“Qarabağ”dan başqa, bütün komandalar əsas rəqiblərimizdir” – Rail Məlikov

“Qarabağ”dan başqa, bütün komandalar əsas rəqiblərimizdir” –  Rail Məlikov
MÜSAHİBƏ 11 Noyabr 2017 / 10:30 7017
-  A +

“Sumqayıt”ın müdafiəçisi Rail Məlikov “CBC Sport” telekanalının çəkdiyi “Xəzridən “Xəzri”yə” filminin təqdimat mərasimindən sonra Qol.az saytının suallarını cavablandırıb. Sənədli filmlə bağlı  fikirlərini açıqlayan futbolçu “Sumqayıt”ın çıxışını da dəyərləndirib.

- Film xoşuna gəldi?

- Çox xoşuma gəldi. Bəyəndim. Çünki mən də Buzovna məktəbini keçmişəm. Stadionu görüb bir az kövrəldim. Orada atmosfer çox fərqli idi. Yaxşı şərait, futbola sevgi vardı. Filmi ərsəyə gətirən hər bir kəsə təşəkkür edirik.

- Özün də qeyd elədin ki, Buzovnada futbola böyük sevgi var. Səncə, doğma qəsəbəndə futbolu yenidən dirçəltmək olarmı?

- Həqiqətən Buzovnada futbolu çox sevirlər. Buzovna kimi kiçik bir qəsəbədən 5-6 nəfər millidə də oynadı. Pis çıxmasın, Malik müəllim kimi bir sponsor gəlsə, “Xəzri” kimi komanda yaratmaq olar. Buzovnada futbol inkişaf edər.

- Bir az da “Sumqayıt”dan danışaq. 11 turdan sonra komandanın çıxışını necə qiymətləndirirsən?

- Normal çıxış edirik. Yerimiz də pis deyil. 4-cü pillədəyik. Buna baxmayaraq, bəzi oyunları çıxmaq şərtilə, əksər qarşılaşmalarda daha çox xal toplaya bilərdik. Bəzi məğlub olduğumuz oyunlar oldu ki, orda da yaxşı çıxış etmişdik. Çempionat uzundu. İnanıram ki, lap yaxşı olacaq.

- İndiki məqamda çempionluq haqda danışmaq real deyil. Yəqin ki, əsas hədəfiniz Avroliqaya vəsiqə qazanmaqdır. Bu yolda əsas rəqib kimi hansı komandları fərqləndirərdin?

- “Qarabağ”dan başqa, bütün komandaları əsas rəqib kimi görürəm. “Qəbələ” və “Zirə” ilə yanaşı, “Neftçi” də bizə başağrı olacaq. Biz də daxil olmaqla, əsas mübarizə bu 4 komanda arasında gedəcək. Əsas rəqiblərimiz onlardı.

- Necə düşünürsən, hazırkı heyət avrokuboklar uğrunda mübarizə üçün kifayət edir, yoxsa fasilədə güclənməyə ehtiyac var?

- Bu barədə çox şey deyə bilmərəm. Məncə, hazırkı heyət kifayət edir. Hamısı yerli uşaqlardı. Oyunları da göz qabağındadı. Rəhbərlikdən tutmuş məşqçilər korpusuna kimi yaxşı kollektivimiz var. Məncə, bu heyətlə mübarizə aparmaq olar.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər