“Biz düşündük ki, millidə artıq yeni nəfəsə ehtiyac var” - Elxan Məmmədov

“Biz düşündük ki, millidə artıq yeni nəfəsə ehtiyac var” - Elxan Məmmədov
MÜSAHİBƏ 26 Oktyabr 2017 / 20:48 8107
-  A +

AFFA-nın baş katibi Elxan Məmmədov təmsil etdiyi qurumun Robert Prosineçki ilə yolları ayırması ilə əlaqədar Qol.az saytına müsahibə verib

- AFFA rəhbərliyi bu gün Prosineçki ilə keçirdiyi görüşdə onunla müqavilənin müddətinin uzadılmamasına qərar verdi. Bu, hansı zərurətdən irəli gəldi?

- Oktyabrın sonlarında belə bir görüşün olacağını əvvəlcədən elan etmişdik. Robert də dünən bununla əlaqədar Bakıya gəldi. Biz də bu gün onun AFFA prezidenti ilə görüşünü təşkil etdik. Görüş hər iki tərəf üçün səmərəli oldu, futbolun müzakirəsi getdi. Təbii ki, bizim yeni hədəflərimiz, onun da öz gözləntiləri var. Biz ona fəaliyyətinə görə minnətdarlığımızı bildirdik. O, Azərbaycanda çalışdığı 2 il müddətində futbolumuz xeyir qazandı. Təbii ki, bizim məqsədimiz 10-dan çox xal qazanmaq idi. Amma 10 xal rekorddur. Onun öz işini peşəkar səviyyədə icra etməsi, müqaviləsinə sona qədər sadiq qalması bizi sevindirir. Biz düşündük ki, millidə artıq yeni nəfəsə ehtiyac var. Robert də düşündü ki, yeni çağırışlarını, missiyasını digər ölkələrdə davam etdirsin.

- Ümumiyyətlə, AFFA tərəfdən ona vəzifəsində qalmaqla bağlı hər hansı təklif oldumu?

- Biz qərara gəldik ki, ilk əvvəl onu dinləyək. Bilirsiniz ki, Prosineçkiyə xarici ölkələrdən çoxsaylı təklif gəlib. Belə olan halda məşqçiyə qəti qərar vermək çətin olur. Çox peşəkar səviyyədə söhbətimiz oldu.

- Belə başa düşdük ki, Prosineçki millimizdən qalmaqdan daha çox getmək istəyib?

- Elə demək olar.

- Bəs, Prosineçkinin gedişindən sonra milli müvəqqəti olaraq kimə tapşırılıb?

- Onsuz da əvvəlcədən də elan etdiyimiz kimi, noyabrda millinin oyunu keçirilməyəcək. Çünki komandanın 60 faizini “Qarabağ”ın oyunçuları təşkil edir. Ona görə də bu klubun mənafeyi naminə riskə getmək olmazdı. Onların Çempionlar Liqasında vacib oyunları olacaq. Prosineçkinin müqaviləsi isə ilin sonunadək davam etməkdədir. Çox guman ki, bu müddətdə siz onu Premyer Liqanın oyunlarında görəcəksiniz. Yəni belə olsa, təəccüblənməyin. Müqavilə müddəti başa çatana kimi AFFA-ya da gələcək. Onun futbolçularla bağlı məsləhətləri, tövsiyələri olacaq. Bundan sonra Robertin özünə də rahat olacaq. O, indi istədiyi komandayla sərbəst şəkildə danışıqlara başlaya bilər.

- Millinin bundan sonrakı baş məşqçisi yerli, yoxsa əcnəbi mütəxəssis olacaq? Yeri gəlmişkən, bu vəzifəyə Qurban Qurbanovun namizədliyi çox göstərilir.

- Hələlik AFFA rəhbərliyi yerli, yoxsa əcnəbi namizəd məsələsini müzakirəyə çıxarmayıb. İcraiyyə Komitəsindəki müzakirədən sonra katiblik bununla əlaqədar fəaliyyətə başlayacaq.

- Bəs, yeni baş məşqçi təxminən nə vaxt təyin olunacaq?

- Bu məsələ ilin sonuna kimi həll olunacaq. Çünki yeni baş məşqçi millinin fevral, yaxud mart ayı üçün təlim-məşq toplanışını planlaşdırmalıdır.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı