“İstərdim ki, Prosineçki qalsın” – Rahid
“Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Topaz Premyer Liqanın 8-ci turunda “İnter”ə qalib gəldikləri oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Qalibi mühakimə etməzlər. Oyununuz heç cür alınmırdı. Bu, nə ilə bağlı idi?
- Meydança elə vəziyyətdədir ki, oynamaq çox çətindir. Nə top saxlamaq olur, nə ötürmə vermək. Meydança çox bərbaddır. Ona görə də istədiyimiz kimi oynaya bilmədik.
- Amma istənilən halda yəqin ki, bu qələbə “Atletiko” ilə oyunöncəsi yaxşı motivasiya ola bilər...
- Əlbəttə. Qələbə qazanmağımız yaxşı oldu. Liderik, bunu qorumaq lazım idi. Bu səbəbdən də meydana qələbə üçün çıxmışdıq.
- Bu gedişlə 2-ci dövrənin sonuna kimi rəqiblərlə xal fərqini artıra bilərsiz. Düşünmürsən ki, belədə ciddi üstünlük yarana bilər?
- Ola bilər. Ancaq biz hər oyuna eyni motivasiya ilə çıxırıq. Əsas məqsədimiz hər oyunda 3 xal qazanmaqdır. Daha fikirləşmirik ki, kim xal itirər, kim itirməz. Bizə öz oyunumuz maraqlıdır.
- Qarşıda sizi “Atletiko” ilə oyun gözləyir. Bu barədə nə deyə bilərsən?
- “Atletiko” ÇL-də son 3 ildə 2 dəfə final oynayıb. Çətin oyun olacaq. Bu oyun həm də bizim üçüb yaxşı təcrübədir. Çalışacağıq ki, xalqımız üçün baxımlı oyun göstərək. Əlbəttə, nəticə də vacibdir. Əlimizdən gələni edəcəyik.
- Bəs sensasiyaya necə, inanırsızmı?
- Biz özümüzə inanırıq. Amma reallıq budur ki, “Atletiko” güclü komandadır. Meydana vaxt keçirmək üçün çıxmayacağıq. 3 xal üçün oynayacağıq.
- Millidə kapitan olmağın Robert Prosineçkiyə düşmədi. Azərbaycandan gedəcəyi gözlənilir. Necə düşünürsən, Prosineçki qalmalıdı, yoxsa getməli?
- Bu, AFFA-nın işidir. Onlar daha yaxşı bilərlər. Mən istəyərdim ki, Prosineçki qalsın, işinə davam eləsin. Yekun qərarı AFFA verəcək.
- Almaniya ilə oyunda himnimizi oxumamağına görə tənqidlər çox oldu. Himnimizi bilmirsən, yoxsa həyəcanla bağlı idi?
- Yox, həyəcan deməzdim. Həyəcan deyildi. Yəqin ki, hansısa epizod olub. Amma bu o demək deyil ki, himni bilmirəm. Kimin şübhəsi varsa, gəlsin, himni şəxsən onun üçün oxuyum.
- Oyundan sonra Prosineçki sizinlə vidalaşdı?
- Biz ölkəmizə qayıtdıq, o da sağollaşıb getdi Xorvatiyaya. Başqa cür vidalaşmadı. Ənənəvi sağollaşma idi. Dedi ki, Bakıya qayıdacağam.