Prosineçki millini yarıyolda qoydu!

Prosineçki millini yarıyolda qoydu!
GÜNDƏM 12 Oktyabr 2017 / 13:00 9215
-  A +

Başlıq çoxlarını aldada bilər. Ancaq yazıya bu cür başlıq seçməklə məqsədim oxucuları aldadıb, məqalənin oxunma sayını artırmaq deyil. Xorvatiyalı mütəxəssis sözün bir başqa mənasında Azərbaycan millisini yarıyolda qoydu. Necə?

Yadınızdadırsa, Prosineçki komandanın sükanı arxasındakı ilk ilində daha istəkli idi. Xələfi Berti Foqtsdan fərqli olaraq, təkcə millinin toplanışları zamanı Azərbaycana gəlmirdi. Biz onu Premyer Liqanın oyunlarında tez-tez tribunada görürdük. Klub məşqçiləri ilə görüşlər keçirir, fikir mübadiləsi aparır, yığmaya dəvət alan futbolçuların vəziyyətini dəyərləndirirdi. Yəni Prosineçki bizi yola vermirdi. Elə bunun nəticəsi kimi də yığmamız DÇ-2018-in seçmə mərhələsinə fırtına kimi başladı. İlk 3 oyunda məğlub olmayan və 7 xal toplayan komanda hamımızı ümidləndirmişdi. Artıq AFFA da məşhur "Niyə də yox" şüarı ilə yığmanı Rusiyada görməyin mümkünsüz olmadığını xalqımıza aşılamağa çalışırdı. Amma deyir, sən saydığını say, gör Prosineçki nə sayır.

Ölkəmizdəki uğurlu işi xorvatiyalını bir anda Avropanın ortabab klublarının diqqət mərkəzinə salmışdı. Artıq bəzi söz-söhbətlər, hətta real təkliflər də var idi. Prosineçki ilə ən yaxından maraqlanan isə "Bursaspor" klubu idi. Uğursuz keçən mövsümün ardından türk klubunun rəhbərliyi yeni məşqçi axtarışına çıxmışdı ki, onların arasında "bizimki" də var idi. Hər şey də bundan sonra baş verdi. Türk futboluna və mentalitetinə yaxından bələd olan Prosineçkinin qardaş ölkəyə qayıtmaq istəyi millimizin oyununa da təsirsiz ötüşmədi. İlk ilində çempionat oyunlarını diqqətdə saxlayan təcrübəli çalışdırıcı artıq başını transfer dedi-qodularına qoşmağa başladı. Hətta "Bursaspor" rəhbərliyi ilə görüşüb ilkin razılıq da əldə etdi. Amma AFFA bu gedişə icazə vermədi. Verə də bilməzdi. Çünki uzun fasilədən sonra ölkənin bir nömrəli yığmasına normal baş məşqçi tapmışdılar. Uğurlu oyunların və qazanılan xalların fonunda Prosineçkini buraxmaq ən azı ağılsızlıq olardı. Məhz bu səbəbdən federasiya xorvatiyalı mütəxəssisə "yox" dedi.

AFFA-dan istədiyi cavabı ala bilməyən Prosineçki milli komandadan bir az da soyudu. "Bursaspor"un təklifindən başı gicəllənən mütəxəssisi federasiyanın qərarı əməlli-başlı küsdürmüşdü. O, artıq işinə əvvəlki kimi can yandırmırdı. Milli komandaya klubunda oynayan hazır futbolçular əvəzinə lazımsız oyunçular dəvət etməyə başladı. Açıq-aydın görünürdü ki, Prosineçki də Foqtsun yolu ilə gedir. Onu çempionat oyunlarında da əvvəlki kimi çox görmürdük. Xorvatiyalının müqavilə müddətinin başa çatmasını səbrsizliklə gözlədiyini anlamaq elə də çətin deyildi. Məhz bu mənada Prosineçki komandanı yarıyolda qoydu. Artıq milli də əvvəlki formasından uzaq idi. Keyfiyyətli oyun sərgilmək və uduzmamaq arzusu ümidsizliklə əvəz olunmuşdu. Prosineçki bir ildə formalaşdırdığı ruhu ikinci ildə məhv elədi. Ardıcıl məğlubiyyətlər komandamızı ikinci pillədən son sıralara yuvarladı. Qazanılan xallar baxımından milli özünəməxsus rekordu yeniləsə də, nəticə baxımından yerində saydı. Sözsüz ki, Prosineçkinin sayəsində.

Təsadüfi deyil ki, seçmə mərhələ bitər-bitməz xorvatiyalı artıq Azərbaycanda qalmayacağını dilə gətirib. Hələ heç AFFA rəhbərliyi ilə danışıqlar masasına əyləşməmiş. Elə bu amil də Prosineçkinin çoxdan getmək istəməsinin bariz göstəricisidi.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"