"Oyun alqı-satqısı ilə məşğul olanın Allah bəlasını versin"

"Oyun alqı-satqısı ilə məşğul olanın Allah bəlasını versin"
MÜSAHİBƏ 10 Dekabr 2017 / 20:00 7904
-  A +

“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Zirə”yə 0:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərə müsahibə verib. Qol.az-ın məlumatına görə, o, ilk olaraq oyun haqda fikirlərini bildirib:

- “Zirə” aqressiv komandadır. İlk “3-lük” uğrunda mübarizə aparırlar. Çətin olacağını bilirdik. Bizdə zədəlilər çoxdur. Meydana bir legionerlə çıxmamışdıq. Buna baxmayaraq, normal nəticə qazana bilərdik. Alınmadı, məğlub olduq. Çalışacağıq ki, cavab oyununda yaxşı oynayıb, mərhələ adlayan tərəf biz olaq.

- Müdafiədə oynamağın nə ilə bağlı idi?

- Kiril Petrov dizindən əməliyyat olunub. Məcburiyyətdən onun mövqeyində oynadım. Amma mənim üçün heç bir problem olmadı.

- Səncə, bu nəticədən sonra cavab oyununda mərhələ keçmək şanslarınız neçə faizdir?

- Faizlə deyə bilmərəm. Açığı, bu cür oyunlarda qol vurmadan uduzmaq çox pis nəticədir. Buna baxmayaraq, şanslarımız qalır. Evdəki oyunda da əlimizdən gələni edəcəyik ki, mərhələni adlayaq. Başqa yolumuz yoxdur. Avrokuboklara gedən yol kubokdadır. Bu şansı da əldən buraxmaq istəmirik.

- Amma nəzərə almaq lazımdır ki, “Zirə” “Neftçi” üçün arzuolunmaz rəqibdir..

- Bilirik, amma əlimizdən gələni etməliyik. Bu formanı daşıyırıqsa, hamı vəziyyəti dərk etməlidir..

- “Neftçi” ilə bağlı gəzən söz-söhbətlər komandaya nə dərəcədə təsir edir?

- Bu cür məsələlərə qarışmamağa çalışırıq. Bu haqda danışmasaq,daha yaxşı olar. Çünki nə edirsə, özünə edir. Hamı cavabını alacaq. Kim oyun alqı-satqısı ilə məşğuldursa, Allah onun cəzasını verir.

- Nə qədər kənarda qalmağa çalışsanız da, istər-istəməz komandanın adı hallanır...

- Düzdür, hər bir işdə belə şeylər olur. Bildiyim qədərilə, bunlar “Bobo” (Ağakişi Mehdizadəni nəzərdə tutur – red.) “İnter”də işləyəndə olub. Özü də müsahibəsində etiraf edib ki, pulqoyuluşu etməyib. Nə olubsa, özləri daha yaxşı bilirlər. Biz öz işimizlə məşğuluq, futbolumuzu oynayırıq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı