“Qarabağ” Çelsi”yə qarşı müdafiə futbolu oynamamalıdır” – Artim Şakiri

“Qarabağ” Çelsi”yə qarşı müdafiə futbolu oynamamalıdır” – Artim Şakiri
ÖLKƏ FUTBOLU 20 Noyabr 2017 / 15:21 5422
-  A +

2008-09 mövsümündə “Qarabağ”da oynayan Artim Şakiri Qol.az saytına müsahibə verib. Ağdam klubunun Çempionlar Liqasındakı çıxışı ilə bağlı fikirlərini bölüşən makedoniyalı veteran sabiq komandasının qrup mərhələsinin 5-ci turunda “Çelsi” ilə keçirəcəkləri oyuna da toxunub.

- Hazırda nə işlə məşğul olursunuz?

- Futbolla vidalaşdıqdan sonra məşqçi kurslarına başladım və lisenziya aldım. Karyeramı məşqçi kimi davam etdirirəm. Amma hazırda işsizəm. Bəzi klublar var ki, onlardan cavab gözləyirəm.

- “Qarabağ” futbolçu karyeranızda sonuncu klub olub. Maraqlıdır, sabiq komandanızın Çempionlar Liqasındakı oyunlarını izləyirsiniz?

- Əlbəttə, imkan tapdıqca bütün oyunlarına baxmağa çalışıram.

- Vaxtı ilə şərəfini qoruduğunuz klubun Avropadakı çıxışı barədə nə deyə bilərsiniz?

- Hər şey göz qabağındadır. Sadəcə, onu deyə bilərəm ki, “Qarabağ” bu gün Avropada çox yaxşı təsir bağışlayır. Çempionlar Liqasında nəhəng klublara qarşı ilk dəfə çıxış etsələr də, öz oyunlarını göstərə bilirlər.

- İngiltərə Premyer Liqasında çıxış etmisiniz. 2003/2005-ci illərdə “Vest Bromviç”in formasını geyinmisiniz. Əvvəlcə bilmək istərdim, İngiltərə karyeranızda “Çelsi”yə qarşı oynamısınız?

- Xeyr, “Çelsi”yə qarşı oynamaq şansım olmayıb. Çünki “Vest Bromviç”dəki ilk mövsümümdə komanda Çempionşipdə mübarizə aparırdı. Növbəti il Premyer Liqaya vəsiqə qazansaq da, “Çelsi” ilə oyunlarda meydana çıxmamışam.

- “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu “Çelsi”yə qarşı keçirəcək. İngilis futboluna yaxından bələd olan biri kimi “Qarabağ”ın London klubu ilə duelindən nə gözləyirsiniz?

- Londondakı oyunda 0:6 hesablı məğlubiyyət sırf təcrübəsizliklə bağlı idi. Bakıdakı görüş də çox çətin olacaq. Amma “Qarabağ”dan yaxşı oyun gözləyirəm.

- Sizcə, “Qarabağ” xal qazanmaq üçün nə etməlidir?

- Sona qədər mübarizə aparmalıdırlar. “Çelsi”yə oynamaq imkanı verməməli, rəqibi öz cərimə meydançalarına yaxın buraxmamalıdırlar. Bir sözlə, ingilislərə qarşı müdafiə futbolu oynamaq olmaz. Oyunu meydanın rəqibə aid hissəsində qurmaq lazımdır.

- “Qarabağ” bundan əvvəlki 2 oyunda “Atletiko”dan 2 xal ala bildi. Bakıda “Çelsi”ni də büdrədə bilərlər? Ümumiyyətlə, siz buna inanırsınız?

- “Qarabağ”ın “Çelsi”dən xal alması əsl sensasiya olar. İnanıram ki, onlar bunu edə biləcək gücdədirlər. Amma məndən daha çox, futbolçular buna inanmalıdırlar. Onlar öz potensiallarına güvənməli, “biz bunu bacararıq” deməlidirlər.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər