“Problemləri axtarıb tapmaq lazımdır” – Mahmud Qurbanov

“Problemləri axtarıb tapmaq lazımdır” – Mahmud Qurbanov
MÜSAHİBƏ 21 Noyabr 2017 / 17:17 6626
-  A +

Milli komandamızın məşqçisi Mahmud Qurbanov Qol.az saytına müsahibə verib. Bu yaxınlarda Pro kursu ilə bağlı SSKA klubunun düşərgəsində olan mütəxəssis həm Moskva səfərindən, həm U-21 yığmasına baş məşqçi gətirəlicəyi ilə bağlı yayılan xəbərlərdən, həm də “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”yə qarşı keçirəcəyi oyundan danışıb.

- Moskvanın SSKA klubunun akademiyasında oldunuz. Səfəriniz necə keçdi?

- Hər şey normal keçdi. Getdim gəldim, lazım olan məlumatları götürdüm. Orada olduğum müddətdə klubun idman direktoru, akademiyanın direktoru və Dmitri Kramarenko ilə görüşdüm.

- Adınız U-21-lə yanaşı hallanır. Hətta bu yaş qrupu üzrə komandaya baş məşqçi təyin olunmağınızla bağlı xəbərlər yayılıb. Demişdiniz ki, Moskvadan qayıdandan sonra hər şeyə aydınlıq gələcək. Məsələ nə yerdədir?

- Hələ heç nə yoxdur. Necə var, elə də qalıb. Ümumiyyətlə, mənə heç bir söz deyilməyib. Ortada konkret bir şey yoxdur.

- U-21-dən söz düşmüşkən, bu komandanın Avropa çempionatının seçmə mərhələsində Almaniya və Kosovo ilə oyunları haqda nə deyə bilərsiniz?

- İndi bir söz deyə bilmərəm. Qoy, görək baş məşqçi kim olacaq. Kosovo ilə oynayanda mən burda deyildim. Moskvada idim. Oyuna baxmaq şansım olmadı. Amma Almaniya ilə oyunu izləmişdim. Almanlar çox güclüdürlər. Ona görə də nəsə fikir bildirməyin yeri də yoxdur. Onların gücü hamıya məlumdur.

- Amma almanların güclü olmağı komandamızın 0:7 hesablı uduzmasına əsas vermir axı...

- Əlbəttə, əsas vermir. Amma reallıq budur ki, böyük hesabla uduzduq.

- Sizcə, problem nədədir?

- Problemi nədə axtarmaq olar? Gərək, komandanın içində olasan. Kənardan danışmaq, mülahizə yürütmət çox asandır. İçəridəki prosesləri bilmədən nəsə demək çətindir. Hamı istəyərdi ki, bizim yığmalarımız yaxşı çıxış eləsin. Amma olmadı. Nə etmək olar? Problemləri axtarıb tapmaq lazımdır. Problemləri yaradan səbəbləri aradan qaldırmalıyıq.

- Bir az da “Qarabağ”dan danışaq. Ağdam klubu sabah Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”ylə qarşılaşacaq. Həmin oyun barədə nə düşünürsünüz?

- “Qarabağ”ın sabah “Çelsi”dən xal alması qələbəyə bərabər olacaq. “Çelsi”nin gücü hamıya məlumdur. Düşünürəm ki, bu barədə danışmaq artıq olar. Amma onlara da asan olmayacaq. Çünki “Atletiko” da həm burda, həm də Madriddə problem yaşadı. Hamı gördü ki, “Qarabağ”a qarşı oynamaq asan deyil. “Çelsi” də meydanda həmin çətinliklə üzləşəcək.

- Necə düşünürsünüz, heç-heçə real görünür?

- Əslində real görünmür. Futbolda real heç nə yoxdur. “Atletiko” ilə səfər oyununda da heç-heçə real görünmürdü. Heç bu barədə fikirləşən də yox idi. Amma nəticə göstərdi ki, “Qarabağ”a ümid eləmək olar.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər