"Məqsədimiz o idi ki, 0:4, 0:5 hesabı ilə uduzmayaq" - Samir Əliyev

"Məqsədimiz o idi ki, 0:4, 0:5 hesabı ilə uduzmayaq" -  Samir Əliyev
MÜSAHİBƏ 4 Yanvar 2018 / 16:03 4366
-  A +

Premyer Liqamızın debütantı olan "Səbail"in baş məqşçisi Samir Əliyev Qol.az saytına müsahibəsində komandasının qış fasiləsinə qədərki çıxışından, transfer planlarından və digər məsələlərdən danışıb.


- "Səbail" qış fasiləsinə 6-cı pillədə yollandı. Komandanızın çıxışını və nəticəsini necə qiymətləndirirsiniz?

- Bu beş ay ərzində 24 futbolçudan istifadə etdik. Çalışdıq ki, futbolçuların hər birinə şans verək. Bəzisi çox, bəzisi az oynadı. Ümumi götürəndə yaxşı oyunlarımız da oldu, pis də. Məncə, elə də pis çıxış etmədik. Bütün rəqiblər bizə ciddi yanaşdı. Uduzanda da heç kimə asan təslim olmadıq.  Biz komandanı quranda məqsədimiz o idi ki, debütant olsaq da, asan rəqib olmayaq. Komandalar bizi rahatlıqla udmasın. Ən azından layiqli mübarizə aparaq. Hansısa yeri tutmaq kimi bir məqsədimiz yox idi.

- Klub rəhbərliyi işinizdən nə dərəcədə razıdır?

- Əslində çox gözəl sualdır, ancaq bunu rəhbərlikdən soruşsanız, daha yaxşı olardı. Demək olar ki, rəhbərliklə tez-tez görüşürük. Məncə, narazılıq yoxdur. Çünki yeni yaranan klubdur. Büdcəsi elə yüksək deyil. Bəlkə də çempionatda ən az büdcəsi olan komandadır. Buna görə də rəhbərlik bizdən narazı qalmaz. Bizim məqsədimiz o idi ki, rəqiblərə 0:4, 0:5 hesabı ilə uduzmayaq. Debütant komandalarda belə şeylər olur. Məncə, "Qarabağ", "Qəbələ" "Zirə" kimi komandalar da bizimlə oyunlarda əziyyət çəkir. Hətta bəzi oyunlarda onlara qalib də gələ bilərdik.

- Fasilədə nələri dəyişmək fikriniz var?

- İstər büdcəsi yaxşı, istərsə də zəif olan bütün komandalarda çatışmazlıqlar var. Biz də mövsümün ilk yarısındakı oyunlarımızın təhlilini aparmışıq. Çatışmazlıqlarımız çoxdur. Hər bir məşqçi istəyər ki, səviyyəli futbolçuları olsun ki, istədiyi nəticəni verə bilsin. Ancaq sözün düzü, mən bu uşaqlarla işləməkdən zövq alıram. Fasilədən sonra nəyi necə etməli olduğumuzu bilirik. Sabahdan məşqlərə başlayacağıq. Əsas məqsəd odur ki, yaxşı hazırlaşaq.

- "Səbail"in əsas çatışmazlıqlarından biri qol vura bilməməsidir. Komandanız 14 oyuna cəmi 9 qol vurub.

- Bəli, qol vurmaqla bağlı problemimiz var. Əslində hər bir rəqibə qarşı oyunda qol vəziyyətlərimiz olur. Elə "Qarabağ"la son görüşdə də yüzfaizli qol epizdoundan yararlana bilmədik. Bu da futbolçularımızın təcrübəsizliyindən irəli gəlir. Qarşıda kifayət qədər vaxtımız var ki, müəyyən səhvləri aradan qaldıraq. Futbolçular öz üzərlərində daha çox işləməlidir ki, əllərində düşən qol imkanından maksimum yaralansınlar.

- Yəqin komandaya yeni hücumçu cəlb olunacaq.

- Belə fikrimiz var. Hücum xəttində rəqabəti artırmaq istəyirik. Ən az qol vuran komandayıq. Düzü, bizim büdcəmizə uyğun yaxşı hücumçu tapmaq çətindir. Bir əcnəbi hücumçu ilə danışıq aparırıq. Demək olar ki, razılaşmışıq. Sadəcə, gəlməyini gözləyirik. Hansısa problem yaranmasa, gələn həftə müqavilə imzalayacağıq.

- Hansı ölkədəndir?

- Afrika ölkəsidir. Ən ucuz variant Afrikadır.

- Komandadan beş futbolçu göndərilib. Gedənlər yenə olacaq?

- Çox güman ki, olacaq.

- Sentyabrda komandaya cəlb etdiyiniz hücumçu Adiran Papoviçi ilə yolları ayırdınız. O, istənilən oyunu sərgilmədi?

- Bəli, sırf ona görə göndərdik. Bizim oyun sisteminə uyğun gəlmirdi.

- Komandada yeni müqavilələr olacaq?

- Gənc oyunçularla ən azı iki il müqaviləmiz var. Ancaq müqaviləsi olan futbolçularımızla da danışıq aparırıq. Çünki indidən gələn mövsümünn planlarını cızırıq.

- "Kəpəz"dən ayrılan Kərim Diniyevin "Səbail"ə keçəcəyi haqda xəbər yayılıb.

- Dünəndən mətbuatda belə bir söz-söhbətlər gəzirdi. Ancaq biz Kərimlə bu gün danışıb razılığa gəlmişik. Bu günə qədər elə bir söhbət yox idi. Artıq onu komandaya götürdük. Bir saat əvvəl danışdıq. 1-2 günə müqavilə imzalayacağıq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı