Banişevskiyə necə kələk gəldilər?

Banişevskiyə necə kələk gəldilər?
YAZARLAR 11 Dekabr 2017 / 13:02 3504
-  A +

Dünən ölməz Banişevskinin vəfatından 20 il keçdi. Yetirməsi olduğu “Neftçi”nin kollektivi, bir də 3-5 idman jurnalistini çıxmaqla futbolumuz üçün bu kədərli tarixi yada salan olmadı. Nə AFFA, nə də... Komanda yoldaşları bir-bir bu dünyadan köçüb gedir. Ona görə də ölüm və doğum günündə qəbrini ziyarət edənlərin sayı da ilbəil azalır. Amma qınamayın, bizim yaşayan bir çox futbol veteranını.

Axı, Banişevskinin qəbrini ziyarət edənə pul vermirlər...

***

Jurnalistikamızın canlı əfsanəsi Şakir Yaqubov bir yazısında qeyd etmişdi ki, 1991-ci ildə, hələ cavan olan (cəmi 45 yaş), lakin zahirən azı 60 yaşlı qocanı xatırladan Anatoli Banişevski unudulmaz həmkarımız (yeri gəlmişkən, mənim də jurnalistikada müəllimim), rəhmətlik Adil Qaçayoğluna verdiyi müsahibədə deyirdi: “Mən siyasətbazlığı öz ləyaqətimdən aşağı sayıram, siyasətlə həqiqi mənada məşğul olmaq isə mənim imkanlarımdan xaricdir. Amma qanlı yanvar günlərində ürəyimdən bir hiss keçdi: “Bu çətin dövrdə hətta məni qovan da olsa, Bakıdan getməyəcəyəm”. Heç kəsə deməmişəm, indi sizə deyirəm: hətta bir gün Azərbaycan SSRİ-dən ayrılsa, mən yenə də bu respublikanın vətəndaşı olaraq qalacağam. Kiminsə xoşuna gəlmək üçün demirəm: mən Azərbaycanın çörəyi ilə böyümüşəm, elə xaraktercə də azərbaycanlıyam. Mən “Neftçi”ni ölkədə heç bir kluba, Bakını isə heç bir şəhərə dəyişməmişəm, dəyişmərəm də. Mən köklü bakılıyam: burada doğulmuşam, burada da öləcəyəm..."

Ən böyük, səmimi, təmənnasız patriotluq həm də belə olur...

***

Bu sözləri dəyəndən 3-4 il sonra Banişevski yaşamaq uğrunda son mübarizəni aparırdı. Və elə həmin həssas, bir insanın taleyinin həll olunduğu dövrlərdə bəzi futbol adamları və işbazlar onun   adından istifadə edərək pul qazanırdılar. Baş verən bir hadisə isə mənəviyyatsızlığın lap zirvəsi idi. Sağlığında onun şərəfinə futbol turniri keçirərək pul yemişdilər. Pula dəhşətli dərəcədə ehtiyacı olan Banişevskinin özünə isə kələk gəlib saxta 50 dollar vermişdilər!

***

Hə, Banişevski 20 ildi bizimlə deyil. Danışanda hamı onu qəlbində yaşatdığını deyir. Sən də, mən də, elə AFFA da. Amma Azərbaycanın bu böyük oğlunun adını daşıyan stadion bu gün mal-qaranın otlaq yerinə çevrilib.

Masallı Rayon İcra Hakimiyyəti, heç ayıb deyil?

Və AFFA-ya da bir sual: Bakıda inəyin, qoyunun otlamadığı 3-4 baxımlı stadionunuz var, niyə birinə Banişevskinin adını vermirsiniz?

Aydın BAĞIROV
[email protected]

 

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.02.18
11.10.17
17.06.17
10.09.16
24.02.14

Son xəbərlər