"Yan xətt hakimləri göz görə-görə səhv etdilər" - Ayxan Abbasov

"Yan xətt hakimləri göz görə-görə səhv etdilər" - Ayxan Abbasov
GÜNDƏM 14 Dekabr 2017 / 21:46 4512
-  A +

 “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Belə oyundan sonra danışmaq çətindir. Bizim üçün 2 cəbhədə vuruşmaq ağırdır. İki oyunçumuz - Sadiq Quliyev və Aleksandr Şemonayev yox idi. Ümumi götürsək, qışa qədərki çıxışımız normaldır. Kubokda yarımfinala çıxmasaq da, uşaqları təbrik etdim. Bizi qarşıda 2 dövrə gözləyir, ona hazırlaşmalıyıq. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. İstirahətə ehtiyacımız var. Bundan sonra çatışmazlıqların üzərində işləyəcəyik.

- Elə futbolçularınız var ki, bu cür təzyiqdə oynaya bilmirlər...

- Doğrudan da, təzyiq var idi. “Neftçi”nn var gücü ilə hücum edəcəyini bilirdik. Birinci hissədə etdiyimiz səhvləri buraxmamalıyıq. Heyətdə bəzi futbolçuların alternativi yoxdur. Zədəlilər sağalandan sonra komandada daha güclü rəqabət olacaq. Bu oyun da bizim üçün təcrübə idi.

- David Manqanın “Zirə”dən ayrılacağı haqda xəbərlər yayılsa da, bu gün ona şans verdiniz, lakin fasilədə əvəzlədiniz. Bu nə ilə bağlı idi?

- Manqa legionerlərimizin sırasında ən saf insandır. Onunla yollarımızı ayırırıq. Manqa bizə kömək etməyi çox istəyirdi. Çempionatın əvvəlindən o, özünü yaxşı hiss etmirdi, nəsə onda alınmırdı. İnanmırdım ki, bu gün nədənsə çəkinsin. Taktiki gedişimiz var idi, buna görə Manqanı meydana buraxdım. 0:2 hesabı ilə geridə olanda isə Vüsal İsgəndərlini meydana buraxdım. Ümumən, Manqadan narazı olmasam da, onda Azərbaycanda alınmadı.

- Hakimliklə bağlı nə deyə bilərsiniz?

- Hakim səhv etsə belə, futbolçular səbrli olmalıdılar. Yan xətt hakimləri göz görə-görə autu səhv verirdilər. İlin sonunda belə gərgin olmaq bizim üçün də xoş deyil. Amma gərginlik də normaldır.

- Heyəti gücləndirməsəniz, növbəti dövrələrdə sizə çətin olmayacaq?

- Çalışacağıq ki, komandaya 1 legioner dəvət edək. Amma qışda xarici futbolçu tapmaq çətindir. Bilirik ki, digər komandalar güclənəcəklər. Amma zədəlilərimiz sağalandan sonra bizdə də problem olmayacaq.

- İkinci hissədəki oyunu qol buraxana qədər oynasaydınız, nəticə sizin xeyrinizə ola bilərdi?

- Azərbaycanda dəb alıb ki, biri deyir hücum futbolu oynayıram, digəri başqa söz deyir. Bizdə inam çatmadı, uşaqlarda həyəcan var idi. Qalan şeylər normal idi. “Neftçi” bizim qapımızın ağzına gələ bilmirdi, rəqibi əks-hücumlarda tuta bilərdik. İki imkanımız oldu, dəyərləndirməyi bacarmadıq. Amma rəqib çox qüvvə ilə üstünə gələndə geriyə çəkilməyə məcbur olursan. Mənim futbola baxışım belədir. Düz yoldayıq, gələcəkdə bu işləri daha kəsərli etməliyik.

- Hansı mövqeyə legioner gətirmək fikrindəsiniz?

- İrəli xəttə xarici futbolçu transfer etməyi düşünürük.

Daha çox


Son xəbərlər