“Standart vəziyyətlər zamanı bərbad oynadıq” – Stankoviç

“Standart vəziyyətlər zamanı bərbad oynadıq” –  Stankoviç
ÖLKƏ FUTBOLU 20 Noyabr 2017 / 17:22 1657
-  A +

“Qəbələ”nin müdafiəçisi Voislav Stankoviç Topaz Premyer Liqasının XII turunda “Neftçi”yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra Qol.az-ın əməkdaşının suallarını cavablandırıb. Qarşılaşma ilə bağlı danışan serbiyalı futbolçu görüşün baş hakimi Əliyar Ağayevin mübahisəli qərarlarına da toxunub.

- Səfərdə “Neftçi”yə 3:2 hesabı ilə qalib gəldiniz. Oyunla bağlı nə deyə bilərsən?

- “Neftçi” çox yaxşı komandadır. Bilirdik ki, bizi çətin oyun gözləyir. Meydanda əsl mübarizə getdi. Gərgin və maraqlı oyun alındı. Rəqibin 2 qoluna biz 3 qolla cavab verdik. Yaxşı ki, sonda qələbə qazandıq.

- İlk 45 dəqiqə heç-heçə başa çatsa da, ikinci hissənin əvvəlində “Neftçi” yenidən hesabda önə çıxdı. Artıq çoxları bu qoldan sonra “Qəbələ”nin qalib gəlməsinin çətin olacağını düşünürdü. Siz isə 2 top vurub 3 xalı qazandınız...

- Qapımız qarşısındakı standart vəziyyətlər zamanı çox bərbad oynadıq. Nəticədə 2 top buraxdıq. Bu mənada çatışmazlıqlarımız var. Məşq zamanı bunun üzərində işləməliyik. “Neftçi”nin 2-ci qolundan sonra hücuma atıldıq. Çünki uduzurduq. Əlimizə düşən imkanları qola çevirib, sonda sevinən tərəf olduq. Bütün komanda yoldaşlarımı təbrik edirəm.

- Görüşün baş hakimi Əliyar Ağayevin idarəçiliyindən razı qaldın?  Komanda yoldaşlarım, xüsusilə də Baqali Dabo “Neftçi”nin lehinə verilən bir çox qərarlarda hakimə kəskin etirazını bildirirdi...

- Məncə, hakim oyunu normal idarə etdi. İnanmıram ki, “Qəbələ”, ya “Neftçi” hakimlikdən narazı qalsın. Etiraza gəlincə, oyun vaxtı gərginlik çox olur. Nəticədə özündən asılı olmadan bəzi epizodlarda emosiyalarını cilovlaya bilmirsən.

- Hakimin ən kobud səhvi isə “Qəbələ”nin birinci qolundan öncə künc zərbəsi təyin etməsi oldu. Məhz həmin səhvdən sonra Dabo başla topu qapıdan keçirdi...

- İnanın ki, mən həmin epizodda topun kimdən meydanı tərk etdiyini görmədim. Hərdən xırda hakim səhvləri olur. Hətta bunun nəticəsində qollar da vurulur. Amma bunlar sadəcə səhvdir.

- Bu qələbədən sonra “Qəbələ” 25 xalla 3-cü pillədə qərarlaşır. Bir oyun az keçirən lider “Qarabağ”dan 3 xal geri qalırsınız. Ümüumiyyətlə, komandanın çempionluq şanslarını necə qiymətləndirirsən?

- Hələlik çempionluq haqda danışmaq tezdir. Qış fasiləsinə qədər qarşıda 2 oyunumuz var. Fasilədən sonra isə oyunlar çox olacaq. Baxaq görək, necə olur. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər