Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"

Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
YAZARLAR 4 Dekabr 2017 / 16:28 18290
-  A +

Milyonları yeyənlərə, dövlətin və millətin təhlükəsizliyini zərbə altına qoyanlara, insanların təkcə var-dövlətlərini deyil, ömürlərini də çalanlara, ölkəni iqtisadi böhrana sürükləyənlərə, banklardan milyardlarla dollar pul oğurlayanlara 8, 10, 12, «pataloku» 15 il iş verirlər. Aldıqları həbs cəzalarının üçdə birini və yaxud üçdə ikisini çəkəndən sonra azadlığa çıxmaları da mümkündü.

Mənfur sovetlər dönəmində dövlət əmlakını 10 min manatdan artıq oğurlayanlar «külli miqdarda dövlət əmlakını mənimsəmək» maddəsi ilə (gərək ki həmin vaxtlar bu cəza CM-nin 88.1-ci maddəsi ilə tövsif olunurdu) təqsirli bilinirdilər və bu maddə ilə 15 ilədək, hətta ölüm cəzasına da məhkum olunurdular. Nə isə.
İndi «Keşlə» komandasının iki önəmli futbolçusuna ömürlük «həbs cəzası» verilib. Səbəbini də o qədər yazıblar ki. Kimi deyir oyun satıblar, kimi deyir «Topaz»da və ya nə bilim hansısa futbol qumarında «Neftçi»nin qələbəsinə külli miqdarda pul qoyublar, nə bilim, kimi day nə deyir…

Bu söhbət gündəmi zəbt edib. Bu arada Hacı Məmmədovun intihar söhbəti ortaya çıxdı və indi bu futbolçular gündəmdən düşdülər.

Futbolçulardan biri (Mirhüseyn Seyidov) bununla bağlı belə bir açıqlama verib ki, «Neftçi»yə keçmək istəyirdim, ona görə zəif oynamışam. Yəni «Neftçi»nin məşqçisinin xoşuna gəlmək istəyibmiş.

Gələk satmaq söhbətinə. Əgər satan varsa, deməli, alan da var. Satana ömürlük «həbs» verirlər, alanı isə axtarmırlar, cəzalandırmırlar. Bu necə olur?

«İnter» (qəttəzə adı «Keşlə») Azərbaycanın çempionluq uğrunda mübarizə aparan, eləcə də gözəl futbol akademiyası olan komandalarından biri idi. Bu komandanı verdilər gürcü məşqçilərinin əllərinə, onlar da gələndə Gürcüstandan bir KAMaz qohum-əqrəbalarını da gətirirdilər. Vaxt olub ki, limit tətbiq olunanadək «İnter»də 10 xarici legioner meydana çıxıb və ümumiyyətlə, komandanın tərkibində 21 əcnəbi futbolçu olub. Sonra komanda birdən-birə bir uçuruma düşdü, futbolçular aylarla maaş ala bilmədilər, məcbur olub başqa komandalara keçdilər və nəhayət, beləliklə gedib çıxdılar Keşləyə. Komandanı bu hala salanlar (Cahangir Hacıyevdən başqa) hamısı öz işində, öz kefində. Və onların heç biri də cəzalanmayıb, yaxalarını çəkiblər kənara.

Çox maraqlıdı, komandanın bu günə düşməsinə səbəb olan Cahangir Hacıyevə 15 il iş, hansısa bir oyunda danışıqlara gedən Nizami Hacıyev və Mirhüseyn Seyidova ömürlük «həbs».

Mən bu futbolçulara bəraət qazandırmaq fikrində deyiləm. Əgər hansısa xoşagəlməz bir əmələ yol veriblərsə, haqq etdikləri cəzanı almalıdırlar. Amma day bu qədər də yox da.

79-80-ci illərdə İtaliyanın çox məşhur bir futbolçusu Rossi və iki arkadaşı oyun satdıqlarına görə həbs olunmuşdular və 2 il də cəza almışdılar. Amma day onlara ömürlük «həbs» cəzası verməmişdilər.
Sonra Rossi həbsxanadan çıxdı və 1982-ci ildə İtaliyanı dünya çempionu elədi və dünyanın bir nömrəli futbolçusu seçildi.

İndi hansısa bir səhv hərəkətə görə ömürlük «həbs».

Məntiq deyilən bir elm var. Çox təəssüf ki, bunu bircə universitetdə humanitar fakültələrdə keçirlər. «Neftçi»nin qələbəsinə külli miqdarda pul qoymaq və buna görə oyunu satmaq məntiqdən çox-çox uzaqdı. Əgər «Keşlə»nin qələbəsinə pul qoyub oynasaydılar və «Keşlə» qalib gəlsəydi, daha çox pul qazanardılar. Çünki «Neftçi»nin «Keşlə»yə qalib gələcəyi gün kimi aydın idi. Əvvəla, «Neftçi»yə Tərlan Əhmədov gələndən sonra komandada bir toparlanma var. «Neftçi» özünü tapmaqdadı. «Keşlə»nin durumu isə hamımıza məlumdur. Ramiz Məmmədov üçün ürəyim ağrıyır. Çünki o, bir komandanı yox (futbolçulardan üzr istəyirəm), bir leşi qəbul edib. Onu diriltmək üçün Ramizə xeyli zaman lazım olacaq. Çünki futbolçuların da psixoloji durumu yerində deyil. Amma inanıram, Ramiz Məmmədov komandanı bu durumdan çıxaracaq və «Keşlə» «Qarabağ»la, «Qəbələ» ilə döşləşə biləcək bir komandaya çevriləcək.

Bəli, iki önəmli futbolçuya ömürlük «həbs» cəzası. Çox ağır olmadımı? Bunların hələ nə yaşı var? Bunların dənizdən çıxarılıb sahilə atılan balığa çevrilməsini istəməzdim.

AFFA-nın işinə qarışmaq istəməzdim. Amma hər halda bir futbol fanatı kimi bu cəzaya yenidən baxılmasını, cəzanın yüngülləşdirilməsini AFFA rəhbərliyindən xahiş edirəm.

Yox, əgər yüngülləşdirmək fikirləri yoxdursa, onda «satanlar» cəzalandığı kimi, «alanları» da tapıb üzə çıxarsınlar, onları da cəzalandırsınlar. Deyək ki, heç olmasa ədalətli bir qərar çıxartdılar.


Aqil ABBAS

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər