"Yeni transferlərdən çox şey gözləyirik" - Ayxan Abbasov

"Yeni transferlərdən çox şey gözləyirik" - Ayxan Abbasov
XƏBƏR 12 Yanvar 2018 / 19:51 3320
-  A +

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov bu gün Bakı Olimpiya Stadionunda jurnalistlərin suallarını cavablandırıb.

- Əsas komandanız əvəzedici heyətinizlə qarşılaşdı və 4:0 hesabı ilə qalib gəldi. Matçla bağlı nə deyə bilərsiniz?

- Bu oyundan çox şey gözləmirdik. Əsas məqsədimiz futbolçuların oyun hissiyyatını qaytarmaqdır. Arada fasilə yarandı. Axırıncı məşqlərdən sonra isə belə görüş lazım idi. Yoxlama matçı üçün öz əvəzedicilərimizi seçməkdə məqsəd oradakı cavanlara baxmaqdır. Onlar hər zaman gözümüzün önündədirlər. Bu qarşılaşmanı ikitərəfli oyun kimi də qələmə vermək olar. Məncə, normal idi.

- Diqqətinizi cəlb edən hansısa futbolçu oldu?

- Bu gün limitə düşən futbolçuların çoxu meydanda idi. İbrahim Rəhimli, Müşviq İlyasovu oynatdıq, ikinci hissədə Milad Bayramovu yoxladıq. Əvəzedici heyətdə 2001-ci il təvəllüdlü bir uşaq xoş təsir bağışladı. Öz akademiyamızın yetirməsidir və yəqin ki, bizimlə məşqlərə başlayacaq.

- Legionerlər komandaya yeni qoşulduqları üçün bu gün yox idilər? Onların durumu necədir?

- Legionerlərə proqram vermişdik. Biz burada başlayanda, onlar da öz ölkələrində məşqə start vermişdilər. Durumları normaldır. Onları “Keşlə” ilə yoxlama matçında meydanda görə biləcəyik.

- Yeni transferlər - Tellur Mütəllimov, Mirsahib Abbasov və Elşən Abdullayev barədə nə deyə bilərsiniz?

- Onların potensiallarını bilirik və çox şey gözləyirik. Məncə, uyğunlaşmada problem olmayacaq. Bu oyun da ansambldan geri qalmadıqlarını göstərdi.

- Jozef Bumun yubanması nə ilə əlaqədardır?

- Bizdən icazə istəyib. Son iki matçda da zədə üzündən meydana çıxmamışdı. Zədəsini müalicə edir. Yanvarın 13-də gələcək.

- Bundan sonra transfer gözlənilir?

- Yeni oyunçu axtarırıq. Əsasən, orta xəttə istəyirik və baxırıq. Yaxın günlərdə həll etməyə çalışacağıq.

- Əcnəbidir, yoxsa yerli?

- Əcnəbi. Daha yerli oyunçu yoxdur. Hamısı öz klublarındadır (gülür - red.).

- Ufuk Budakın məsələsi necə oldu? Onu “Zirə”nin istədiyinə dair məlumat vardı...

- İstəyir söhbəti olmayıb. Bir menecer bizə müraciət etdi ki, Budak klubundan ayrılıb, azad agent olub. Biz də maraqlandıq. Lakin sonra öyrəndik ki, Azərbaycana gəlmək fikri yoxdur. Biz də buna isti baxmadıq. Yəni menecer təklif etmişdi.

- Zaur Həşimov köməkçiniz olaraq işini davam etdirəcək?

- Bu məsələ hələ açıq qalıb. Ona görə də əvəzedici heyətdən Kamen Vasilyevi gətirmişik. Onu yaxşı tanıyıram. Əvəzedici komandada mənimlə də çalışıb. Həşimovun aqibəti bilinmir. Çünki yığmada da işlər çoxdur. Düzdür, bir il vaxtları var. Amma seleksiya aparmalıdır. Ona da kömək lazımdır.

- Qış fasiləsində yığmaların toplanışlarının olması klubların işinə mənfi təsir etməyəcək?

- Bütün millilərdə yeni baş məşqçilərdir. Onlara komandalarını tanımaq üçün toplanış vacib idi. 19 və 21 yaşadək milli komandaların toplanışda olması bizə maneçilik törətməyəcək. Çünki hazırda yığmada olanlardan digər yoxlama matçlarında istifadə edəcəyik. Milliyə dəvət almaq həmin futbolçular üçün də bir stimuldur.

- Əsas milliyə kimlərin çağırılacağına dair “Zirə”yə məlumat verilib?


- Hələlik yox. Onların vaxtına hələ var.

- Millidəki dəyişikliklər gələcəyə ümid verir?

- Dəyişiklik olub deyə, əvvəlki məşqçiləri pisləmək də düz deyil. Son 10 ili götürsək, inkişaf var. Bu, göz qabağındadır. Klublarımız avrokuboklarda yaxşı çıxış edir. Lakin aşağı yaş qrupları üzrə yığmaların seçmə mərhələlərdə uğursuz nəticələri olur. İnanıram ki, gənc məşqçilərimiz yenilik gətirər, təzə atmosfer olar. Onların gələcəkdə özlərini doğruldacaqlarına inanıram. Öz gənclərimizdən istifadə etmək, yönəltmək lazımdır. Tək o məşqçilərə yox, klublara da iş düşür. Millinin məşqçiləri bir həftə - 10 günlə nəsə edə bilməzlər. Bu yöndə gərək geniş baxaq. Klubarımızda işlər düz getməli, uşaqlarımız inkişaf etməlidirlər. Doğrudan da bu yöndə axsayırıq.

Mənbə: report.az

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı