"Qarabağ" sindromunu qırmaq istəyirik" - Amil Yunanov

"Qarabağ" sindromunu qırmaq istəyirik" -  Amil Yunanov
ÖLKƏ FUTBOLU 9 Dekabr 2017 / 15:44 4509
-  A +

“Sumqayıt”ın hücumçusu Amil Yunanov Qol.az saytına müsahibə verib. Komandasının Topaz Premyer Liqanın birinci dövrəsindəki çıxışını dəyərləndirən futbolçu “Qarabağ”la ölkə kubokunun 1/4  final mərhələsindəki oyunlardan da danışıb.

- “Sumqayıt” fasiləyə 4-cü pillədə yollandı. Komandanın çıxışını qənaətbəxş saymaq olar?

- 2-3 oyunu çıxmaq şərtilə, birinci hissədə işlərimiz pis getmədi. Hazırkı mövqeyimizi də normal saymaq olar. 4-cü yerdəyik. İkinci hissədə daha yaxşı çıxış edib, ən azından mövqeyimizi qorumağa çalışmalıyıq.

- Çoxları düşünür ki, “Sumqayıt” Avroliqaya vəsiqə uğrunda mübarizə aparırsa, legioner futbolçu almalıdır. Bəziləri isə yerli futbolçulara şans verilməyinin tərəfdarıdır. Bəs sən hansı fikirdəsən?

- Legioner transferi ilə bağlı heç nə demək istəmirəm. Bu, klubun öz strategiyasıdır. Rəhbərlik özü qərar verir. Amma digər tərəfdən, sevindirici haldır ki, komanda yerli futbolçularla yaxşı oyun göstərir. Ən azından futbol ictimaiyyətinin rəğbətini qazana bilib. Hamı istəyər ki, daha çox azərbaycanlı uşaqlar oynasın. Belə daha yaxşıdır. “Sumqayıt”da yaxşı futbolçular yetişib, daha səviyyəli klublara, milli komandalara gedirlər.

- Mövsümə qollarla başlasan da, davamını gətirə bilmədin. Samir Abasov da sənin çox qol imkanını qaçırmağından gileylənib. Problem nədədir?

- Sizinlə razıyam. Mövsümə yaxşı başladım. Fikirləşirdim ki, daha da yaxşı olacaq. Çünki qarşıma məqsəd də qoymuşdum. Oyunlarda da əlimdən gələni edirəm. Hətta qol vurmadığım, fürsətləri qaçırdığım matçlarda belə yaxşı oyun göstərməyə çalışıram. Bəzi epizodlarda şanssızlıq olur, bəzilərində isə ustalıq səviyyəm çatmır. Fasilədən sonra problemi aradan qaldırmağa çalışacam. Yaxşı yerlərdə oynamaq istəyirəmsə, çalışmalıyam. Futbolda səhvlər olur. Hücumçuyam, hələ bundan sonra da nə qədər qol imkanlarını qaçıracam. Düzdür, çox qol fürsətini boşa verdim. İkinci dövrə daha çox fərqlənməyə çalışacam.


- Baş məşqçi bununla bağlı səninlə ayrıca söhbət edib?

- Əlbəttə, öz tapşırıqlarını verir. Ələ düşən epizodlarda necə hərəkət etməli olduğumu başa salır. Tez-tez söhbətlərimiz olur. Mən də öz növbəmdə deyirəm ki, əlimdən gələni edəcəm, hər şey yaxşı olacaq.


- Artıq Premyer Liqada fasilədir və qarşıda qış transfer pəncərəsi var. Maraqlıdır, digər klublardan təklif almısan?

- Heç bir komandadan təklif almamışam. “Sumqayıt”la may ayına kimi müqaviləm var. Hələlik təkliflər barədə düşünmək də tezdir. Çünki əsas fikrim komandadadır. Yaxşı oyun göstərək, layiqli yer tutaq, sonrasına baxarıq.


- İlə “Qarabağ”la kubok oyunları ilə yekun vuracaqsınız. Ardıcıl 4-cü dəfə, Ağdam klubu ilə qarşılaşacaqsınız. Bundan əvvəlki hər 3 dueldə rəqib sizin yolunuzu kəsib. Sindromu qıra biləcəksiniz?

- “Qarabağ”la düşməyimizi şanssızlıq adlandırmıram. Bu komanda çempionatın ən güclüsüdürsə, əvvəl-axır onlarla qarşılaşacağıq. Bu mənada “Qarabağ”la düşməyimiz daha yaxşı oldu. Əlimizdən gələni edib, turu keçməyə çalışacağıq. Meydana da məhz bu məqsəd üçün çıxacağıq. “Qarabağ” sindromunu sındırmaq istəyirik. Birinci oyunda sərfəli nəticə əldə edib, ikinci görüşdə istəyimizə çata bilərik. Ümid edirəm ki, bizim üçün hər şey yaxşı olacaq.


Elnur SALAHOV

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"