1-ci liqa klublarından “Vayle”nin şərəfini qoruyan 26 yaşlı forvard həm komandasının şanslarını dəyərləndirib, həm də Azərbaycan millisi ilə bağlı fikirlərini açıqlayıb.

- Millətlər Liqasının D divizionunun 3-cü qrupunda Azərbaycan, Malta və Kosovo milliləri ilə mübarizə aparacaqsınız. Ümumiyyətlə, püşkü necə dəyərləndirirsiniz?

- Səbirsizliklə turnirin başlamasını gözləyirik. Qarşılaşacağımız komandaları elə də yaxşı tanımıram. Amma əminəm ki, bizi kifayət qədər yaxşı rəqiblərlə maraqlı oyunlar gözləyir.

- Qrupunuzdakı komandalar bilinəndə reaksiyanız necə oldu?

- Düşünürəm ki, bizim üçün yaxşı qrupdur. Düzdür, 4-cü torbadan Kosovonun əvəzinə başqa komandanın qarşımıza çıxmağını istərdik. Çünki onlar kağız üzərində Andorra, San-Marino və Cəbəllütariqdən zəif görünsələr də, əslində güclü kollektivdir. İstənilən halda qrup bizi qane edir.

- Bəs Azərbaycan millisi haqda nə bilirsiniz? Yəqin məlumatınız var ki, millinin sükanı arxasına “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov keçib...

- Mən Azərbaycan millisinə qrupun favoriti kimi baxıram. Çünki millinizdə, bizdən fərqli olaraq, yüksək səviyyəli futbolçular çoxdur. FİFA reytinqində Azərbaycandan yuxarıda olsaq da, favorit sizin yığmanızdır. “Qarabağ”ın “Kopenhagen”lə oyunlarını izləmişəm. Bu komanda öz çıxışı ilə məni heyran edib. Ona görə də Azərbaycanla oyun bizim üçün böyük sınaq olacaq. Digər tərəfdən, böyük stadionda oynayacağıq. Səbirsizliklə həmin görüşü gözləyirik.

- Azərbaycan millisindən hansı futbolçuları tanıyırsınız?

- Əslində bir neçəsini tanıyıram. Sadəcə, adlarını xatırlamıram. Amma bilirəm ki, yaxşı oyunçularınız var. Vaxtımız çoxdur. Sentyabra kimi bütün rəqiblər haqda ətraflı məlumat alacağıq.

- Qrupdakı şanslarınızı necə qiymətləndirirsiniz?

- Qrupda istənilən rəqibə qarşı oynaya biləcəyimizi hiss edirik. Sona qədər mübarizə aparacağıq. Hətta qrupun favoritinə sürpriz də edə bilərik.

- Azərbaycanla ilk oyun Farer adalarında keçiriləcək. Bu barədə nə deyə bilərsən?

- Azərbaycanla aramızdakı ilk oyunun harada keçirilməsinin elə də önəmi yoxdur. Əsas odur ki, hər iki görüşdə yaxşı nəticə qazanaq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın