"Bizim futbolçular 3 aya "Slaviya"dan "Barselona"ya gedəsi deyil"

"Bizim futbolçular 3 aya "Slaviya"dan "Barselona"ya gedəsi deyil"
ÖLKƏ FUTBOLU 23 Yanvar 2018 / 15:35 6939
-  A +

FİFA meneceri Vaqif Heydərli Qol.az saytına müsahibə verib. Klublarımızın transfer bazarındakı fəaliyyətini dəyərləndirən V.Heydərli ölkə xaricinə apardığı yerli futbolçulardan da danışıb.

- Əvvəlki illərlə müqayisədə Azərbaycanın transfer bazarında vəziyyət necədir?

- Son 1-2 ildə vəziyyət aşağı-yuxarı eynidir. Amma təbii ki, son 3-4 ili nəzərə alsaq, həmin vaxtla müqayisədə sakitçilikdir.

- Bu gün ölkə futboluna səviyyəli legionerlərin gəlişi əvvəlki kimi deyil. Bunun səbəbini nədə görürsünüz?

- Birincisi, klubların sayı azdır. İddia komandalar çox deyil. Pullu klublar azalıb. Nəticədə ölkəyə daha az legioner gəlir.

- Bilirik ki, siz təkcə ölkəyə legioner gətirmirsiniz, həm də xaricə yerli futbolçu çıxarırsınız. Ötən ilin sonlarında demişdiniz ki, yaxın vaxtlarda əcnəbi klublarda yeni azarbaycanlı uşaqlar olacaq. Bu məsələ nə yerdədir?

- İşlər gedir, mütləq olacaq. Bu, 1-2 ayın prosesi deyil. Yaxın vaxtlarda yeni futbolçular olacaq.

- Fərid Nəbiyevdən sonra "Slaviya" klubuna daha iki azərbaycanlı futbolçu - Rövlan Muradov və Amin Seydiyev baxışa yollandı. Yəqin ki, onlar da Çexiya klubuna sizin vasitənizlə gediblər...

- Bəli, onlar yoxlanışa gediblər. Ancaq hələ nəticəsi məlum deyil.

- Nəticə nə vaxt bilinəcək?

- Yanvarın 28-nə qədər məlumat veriləcək. Mən futbolçuları xarici klublara adətən birbaşa müqaviləyə aparıram. Amma bizdə futbolçu qıtlığıdır deyə, istədik ki, nisbətən seçilənlər də şanslarını yoxlasınlar. Buna mən yox, onlar qərar verəcəklər. Vaxtından əvvəl onlardan nəsə soruşmaq hörmətsizlik olar. Zamanı çatanda biləcəyik. Bu, məndən, səndən yox, birbaşa onların özlərindən asılı olan şeydir. Özlərini yaxşı tərəfdən göstərəcəklər, qalacaqlar. Göstərməyəcəklər, qayıdacaqlar. Mən sadəcə, onlara şans verib, dəstək oluram.

- Fərid Nəbiyev "Slaviya"nın gənclər komandasında uğurlu çıxışı ilə diqqət çəkir. Fəridin bu komandadan daha səviyyəli kluba keçmək variantı varmı?

- Fəridin hələ 18 yaşı var. Cəmi 5 aydır legioner həyatı yaşayır. Onun yaxşı yerlərə çatmaq üçün qarşısında hələ çox vaxtı var. 5 ayda ilk mərhələni keçdi. Özünü U-21 komandasında yaxşı şəkildə göstərdi. Bundan sonra növbəti mərhələlər var. Misal üçün, o, harasa icarəyə gedə, yaxud "Slaviya"nın əsas komandasında oynaya bilər. Əslində "Slaviya" da Avropada səviyyəli klub sayılır. Hə, top-kluba getməsi özündən asılıdır. Bunlar mərhələli şəkildə olur. Azərbaycanlı futbolçu 3 aya "Slaviya"nın U-21 komandasından "Liverpul" və ya "Barselona"ya gedəsi deyil. Hələ ki, şükür Allaha, Fərid bu yolda inamla addımlayır. Qalanını zaman göstərəcək. Hər hansı hədəfi varsa, güclü futbolçu olmaq, top-klubda oynamaq istəyirsə, üzərinə qoyaraq inkişaf etməlidi.

- Bəs Budaq Nəsirovu "Sportinq"in əsas komandasında nə vaxt görə bilərik?

- Yenə eyni şeydir. Budaq da cəmi 1,5 mövsümdür bu komandadadır. O, daha səviyyəli çempionat və daha səviyyəli klubdadır. Orda irəli getmək daha çətindir. Əgər Çexiya Avropanın top-klublarına getmək üçün bir az uzaqdırsa, Portuqaliya daha yaxındır. Əsas komandada oynamaq zamanı da gələcək. Sadəcə, Budaqa zədələr imkan vermədi. Son il yarımda 3 dəfə ciddi zədə aldı. Bu gündən məşqlərə başlayır. İnanırıq ki, zədə bir daha yolunu kəsməyəcək.

- Qış fasiləsində yerli klublarımızın transfer fəaliyyətini necə dəyərləndirirsiniz? Bəzi komandalar var ki, məsələn "Kəpəz", fəallıq göstərir...

- Əslində normal transfer strategiyası quran klublar qış pəncərəsində çox oyunçu almırlar. Maksimum 1-2 futbolçu götürürlər. Əsas transferlər yayda olur. Amma bəzi klublar məcburiyyətdən bunu edirlər. Bir çox futbolçunu komandadan çıxarıblar, onların əvəzinə yeni oyunçular almalıdırlar. Belə vəziyyət bütün komandalarda olur. Misal üçün, yeni məşqçi gəlib, yeni komanda qurmaq istəyir. Yəni, bu, duruma görə olur.

- Bilirik ki, siz "Kəpəz"lə əməkdaşlıq edirsiniz, bu komandaya futbolçu verirsiniz. Bundan sonra da yeni futbolçular olacaqmı?

- Bəli, "Kəpəz"lə işləyirəm. Amma klublar təkcə bir menecerlə işləmirlər. Elə mən də tək bir klubla yox, bir neçəsi ilə əməkdaşlıq edirəm. Transfer pəncərəsi bağlanana qədər hər an dəyişiklik ola bilər. Bu gün sizə deyə bilərəm ki, yoxdur. 1 saatdan sonra ola bilər. Və yaxud da əksi. Ona görə də transfer məsələsi mücərrəd anlayışdır desək, daha düzgün olar. Hər zaman qeyri-müəyyən olur.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər