“Qurban Qurbanovun stadionda olmağı bizim üçün stimuldur”

“Qurban Qurbanovun stadionda olmağı bizim üçün stimuldur”
ÖLKƏ FUTBOLU 15 Noyabr 2017 / 11:25 3239
-  A +

21 yaşadək futbolçulardan ibarət yəğmamızın kapitanı Bəhlul Mustafazadə Avropa çempionatının seçmə qrup mərhələsində Kosovo ilə qolsuz başa çatan oyundan sonra Qol.az saytına müsahibə verib. Müdafiəçi əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Almaniya ilə oyun bizim üçün çox ağır keçmişdi. Onun təsirindən çıxmağa çalışdıq. Meydanda hamı əlindən gələni etdi. Kosovo uda biləcəyimiz rəqib idi. Qələbə qazanmaq üçün istək var idi. Ancaq ələ düşən şansları dəyərləndirə bilmədik.

- Çoxları ən azı Kosovonı məğlub edəcəyinizi gözləyirdi...

- Biz də qrup mərhələsinə başlamamışdan öncə yaxşı nəticələrə ümid edirdik. Düşünürdük ki, U-21 tarixində bir ilkə imza ata bilərik. Sadəcə, bizdə alınmadı. Səbəbini deyə bilmərəm. Bunu ətraflı araşdırmaq lazımdı. Kosovo ilə görüşdə tamamilə qələbəyə köklənmişdik. Qol epizodlarından yararlana bilmədik və 2 vacib xal itirdik.

- Səncə, millimiz 2 xal itirdi, yoxsa 1 xal qazandı?

- Məncə, biz xal itirdik. Əvvəlki oyunların nəticələrini unutdurmaq üçün mütləq udmalı idik. Çalışdıq, alınmadı. Futbolda belə şeylər olur. Növbəti oyunlara hazırlaşmalıyıq. Çalışacağıq ki, vəziyyəti düzəldək.

- Oyunun ilk dəqiqələrində sanki həyəcanlı idin...

- Yox, həyəcanlı deyildim. Sadəcə, rəqib ayağıma vurduğu üçün ağrılarım var idi. Sonradan hər şey düzəldi.

- Almaniyaya biabırçı məğlubiyyəti necə şərh edərdin?

- Rəqib nə qədər güclü olsa da, 0:7 hesablı məğlubiyyətə haqq qazandıra bilmərik. Məncə, hər iki hissənin başlanğıcında qollar buraxmağımız komandaya mənfi təsir göstərdi. Bundan başqa, rəqib kifayət qədər güclü idi. Hiss olunurdu ki, bizim də oyunumuzda nəsə çatışmır.

- Əcnəbi futbolçuların milliləşdirilməsi ən çox müzakirə olunan məsələlərdəndir. Əgər hansısa legioner bizim yerli futbolçu ilə eyni səviyyədədirsə, hətta ondan zəifdirsə, onu yığmaya gətirməyin nə mənası var? Bir kapitan kimi bu barədə nə deyə bilərsən?

- Əgər eyni səviyyədədilərsə, özümüzünkünün oynaması daha yaxşı olar. Amma bu haqda danışmaq mənim vəzifəm deyil. Çox söz deyə bilmərəm.

- Həm Almaniya, həm də Kosovo ilə oyunlarınızı millimizin yeni baş məşqçisi Qurban Qurbanov da izlədi. Onun stadionda olması sizdə əlavə motivasiya, istək yaradırdımı?

-Əlbəttə, onun stadionda olmağı bizim üçün stimuldur. Biz də çalışdıq ki, əlimizdən gələni edək, özümüzü göstərək. Bilmirəm nə dərəcədə alındı. Vaxtımız var. Hədəfimiz A millidə oynamaqdır. Əlimizdən gələni edəcəyik ki, ora düşək.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord