"Top ayağıma iki dəfə dəydi" - "Qəbələ"nin sınadığı braziliyalı

"Top ayağıma iki dəfə dəydi" - "Qəbələ"nin sınadığı braziliyalı
ÖLKƏ FUTBOLU 11 Yanvar 2018 / 15:19 6515
-  A +

"Qəbələ"nin baxışa çağırdığı braziliyalı hücumçu Kayke Vercilio Qol.az saytına müsahibə verib.

- "Qəbələ"yə gəlişin necə baş tutdu?

- Məni bura Daniel Kruz gətirib. O, özü də əvvəl bu komandada çıxış edib. İndi isə menecerliklə məşğuldur.

- 1 həftəyə yaxındır baxışdasan. Komanda ilə bağlı ilkin təəssüratların necədir?

- "Qəbələ"də hər şey əladır. Çox xoşuma gəldi, yaxşı komandadır.

- "Qəbələ" xoşuna gəlibsə, deməli, qalıb oynamaq istəyərsən...

- Əlbəttə, "Qəbələ"də oynamaq istəyərəm. Amma komandada qalıb-qalmayacağımı bilmirəm. Çünki bu, təkcə məndən asılı deyil.

- Artıq komanda üzvləri ilə tanışsan, dünən yoxlama oyununa da çıxmısan. Səncə, əsas heyətə düşmək üçün futbolçularla rəqabət apara bilərsən?

- Hamısı yaxşı oyunçulardır. Dünənki oyunda da əla təsir bağışladılar. Amma mən də pis deyildim. Rəqabət barədə indi nəsə deməyim düz olmaz. Çünki hələ heç nə dəqiq deyil.

- Oyundan sonra baş məşqçi ilə söhbətiniz oldu?

- Yox, danışmadıq. Mənə heç nə demədi.

- Azərbaycan futbolu haqda nə bilirsən?

- Heç nə bilmirəm.

- Bəs ölkəmizdə çıxış edən braziliyalılardan kimlərisə tanıyırsan?

- Xeyr, Daniel Kruzdan başqa, heç birini tanımıram.

- "Qarabağ" haqda necə, eşitmisən?

- Hə, "Qarabağ"la bağlı məlumatım var. Bu mövsüm Çempionlar Liqasında mübarizə aparıblar.

- "Qarabağ"da sənin 2 həmyerlin çıxış edir: Riçard Almeyda və Pedro Enrike...

- Onlar "Qarabağ"da oynayırlar? Heç birini tanımıram.

- Daniel Kruz sənə heç bir məlumat verməyib?

- Yox, heç nə deməyib. Açığı, hələ bu barədə danışmağa vaxt da olmayıb.

- Bəs o, səni Azərbaycana gətirəndə nə dedi?

- Dedi ki, "Qəbələ"də yoxlanışdan keçmək variantı var. Bir də onu söylədi ki, çox əla komandadır.

- Bunu eşidəndə reaksiyan necə oldu?

- Normal. Çünki başqa təkliflərim də var idi. Amma mən "Qəbələ"ni seçdim.

- Seçiminin səbəbini açıqlaya bilərsən?

- "Qəbələ"nin Avropa Liqasının qruplarında iştirak etdiyini bilirəm. Bu komandada oynamaq mənim üçün xoş olardı.

- Baş məşqçi Roman Qriqorçukla bağlı hansı fikirdəsən? Necə mütəxəssidir?

- Baş məşqçi ilə bağlı ilkin təəssüratlarım pis deyil. Amma hələ ətraflı nəsə deyə bilmərəm. Çünki cəmi 1 həftdədir ki, onun başçılığı altında məşq edirəm.

- "Akhisar"la yoxlama oyunundakı çıxışını necə qiymətləndirirsən?

- Cəmi 10 dəqiqə meydanda oldum. 2 dəfə ayağıma top dəydi, heç nə edə bilmədim.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər