“Birinci divizion gözlədiyimdən də maraqlıdır” - Arif Əsədov

“Birinci divizion gözlədiyimdən də maraqlıdır” - Arif Əsədov
MÜSAHİBƏ 23 Yanvar 2018 / 12:00 4169
-  A +

Birinci divizionda mübarizə aparan “Sabah” klubunun baş məşqçisi Arif Əsədov Qol.az saytına müsahibə verib. Komandasının “Qaradağ-Lökbatan”la yoxlama oyunundakı çıxışını dəyərləndirən mütəxəssis vaxtı ilə çalışdırdığı “Neftçi”nin dünən Rusiyanın “Ska-Xabarovsk” klubuna 1:8 hesablı məğlubiyyətini də şərh edib.

- Yoxlama oyununda “Qaradağ-Lökbatan”a 1:2 hesabı ilə uduzdunuz. Əvvəlcə həmin qarşılaşma ilə bağlı fikirlərinizi bilmək istərdim...

- Bu, bizim artıq 3-cü yoxlama oyunumuz idi. Hazırlığın ikinci mərhələsinə qədəm qoymuşuq. Ayın 19-dan 28-nə kimi olan mərhələnin ilk 3 günündə əsasən fiziki yüklənmələrə yönəlmiş məşqlər edir, bəzi taktiki gedişlərində də üzərində işləyirdik. Oyuna gəldikdə, tam razı qalmasam da, 60-70 faiz istədiyimizi ala bildik. Uduzmağımıza baxmayaraq, oyunun gedişatı məni qane etdi. İlk 20-25 dəqiqəni çıxmaq şərtilə, komanda yaxşı təsir bağışladı. Rəqib birinci divizionun lideridir. Ona görə də bizim üçün yaxşı sınaq oldu.

- Türkiyədə təlim-məşq toplanışınız nəzərdə tutulmuşdu. Niyə alınmadı?

- Biz Türkiyə toplanışı planlaşdırmamışdıq. Bu söhbətin hardan çıxdığını bilmirəm. Seleksiya xarakterli birinci mərhələ Bakıda, ikinci mərhələ isə “Əlincə” stadionunda olmalı idi. Hazırda da təlim-məşq toplanışı plan üzrə gedir. Sadəcə, ehtiyac duyularsa, 3-cü mərhələ Türkiyədə ola bilərdi. Amma 100 faizlik bir şey yox idi.


- Artıq bir müddətdir, birinci divizionda işləyirsiniz. Ümumiyyətlə, Premyer Liqadan sonra aşağı dəstədə çalışmaq necədir?

- Bura gözlədiyimdən də maraqlıdır. Divizionda daha çox iş var. Bir məşqçi nəyisə sıfırdan etmək istəyirsə, aşağı dəstə onun inkişafı üçün vacib yerdir. Bilirsiniz ki, “Sabah” yeni yaranmış komandadır. Hər şeyə sıfırdan başlamışıq. Özüm də belə şeyləri xoşladığım üçün divizionda işləmək mənə maraqlı gəlir.

- “Sabah”ın hədəfləri nədən ibarətdir?

- “Sabah”ın yaradılması 3 illik layihədir. İlk ildə komandanın formalaşdırılması nəzərdə tutulub. Amma seçimlərimizin yaxşı olmaması birinci dövrədə nəticələrimizə təsir göstərdi. Hazırda komandanı gücləndirməyə çalışırıq ki, mərhələli şəkildə məqsədə çataq.

- Dünən sabiq komandanız “Neftçi” yoxlama oyununda Rusiya çempionatının autsayderlərindən “SKA-Xabarovsk”a 1:8 hesabı ilə uduzdu...

- Oyunu izləyə bilmədim. Çünki həmin vaxt özümüz yoxlama matçı keçirirdik. Sadəcə, nəticəni gördüm.

- Nəticəni görəndə hansı hissləri keçirdiniz?

- Əlbəttə, yaxşı nəticə deyil. Amma nəzərə alaq ki, bu hazırlıq oyunudur. Belə matçların öz məqsədi var. Baş məşqçi komandadakı boşluqları görməyə çalışır. Komandanın içində olmadığım üçün nəyisə detallarla deyə bilmirəm. Nəticə baxımından uğursuz olsa da, yoldaşlıq oyunudur. Buna ən yaxşı komandanın baş məşqçisi özü şərh verə bilər. Biz isə sadəcə kənardan izləyirik.

- “Neftçi”nin son illərdəki uğursuzluğunun səbəbini nədə görürsünüz?

- Bu haqda çox danışılıb. Təkrarlamaq istəməzdim. Gəlin pozitiv danışaq ki, o uğursuzluqlar arxada qalsın və daha uğurlu qrafik cızsın ki, yenidən əvvəlki “Neftçi” qayıtsın.

- “Neftçi” çempionatda istədiyi yerdə olmasa da, ölkə kubokunda yarımfinaldadır. Komandanın kuboku qazanmaq şanslarını necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, həmin uğurlu yollardan biri elə kubokun yarımfinalına çıxmalarıdır. Kuboku qazana biləcəklərinə şübhəm yoxdur. Çünki 4 komandanın içində potensiallılardan biri də “Neftçi”dir. Kuboku qazandıqdan sonra əvvəlki ab-havanı qaytara bilər. Yəni, şansı var.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər