"İndi də mən klublardan eyni münasibəti gözləyirəm" - Qurban Qurbanov

"İndi də mən klublardan eyni münasibəti gözləyirəm" -  Qurban Qurbanov
GÜNDƏM 14 Dekabr 2017 / 17:43 5970
-  A +

Son illərin, ayların, günlərin ən üzdə olan siması Qurban Qurbanovdu. Qazandığı uğurlar, nəticələrin zamanla yaxşılığa doğru dəyişməsi onu jurnalistlər üçün vazkeçilməz simaya çevirir. Onun hər müsahibəsində maraqlı nəsə tapmaq olur, verdiyi mesajlar dəqiqliyə hesablanır.
 
Son bir həftədə Qurban bəy jurnaistlərlə daha sıx təmasda oldu. Əziyyətinin qarşılığı olaraq, ilin məşqçisi seçilən Qurbanov, həm də milli komandaya təyinat aldığından, zaman-zaman sual yağışına tutuldu.
 
Bununla belə, o, taktikanı dəyişmir, səbrlə top saxlayır, birbaşa hücum taktikası seçmir. Bu səbəbdəndi ki, həm də “Qarabağ”ın baş məşqçisi olan Qurban bəy əks-hücumda yaxalanmır. O, təyinatın İcraiyyə Komitəsində təsdiqlənməsini gözləyir. Yalnız bundan sonra milli komanda barəsində ətraflı danışmaq niyyətindədi.
 
Bu gün yolumu “Qarabağ”ın bazasından saldım. Özüylə danışmışdıq, geniş müsahibə üçün razılıq vermişdi. Amma elə salamlaşmada növbəti dəfə milli haqda danışmaq istəmədiyini dedi.
 
Qurban bəyi illərdi şəxsən tanıdığımdan, dirəşməyin mənasının olmadığını anladım. Amma belə razılaşdıq ki, sadəcə, söhbət edəcəyik və bir neçə suala cavab verəcək. Milliylə bağlı da suallar olacaq və istəsə, cavablamayacaq.

 
- Robert Prosineçki millinin baş məşqçisi olarkən, yığmayla bağlı heç vaxt danışmazdız, bunun ona hörmətsizlik olacağını deyərdiz. İndi həmkarlarınızdan özünüzə qarşı eyni münasibəti gözləyirsiz?

- (uzun pauza) Hesab edək ki, bu sualı verməmisən (gülür)...
 
- Milli komandalara nəzarət sizə keçdikdən sonra bunu daha çox hiss edəcəksiz. Ölkədə istedadlı futbolçu nəsli yetişmir. “Qarabağ”ın özündə də bu baxımdan durğunluqdu...

- Razıyam. Ümumən uşaq futbolunda sanki istedad qıtlığı var. Amma bu, zamanla bağlıdı. Həmişə belə olur. Bir də gördün elə bir nəsil ortaya çıxacaq ki, xeyli yaxşı futbolçu görəcəyik. Bu gün isə ən pis dönəmdi, yaxşı nəsli yetişdirmək, üzə çıxmalarını gözləməliyik. “Qarabağ”da işləri sürətləndirmişik. Bu ildən uşaq komandalarına daha ciddi nəzarət və qayğı var, bəhrəsini də görəcəyik. 19 yaşlılardan ibarət yaxşı komandamız var. 2 yaş qrupunda da ciddi ümid bəslədiyimiz uşaqlar mövcuddu. Lakin razıyam ki, bu gün ağızdolusu danışa bilmirik. Zamanla bu problemlər də həllini tapacaq. Uşaq futboluna klubda diqqəti artırmışıq və çox böyük irəliləyiş olacaq.
 
- Belə çıxır ki, vitse-prezidentiniz Tahir Gözəlin açıqlaması da təsadüf deyilmiş. O, komandanın artıq öz yetirmələrini ortaya çıxarmaq vaxtının çatdığını bildirmişdi.

- Əslində, bu, yenilik deyil. Tahir bəylə istəyimiz həmişə bu olub. O da istəyir ki, öz yetirmələrimiz üzə çıxsın və buna çalışırıq. Amma tutduğumuz xətt də davam edəcək. Öz yetirmələrimizin üzə çıxmasına çalışmaqla yanaşı, legionerlərə də, təcrübəli futbolçulara da diqqət ayıracağıq.
 
- Millinin rəhbərliyiniz altındakı ilk toplanışı yanvarın sonun təsadüf edir. Həmin vaxt klublar mövsümün ikinci yarısına hazırlığın pik mərhələsində olacaq. Oyunçuların milliyə görə düşərgədən ayrılması klubların narazılığına səbəb olmayacaq?

- İstər-istəməz olacaq - onları başa düşürəm. Amma klublar da bizi başa düşməlidi, onların rəhbərləri ilə danışacam. Mənim planım yanvarın 25-dən 31-ə kimi idi. Rəqib tapmaqda problem yaşadıq, Gürcüstan millisi fevralın 2-də oynamağa razılıq verdi. Bu səbəbdən planı dəyişdik, 27-si axşam yığışacağıq və oyundan sonra hamı klubuna qayıdacaq. Hamı milli komandaya görə vəziyyətin belə alındığını başa düşməlidi. Biz də dəfələrlə milli komandaya görə güzəştə getmişik, həftələrlə hazırlığımız pozulub. Hamımız ilk növbədə millini düşünməliyik, klubda olanda buna etiraz etməmişəm, şərait yaratmışıq, indi də eyni münasibəti gözləyirəm. Kiçik futbol ölkəsiyik, millimizin inkişafı üçün buna məcburuq.
 
- Millidə işə başlayandan sonra “Qarabağ” ikinci planda qalmayacaq?

- Yox. Bu, mümkün deyil. Belə vəziyyət yaransa, bu, mənim məsuliyyətsizliyim olar. Hansı yükün altına girdiyimizi bilirik və bir işi digərinə qətiyyən qurban verməyəcəyik. Eyni məsuliyyət, eyni çalışmaq həvəsi olacaq. Əksinə, əvvəlkindən daha yaxşı işləyəcəyik ki, söz-söhbət üçün kiçik şans olmasın.
 
- Çempionlar Liqasının qrup mərhələsi üçün Bakı Olimpiya Stadionu seçilərkən bu qərarın ürəyinizcə olmadığı hiss edilirdi. Təcrübə isə göstərdi ki, bu qərar doğru imiş.

- Riskli addım sayırdım. Bunun komandaya pis təsir etmə ehtimalı böyük idi, bütün oyunlarda uduza bilərdik. Uyğunlaşma ilə bağlı çətinlikləri göz önünə gətirirdim. Amma belə bir stadionumuz varsa, onun imkanlarından istifadə edilməlidi. Mənim üçün azarkeşin məmnunluğu çox vacib idi. Ümid edirəm ki, bu stadionda hər şey onların da ürəyincə oldu.
 
- Avrokubok oyunları bitdi, qışdan sonra çempionatda 14, kubokda da 3-4 matç olacaq. Bu qədər zəngin heyət çox deyilmi? Hansısa oyunçularla vidalaşmağı və ya icarəyə göndərməyi düşünmürsüz?

- Açığı fikirləşirik. Yəqin, dəyişiklik olacaq. Amma həqiqətən konkret qərarımız yoxdu. Hələ fikirləşəcək, vəziyyətə baxacağıq. Ola bilər, kimisə təcrübə toplaması üçün biz göndərək və ya hansısa oyunçu özü daha çox oynamaq istəyi ilə müraciət edib, buraxılmasını istəsin. Hər bir oyunçu mənə lazımdı, lakin kiçik dəyişikliklər olacaq.
 
- Qrupda 2 komandadan xal ala bilmədiz. Deyəsən, onların sirrini öyrənmək üçün Rəşad Sadıqov “Roma”nın, siz isə “Çelsi”nin düşərgəsinə gedirsiz... Həm də sizin oynatdığınız futbol “Çelsi”nin futbolu deyil.

- (gülür) Bunun məsələyə dəxli yoxdu. Söhbət futboldan da getmir. Həmişə lider məşqçilərlə maraqlanmışam, onların işi mənə maraqlı olub. Futboldan kənarda da liderlərlə çox maraqlanıram. Antonio Konte milli komandada da işləyib, mənim üçün onun metodları, iş prinsipləri maraqlıdı.
 
- Milli komandada bütün köməkçiləriniz bəllidi?

- Tam yox. Elçin Rəhmanov, Çudomir Çakarov, Dmitri Kramarenko... Böyük heyət olmayacaq. Yəqin, bir nəfər də olacaq - axtarırıq.
 
- “Adidas” həvəskarısız, həmişə komandalarınızda bu geyimlərə üstünlük vermisiz, millidə “Nike” geyinmək sıxıcı olmayacaq?

- Niyə belə suallar verirsən? Bu şirkətlə müqavilə var...

Davam etmək istəmir, müsahibəni yekunlaşdırırıq. Xaotik dialoq alınsa da, milliylə bağlı bəzi cavablar qopardığım üçün məmnunam.
 
Qurban bəylə danışmaq üçün o qədər mövzu var ki, saatlar bəs etməz. Amma o, yalnız gündəmə uyğun danışmağı sevir, çox danışmağın təkrarçılığa səbəb olacağını, insanları bezdirəcəyini, sözün də dəyərdən düşəcəyini düşünür. Onu başa düşür, söhbətimizi bir saatla yekunlaşdırırıq.
 
Diktofonsuz da xeyli söhbət etdik. Bir sıra aktual problemlər barədə dərdləşdik, bir-birimizi dinlədik. Əla həmsöhbət, əla insan, əla da məşqçidi.
 
Otağındakı yazı lövhəsində U-21 yığmasının heyətinin sxemi çəkilmişdi. Orada kimlərin adının olması, qoy, sirr kimi qalsın, lakin əmin olun ki, Qurbanovun təyinatı ölkə futboluna yalnız xeyir gətirəcək. Hətta iş naminə səhər yeməyini də otağında, ayaqüstü yeyirdi. Vaxt itirmək istəmir, ölkə futbolunu bataqlıqdan çıxarmaq missiyası Qurban bəyin çiyinlərinə yüklənib.

 
Vüsal MAHMUDOV
Futbolinfo.az

Daha çox


Son xəbərlər