“Milliyə dəvət alacağıma inanıram” – Rauf Əliyev

“Milliyə dəvət alacağıma inanıram” – Rauf Əliyev
MÜSAHİBƏ 4 Noyabr 2017 / 10:52 7173
-  A +

Albaniyanın “Kukesi” klubunun üzvü Rauf Əliyev Qol.az saytına müsahibə verib. Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunmasına münasibət bildirən təcrübəli hücumçu Albaniyadakı həyat tərzindən də danışıb.

- Əvvəlcə Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunmasına münasibətini bilmək istərdim...

- Öncə Qurban müəllimi təyinatı münasibətilə təbrik edirəm. Neçə gündü mətbuatdan xəbərləri izləyirdim. Artıq gerçəkləşib. Uğurlar arzu edirəm. İnşallah, milli üçün bundan sonra daha yaxşı olar. Qurban Qurbanovu artıq hamı tanıyır. Necə yaxşı mütəxəssis olduğunu hər kəs bilir. Qazandığı nəticələrlə də bunu sübut edib. İnanıram ki, “Qarabağ”da göstərdiyi nəticələri millidə də təkrarlayacaq.

- Uzun müddət Qurban Qurbanovun başçılığı altında oynamısan. Səncə, milliyə yenilik gətirə biləcəkmi?

 - Bəli, gətirə bilər.

- Son vaxtlar yaxşı formada olsan da, Robert Prosineçki sənə dəvət göndərmirdi. Yerli mütəxəssisin gəlişi bu sarıdan futbolçular üçün də yaxşıdırmı?

- Neçə müddətdən sonra millidə yerli məşqçi çalışacaq. Bu, hər mənada üstünlükdü. Azərbaycanlı futbolçuları yaxından tanıyan bir məşqçinin bu vəzifəyə təyin olunması daha yaxşı oldu.
 
- Yəni, deyirsən ki, yerli məşqçi yerli futbolçuları daha yaxşı tanıyır...

- Yerli məşqçinin üstünlüyü odur ki, öz uşaqlarımızı daha yaxından görəcək. Çempionatı hər zaman izləyəcək. Ona görə də kim oynayacaqsa, kim formada olacaqsa, o da millidə olacaq.

- İlk toplanışda Qurbanovdan dəvət gözləyirsənmi?

- Əlbəttə, oynayacağım, yaxşı formada olacağım təqdirdə, inanıram ki, millinin toplanışlarına çağrılacam. İndidən nəsə demək çətindi. Çünki yaxın vaxtlarda millinin toplanışı, oyunu yoxdur. Bir də gələn il olacaq. Xeyirlisi nədirsə, o da olsun.

- Albaniyada işlərin necə gedir?

- Hər şey normaldı. Son turda vacib xal itirdik. Bu, bir qədər işimizi çətinləşdirdi. Liderdən artıq 5 xal geri qalırıq. Amma çempionatda hələ çox oyun var. Vəziyyəti düzəltmək olar. Ayın 5-də oyunumuz var. Həmin görüşə hazırlaşırıq. Əsas rəqiblərimizdən birinə qarşı oynayacağıq.

- Oradakı mühitə uyğunlaşa bilirsən? Ümumiyyətlə, Albaniya necə ölkədi?Azərbaycanla arasındakı fərq çoxdu?

 -Əlbəttə, çətinliklər var. Yavaş-yavaş öyrəşirəm. Əsas problem ünsiyyətlə bağlıdır. Uyğunlaşmağa çalışıram. Ölkəyə gəldikdə isə yeni-yeni inkişaf edir.Son 4-5 ildə ölkədə yeni binalar tikilib, bəzi müasir dəyişikliklər baş verib. Təbii ki, Albaniya Azərbaycandan fərqlənir. Bizdə daha yaxşı şərait var. Bizim xalqımız daha qonaqpərvər, daha mehribandır.

- Son olaraq, sabiq komandan “İnter”də baş verənlərə, klubun adının dəyişdirilməsinə münasibətini bilmək maraqlı olardı. Bu yaxınlarda Zaur Svanadze istefaya göndərildi. Səncə, “Keşlə”nin problemi baş məşqçi ilə bağlı idi?

- Svanadzelik bir şey yox idi. O, komandanı çox pis vəziyyətdə götürmüşdü. Daim problemlər üzləşirdi. Svanadze belə vəziyyətdə işlədi. Halal olsun. Komanda 3-cü yeri tutub, Avroliqada çıxış etdi. 2 il birlikdə çalışdıq. Gözəl insan, gözəl məşqçi idi. Gələcək işlərində uğurlar arzu edirəm. Futbolda tez-tez dəyişikliklər olur. “Keşlə” rəhbərliyi belə qərar verdi. Ramiz müəllim baş məşqçi təyin olunub. Ona da uğurlar arzu edirəm. Ümid edirəm ki, komandanı əvvəlki səviyyəsinə qaldırar. “Keşlə” də “İnter” kimi medallar uğrunda mübarizə aparar.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı