“Heç kimlə qəsdi-qərəzliyim yoxdur” – Təmkin Xəlilzadə

“Heç kimlə qəsdi-qərəzliyim yoxdur” – Təmkin Xəlilzadə
GÜNDƏM 10 Dekabr 2017 / 19:38 3015
-  A +

“Zirə”nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə ölkə kubokunun 1/4  final  mərhələsinin ilk oyununda “Neftçi” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyunla bağlı fikirlərini açıqlayıb:

- Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, çətin görüş olacaq. Yəni, matçın gərgin keçəcəyini gözləyirdik. Rəqib hazırda əla formadadır. Yaxşı məşqçiləri, kollektivləri var. “Neftçi” bütün diqqətini kuboka yönəldib. Çünki avrokuboklara gedən ən asan yol kubokdan keçir. Bu mərhələ 2 oyundan ibarətdir. İlk görüş olduğuna görə tələsmədən, səbrlə oynadıq. Sevinirik ki, lazım olan nəticəni qazandıq. Amma hələ heç nə bitməyib. Belə deyək, birinci 45 dəqiqəni oynadıq, qaldı ikinci hissə. Səfərdə də sərfəli nəticə əldə edib, turu keçmək istəyirik.

- Səncə, 1:0 hesablı qələbə növbəti mərhələyə çıxmaq üçün bəs edəcəkmi?

- Bu gün qol buraxmamağımız bizim üçün böyük üstünlükdür. Cavab oyununda hər şey ola bilər. Mərhələni “Neftçi” də keçə bilər, biz də. Əsas məqsəd evdə qapımızı toxunulmaz saxlamaq idi. Sevinirik ki, istəyimizə nail olduq.


- Çempionatda “Neftçi”yə uduzmamısınız. Amma ötən mövsüm kubokda mərhələni adlayan tərəf “ağ-qaralar” olmuşdu. Eyni ssenari təkraralana bilərmi?

- Düzdür, keçən il “Neftçi” bizim kubokda yolumuzu kəsmişdi. İnanıram ki, bu dəfə əksinə olacaq. Yenə deyirəm ki, şanslar 50/50-yədir. Hər şeyə cavab oyununda aydınlıq gələcək. Hər iki komandanı çox çətin qarşılaşma gözləyir.


- Deyirsən ki, kubokdan Avropaya getmək asandır. Bunu əsasən oyun sayı az olduğuna görə deyirlər. Nəzərə almaq lazımdır ki, növbəti mərhələdə daha güclü rəqiblərlə qarşılaşacaqsınız...

- Çempionat uzun marafondur. Bütün komandalarla ilə mövsüm ərzində 4 dəfə qarşılaşırsan. Amma kubok elədir ki, burada hər şey özündən asılıdır. Düşünürəm ki, bu şansı əldən verməməliyik.


- Çox vaxt olduğu kimi, bu gün də aqressiv idin. Hətta bir epizodda topu bilərəkdən rəqibə vurdun...

- Meydana qələbə üçün çıxmışdıq. Mən də komandama kömək etmək istəyirdim. Aqressivliyimi dəstəklə bağlıyardım. Heç kimlə qəsdi-qərəzliyim yoxdur. Meydana çıxanda heç kimlə işim olmur. Hər şey istəkdən irəli gəlir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı