“Özümü millidə işləməyə hazır saymıram” – Ayxan Abbasov

“Özümü millidə işləməyə hazır saymıram” – Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 16 Noyabr 2017 / 13:18 3523
-  A +

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Qol.az saytına müsahibə verib. Komandasının fasilədəki hazırlığını dəyərləndirən gənc mütəxəssis Qurban Qurbanovun millidəki köməkçilərindən biri olacağı ilə bağlı gəzən xəbərlərə də aydınlıq gətirib.

- Çempionatda yaranmış qısamüddətli fasiləni necə dəyərləndirdiniz?

- Futbolçulara 2-3 günlük istirahət verdik. Zədəlilərimiz var idi. Çalışdıq ki, gərgin oyunlardan sonra özlərinə gəlsinlər. Sonra yığışdıq, “Qəbələ” ilə yoldaşlıq görüşü keçirdik. Az oynayan futbolçularımızı iş başında gördük. Sevindirici haldır ki, onlar da öz formalarındadırlar. Onlara etibar eləmək olar. Zədəlilərimiz də sağalırlar. Anar Nəzirov, Orxan Əliyev və Qabriel Mateydən başqa, hamısı hazırdır. Komandada hər şey normaldır.

- Adlarını çəkdiyiniz zədəlilər nə zaman hazır olacaqlar?

- Orxan komanda ilə məşq etsə də, hələ tam formasında deyil. Amma Anarla Matey qışa qədər oynaya bilməyəcək.

- “Zirə” bu tur “Keşlə” ilə oynayacaq. Həmin qarşılaşma haqda nə düşünürsünüz? Bilirsiniz ki, Ramiz Məmmədov bu komandaya baş məşqçi təyin olunub. Ümumiyyətlə, bu dəyişiklik qarşıdakı oyuna necə təsir göstərə bilər?

- Birinci, Ramiz Məmmədovu təbrik edirəm. “Keşlə” adı yeni olsa da, köklü klubdur. Orada yaxşı, bəlkə də 6-7 ildi bir yerdə oynayan futbolçular var. Oturmuş heyəti var. Çox vaxt ölkəmizi Avropa Liqasında təmsil edən klublardandır. Çempionata yaxşı başlamasalar da, istədikləri vaxt yaxşı futbol oynamağı bacarırlar. Bir-birilərini yaxşı başa düşürlər. Ramiz Məmmədovu da bilirik, yeni gəlib. İddialı danışır, komandanın motivasiyasını qaldırmaq istəyir. Bilirik ki, bizim bu komanda ilə oyunlarımız çox çətin keçir. Həmişə belə olub. Bunları fikirləşib, komandaya çatdırıb, oyuna hazırlaşırıq.

- Hazırda lider “Qarabağ”dan cəmi 1 xal geri qalırsınız. Turnir cədvəlindəki mövqeyiniz komandanın motivasiyasına, oyununa nə dərəcədə təsir göstərir?

- Komanda yığışdığı ilk gündən bir ailə olmağa çalışmışıq. İstəmişik ki, daim nizam-intizam olsun. Bir yerdə ki, bunlar yoxdur, orada nəticə də olmayacaq. Bizim komandada isə bu birlik-bərabərlik var. Bu gün 2-ci sıradayıqsa, çalışıram ki, futbolçular çox da havaya girməsinlər. Çünki bura gəlmək bəlkə də asandır. Əsas məsələ qalmaqdır. Çempionatımızda günü-gündən mübarizə artır. Əsas məqsədimiz hər oyunda məğlub olmamaqdır. Meydanın hər bir qarışı üçün mübarizə aparmaq lazımdır. Bunu göstərməyə çalışırıq. Həmin mübarizəni göstərsək, yuxarı pillələrdə olacağıq. Amma həqiqəti desək, bu gün “Qarabağ” və “Qəbələ” ilə mübarizə aparmağımız çox çətindir. Çünki onlar hər cəhətdən bizi üstələyirlər. Yenə də meydanda bu fərqi göstərməməyə çalışırıq. Bizə təcrübə lazımdır. Birinci il idi ki, Avropaya çıxdıq. Gördük ki, təcrübəyə ehtiyacımız var. Çalışırıq ki, beynəlxalq arenaya bir də çıxaq və təcrübəmizi artıraq.

- Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunmasından sonra artıq “Zirə”dən bir nəfər ayrıldı. Elman Himayətoğlu yanvardan etibarən yığmanın mətbuat katibi olacaq. Ümumiyyətlə, Qurbanovun siyahısında sizin də adınızın olduğu söylənilir. Sizə hansısa təklif gəlibmi?

- Yox, belə bir təklif yoxdur. Qurban Qurbanovun siyahısında adımın olduğunu birinci dəfədir eşidirəm. Elmana gəlincə, o, doğrudan da bizim ən dəyərli işçilərdən biridir. Təkcə öz işinə yox, digər işlərə də çox peşəkar yanaşır. Onun gedişi bizim üçün bir itkidir. Amma bizim hamımızın arzusu budur ki, milli komandamız uğurlu çıxış eləsin. Elmana da təklif gəldi, dəyərləndirdik, məsləhətləşdik. Doğrudan da onun Azərbaycan futboluna xeyiri dəyə bilər. Normal qarşıladıq. Amma digər məsələni sizdən eşidirəm. Bizim “Zirə”də hələ çox işim var. Bu barədə hələ belə bir şey yoxdur.

- Qısa müddətdə Azərbaycan səviyyəsində hardasa özünüzü sübut eləmisiniz. 3 ilin klubu yüksək yerlər uğrunda mübarizə aparır və artıq iddialı komandaya çevrilib. Maraqlıdır, Qurban Qurbanovdan təklif gəlsə, razılaşarsınızmı?

- Mən hələ heç nəyi sübut eləməmişəm. Biz hələ yeni başlamışıq. Bu gün təşəkkür ediləsi kimlərsə varsa, bunlar bizə inananlardır. Bu komandanı bizə etibar edənlərə çox sağ ol demək lazımdır. Özümüzü doğrultmaq üçün bizə şans veriblər. Mən və köməkçilərim hər zaman öz üzərimizdə işləyirik. Çalışırıq ki, onların etimadını doğruldaq. Hansı məşqçi deyirsə ki, mən hər şeyi bilirəm, deməli, o, heç nəyi bilmir. Futbol günü gündən inkişaf edir. Yeniliklərlə ayaqlaşmaq lazımdır. Düzdür, bu gün “Zirə” iddialılar sırasındadır. Amma “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Keşlə” kimi köklü klubların arasında  baş çıxarmaq üçün çox çalışmaq lazımdır. Mən bu gün özümü milli komandada işləməyə hazır saymıram. İnanıram ki, Qurban müəllimə kömək etmək üçün onun daha təcrübəli köməkçiləri var. Amma nə vaxtsa mənim köməyimə ehtiyac olarsa, təmənnasız, heç fikirləşmədən razı olaram. Azərbaycanın futbolunun inkişafı naminə buna hazıram. Amma yenə deyirəm, bizim “Zirə”də hələ işlərimiz çoxdur. Əsas işimiz buradadır.

Elnur SALAHOV

 

Daha çox


Son xəbərlər