"... Qırğın olardı” - Cavid Hüseynov

"... Qırğın olardı” -  Cavid Hüseynov
ÖLKƏ FUTBOLU 16 Dekabr 2017 / 00:00 4089
-  A +

“Qəbələ”nin kapitanı Cavid Hüseynov ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Səbail” üzərində 4:2 hesabı ilə qalib gəldikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- İlk oyunda qələbə qazansaq da, çətin olacağını bilirdik. Hesab bərabərləşəndə bir az narahatçılıq keçirdik. Sonradan vəziyyəti düzəldə bildik və növbəti mərhələyə çıxdıq.

- Kənardan çətinlik çəkdiyiniz görünmürdü. Əksinə, “Səbail”i asanlıqla məğlub etdiniz...

- Bizim oyun sistemimizdə dəyişiklik oldu. Hazırkı üslubumuz buna imkan verir ki, meydanda sərbəst hərəkət edək. Rahat qələbəmizi yalnız bununla əlaqələndirərdim.

- İlk oyunda çətin qələbə qazansanız da, cavab matçında 4:2 hesabı ilə qalib gəldiniz...

- Hesab haqqında düşünməmişdik. Düşünürəm ki, oyuna görə, ədalətli nəticə oldu.

- Roman Qriqorçuk daha çox yerli futbolçuların çıxışından narazılıq edir. Bu, nə ilə bağlıdır?

- Bizə heç nə deməyib. O, həmişə tələbkar olub. Futbolçunun adı baş məşqçi üçün önəmli deyil. Daha çox iş görmək istəyir. Qeyri-adi bir şey yoxdur.

- Yarımfinaldakı rəqibiniz “Neftçi” olacaq. Final şanslarınızı necə qiymətləndirirsən?

- Bu oyundan sonra istirahətə çıxırıq. Təlim-məşq toplanışından kimin necə qayıdacağı bilinmir. Məncə, əsas məqam budur. Bu gün biz də formadayıq, “Neftçi” də. Onlar öz inamlarını geri qaytarıblar. Bu dəqiqə “Neftçi”də psixoloji cəhətdən hər şey yerindədir. Bizdə də hər şey qaydasındadır. Oyun bir həftə sonra keçirilsəydi, qırğın olardı. Amma toplanışdan sonra necə olacağını bilmək çətindir.

- Səncə, qış fasiləsində “Qəbələ”nin güclənməsinə ehtiyac var?

- Məncə, ehtiyac var.

- Hansı mövqelərə futbolçu alınmalıdır?

- Bunu mənim deməyim düzgün olmaz. Məşqçi hər şeyi yaxşı görür.

- İlin ən yaxşı futbolçusu olaraq, kimi seçərdin?

- Kiminsə adını çəksəm, başqası inciyə bilər. Məsələn, komandamızdakı Filip Ozobiçi qeyd edərdim.

- Jurnalistlərin səsverməsinə əsasən Rəşad Sadıqov qalib olub. Bu seçimlə razısan?

- Rəşad bizim kapitanımız və ən yaxşı futbolçularımızdan biridir.

- Milli komanda Qurban Qurbanovun başçılığı altında ilk oyununu Gürcüstan yığmasına qarşı keçirəcək. Rəqib seçimini necə dəyərləndirirsən?

- Məncə, yaxşı seçimdir. Gürcüstan millisi layiqli rəqibdir. Oyunlarına baxmışıq, rəqibin gücünə bələdik. Qurban müəllim bu oyunda kimin nəyə qadir olduğunu görə bilər.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər